Gəncənin Nizami prospektində işlər bu ilin sentyabr ayında yekunlaşacaq
2 Avqust 2013 20:53
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin ən böyük prospektlərindən biri olan Nizami prospektində aparılan abadlıq-quruculuq işləri sürətləndirilib. Şəhərin milli arxitektur görünüşünə rəng qatacaq prospektdə binalar tarixi və qədimi atributlarla işlənib.
Artıq bir ildən çoxdur ki, Gəncənin Nizami prospektində yenidənqurma və tikinti işləri davam edir. Burada avtomobil yolu genişləndirilərək 22 metrə çatdırılıb. Su, kanalizasiya, rabitə, elektrik və digər kommunikasiya xətləri yenilənərək yeraltına salınıb. Prospektdə mövcud olan 100-ə qədər fərdi həyət evlərinin hasarları milli arxitekur elementlərlə bəzədilib. Binaların fasadları Gəncə memarlığı üçün xarakterik olan qırmızı kərpiclə üzlənib. Sakinlərə ticarət xidməti göstərmək üçün şərait yaradılıb. Mənzillərin darvaza-qapıları qədimi üslubda ağac materialdan hazırlanıb. Uzunluğu 20 kilometrə yaxın olan Nizami prospeki şəhərin ən böyük yollarından biridir. Artıq yolun asfaltlanması işlərinə başlanılması üçün hazırlıq işləri görülür.
Prospektin 3 kilometr hissəsi müasir tələblər səviyyəsində asfaltlanacaq, səkilər qaydaya salınacaq. Bununla paralel olaraq prospektin gecə işıqlandırması da yenilənib. Öz qədimliyini saxlamaqla müasirləşən Nizami prospekti sentyabr ayında sakinlərə və şəhərin qonaqlarına yeni görkəmdə təqdim olunacaq.
Milli.Az