Bayram namazı nə vaxt qılınacaq? - YENİLƏNİB
6 Avqust 2013 13:25
Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Rəsədxanasının ayın təzələnmə vaxtı ilə bağlı açıqlamasına etiraz edib
13:25
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ayın təzələnmə vaxtı ilə bağlı açıqlamasına etiraz edir.
QMİ sədrinin müavini Hacı Fuad Nurullah APA-ya açıqlamasında bildirib ki, bu məlumat dəqiq deyil, təqribən ola bilər.
Bunun ancaq QMİ-nin yaydığı cədvələ əsasən göstərilən bayram günündən bir gün əvvəl, yəni sabah bilinəcəyini deyən H.F. Nurullah qeyd edib ki, rəsədxananın açıqladığı kimi, avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də ayın yenilənəcəyi barədə QMİ-də məlumat yoxdur: "Bunu ancaq Allah bilər. Əgər Allah ayı yeniləməyibsə, bu insanlar əvvəldən bunu necə görə bilərlər? Necə təqribən deməyə bilər? Onlar əllərində olan riyazi hesabla ancaq ölçüb-biçib rəsədxana kimi təqribən deyə bilərlər, bunu da bizimlə birgə ancaq deyə bilərlər".
QMİ rəsmisi bununla bağlı öz nəzəriyyələrini də açıqlayıb: "Qanunauyğunluq odur ki, biz üfqə uyğun olaraq ayın yenilənməsini bir gün əvvəl, yəni sabah axşam biləcəyik. Bayrama bir gün qalmış ayın yenilənməsi sezilir".
Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək. Onun sözlərinə görə, yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq: "Yeni ayı insanlar avqustun 9-dan nisbətən, 10-da isə tam görə biləcəklər".
Qeyd edək ki, QMİ-nin Ramazan ayı münasibətilə açıqladığı təqvimə əsasən, avqustun 8-i Ramazan ayının son günüdür.
----------
11:06
Bakıda Bayram namazı Təzəpir məscidində qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, bayram namazının qılınması üçün şəriətə görə, ayın görünməsi vacibdir. Namaz ayın Azərbaycan ərazisində görünməsindən asılı olaraq avqustun 8-i və ya 9-da olacaq. Namaz səhər saat 09:00-da Təzəpir məscidində qılınacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb. Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək.
Yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq.
Qeyd edək ki, Ramazan bayramı avqust ayının 8-9-na təsadüf edir.
Milli.Az