Bu il Lənkəranda 2890 uşağın birinci sinifə gedəcəyi gözlənilir
2 Avqust 2013 20:58
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Təhsil Nazırliyinin bu yaxınlarda mətbuata verdiyi açılamaya əsasən, sentyabrın 15-də başlayacaq yeni dərs ilində birinci sinif şagirdlərinin sayı artıb. Açıqlamada qeyd olunub ki, 2013-2014-cü tədris illərində ölkə üzrə 130 min 454 şagirdin birinci sinifə gedəcəyi gözlənilir.
Təhsil nazirinin əmri ilə təsdiq edilmiş qaydalara əsasən, hər il sentyabrın 15-nə qədər əqli və fiziki cəhətdən sağlam olan 6 yaşlı uşaqlar ümumtəhsil məktəblərinə qəbul edilirlər. Paytaxt məktəblərində birincilərin sayı 36,102 minə qədər artıb. 2011-2012-ci tədris ilində birinci sinif şagirdlərinin sayı 125,408 min, 2010-2011-ci tədris ilində 120,032 min təşkil edib.
Lənkəran Rayon Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırovdan aldığımız məlumata görə, bu il Lənkəranda 2890 uşağın birinci siniflərə qəbulu gözlənilir. Müsahibimiz bildirdi ki, son 2-3 ildə məktəbə gedən uşaqların qəbul sayının artması müşahidə olunur. Onun sözlərinə görə, 2-3 il bundan əvvəl 1-ci sinifə gedən şagirdlərin sayı olduqca az idi. Amma 2011-ci ildən etibarən bu rəqəm getdikcə yüksəlməyə başladı. Müsahibimiz, həmçinin birinci sininflərin daha çox hansı dildə dərs almaları məsələsinə də toxundu.
Güloğlan Bağırov bildirdi ki, əvvəlki illərə nisbətən Lənkəranda uşaqların rus bölməsində təhsil almaları azalıb. Bu gün hər bir şagirdin doğma dilimizdə, bütün növ imkanlardan istifadə etməklə, təhsil almaq hüququnun olduğunu deyən təhsil rəsmisi əlavə etdi ki, rus dilində təhsil almaq arzusu olan şagirdlər Lənkəranda şəhər 4 və 7 saylı orta ümumtəhsil məktəblərində, o cümlədən Vel, Parakənd və Nərimanabad qəsəbə məktəblərində rus dilində təhsil ala bilərlər. Məlumat üçün bildirək ki, hazırda Lənkəranda 89 ümutəhsil məktəbi var ki, bunun da 72-ni tam orta, 14-nü ümumi orta, 3-nü isə ibtidai təhsilli məktəblər təşkil edir.
Milli.Az