60 yaşlı Zemfira xala: "Nə vaxtsa dəmir, mis alıb-satacağımı ağlıma belə gətirməzdim"
"Dəmir alıram, dəmir... Alüminium, mis alıram" deyə qışqıran qadının səsi həyəti bürümüşdü. Hamı pəncərədən boylanıb, qadının nə yığdığını görmək istəyirdi.
Zemfira xalanın 60 yaşı var. Dediyinə görə, artıq 7-8 ildir ki, Bakının kənd və qəsəbələrində küçə-küçə gəzib, dəmir, mis, alüminium yığıb özünü dolandırır. "Yatıb nə vaxtsa dəmir sataraq ailəmi dolandıracağımı heç yuxumda da görməzdim. Amma ehtiyac məni bu işə vadar etdi" deyir Zemfira xala.
Əvvəl adının yazılmamasını istəyir. Sonra isə "yazsanız da heç olmasa familiyamı yazmayın" deyir. İstəmir ki, onu tanımayanlar da tanısın. Həmsöhbətimizin dediyinə görə, uşaqları onun bu işindən utanırlar. "Amma neynəyim? Onların boğazından halal tikə keçirməyə borcluyam".
""İllərdi dəmir alıram, köhnə samovar, çaynik, qaşıq, bıçaq alıram" deyə qışqırıram. Elə məhlələr var ki, onların öz alıcıları var. Bu işə təzə-təzə başlayanda bunu bilmirdim, amma qısa müddətdə öyrəndim. Hər işin qaydaları olduğu kimi, bu işin də qaydaları varmış".
Zemfira xala deyir ki, aldığı dəmiri, misi, alüminiumu "metallom"a satır. Elə də çox qazanmır, amma buna da şükür edir: "Əvvəl Bərdədə yaşayırdıq, onda oğlumun həvəsi vardı, evdən alüminium əşyaları aparıb təhvil verir, pul alırdı. Alüminium qaşıqlarım, qazanlarım bir-bir evdən azalırdı. Onda heç ağlıma da gəlmirdi ki, bir gün mən özüm də bu işlə məşğul olacam".
İşindən utandığını deyir ağbirçək qadın. "Gündə ən az 10-15 manat qazanıram. Bəzən səsimdən əsəbiləşib pəncərədən qışqırıb, acılayanlar da olur" deyən Zemfira xala bunun da çarəsini tapıb. Belə ki, onun sözlərinə görə, son zamanlar qışqırmamaq üçün qapıları döyüb dəmir aldığını deyir. Amma bu zamanda az təzyiqlə üzləşmir. "Məcburam. Başqa çarəm yoxdur".
Müsahibimizin dediyinə görə, bu işin də halal-haramı var. "Hər alverdə az da olsa harama yol vermək mümkündürsə, elə bu işdə olanda da olur".
Onun sözlərinə görə, hətta elə dəmir alıcıları var ki, onlar verdikləri pulu sonradan o qədər endirirlər ki, əşya sahibləri həmin pulu almaqdan belə utanırlar: "Yüngül dəmir, mis əşyalarının pulları verilir, lakin ağır dəmirlər olanda pul məsələsi əşya maşına yükləndikdən sonra müzakirə olunur. Qiymət o qədər endirilir ki, həm satıcı, həm alıcı dilxor olur. Qadın xeylağıyam, utanıram belə sözlərə girişməkdən. Mən onlara dəmir kimi baxmıram, çörək kimi baxıram".
Deyir ki, xüsusən alüminium qaşıqlar ona uşaqlığını xatırladır. "Uşaq olanda heç birimiz alüminium qaşıqlarda yemək yemirdik. O qaşıqların çox çirkin görkəmi olurdu. Bu gün ən çox alüminium və mis versinlər deyə dua edirəm. Bir vaxtlar iyrəndiyim materialdan indi çörək qazanıram".
Evində, həyətində alüminium, dəmir olanlar da Zemfira xalanın gəlişini gözləyirdi. Biz də onunla bir həyətə giririk. Ev sahibi həyətin bir küncünə yığılmış dəmirləri qadına göstərir. Zemfira xala adəti üzrə dəmirlərə baxıb, çəkmədən qiymət deyir. "Hamısına 10 manat verəcəyəm". Ev sahibi çarəsizlikdən razılaşır.
Zemfira xalanın sözlərinə görə, dəmirlərin xüsusi alıcıları olur. Yəni onlar aldıqları malı 2 qat bahasına sata bilirlər. "Bir dəfə mənə təxminən 30 kiloluq iri bir qazan satmışdılar. Alüminium idi. Mən o qazana 10 manat vermişdim, 20 manat qazandım".
Həmsöhbətimiz sözünü bitirib bizdən ayrılır. Bir qədər uzaqlaşandan sonra yenə "Dəmir alıram, dəmir..." deyə qışqırmağa başlayır...