"AXCP də öz namizədi ilə seçki hazırlıqlarına başlayıb"

2 Avqust 2013 17:50
Elşən Musayev: "Tiflisdəki təkbətək görüşündən sonra İsa Qəmbərin simasında qəribə bir təbəssüm vardı"
"Milli Şurada baş verən proseslərdən baş açmaq olmur, qurumu təmsil edən qüvvələrin strategiyası da bəlli deyil. Tiflis görüşü müxalifətin əsl mahiyyətini ortaya qoydu. Lakin Tiflis fiaskosundan sonra müxalifətin seçkiləri boykot edəcəyi o qədər də inandırıcı deyil. Çünki Müsavat Partiyası proseslərin ilk mərhələsində seçkilərə gedəcəyini bildirdi. Məhz partiya İsa Qəmbəri ehtiyat namizəd statusunda saxlayır". Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Olaylar"a açıqlamasında belə deyib.

E.Musayevin sözlərinə görə, müxalifət liderlərinin də Tiflisə getməkdə əsas məqsədləri həmin mesajı Rüstəm İbrahimbəyova çatdırmaq idi ki, o, gəlsə də, gəlməsə də müxalifət seçkilərə gedəcək. İbrahimbəyov isə Azərbaycana gəlməyəcək. Sədr qeyd etdi ki, 74 yaşlı rejissorun namizədliyinin qeydə alınması məsələsi qarşısında 4 konstutision əngəl var. Müxalifət liderləri, bəlkə də, bilərəkdən, bəlkə də bilməyərəkdən özlərini pis vəziyyətə salıblar:

"Onun "Azadlıq radiosu"na müsahibəsində belə bir fikir səsləndirildi ki, İbrahimbəyov ölkəyə qayıtmalı idi. Konkret olaraq bu fikirlər İbrahimbəyovun qorxaq olduğunu bir daha sübut etdi. Bütün bu problemlər Milli Şurada ciddi parçalanmanın əsasını qoydu. Böyük ehtimalla Milli Şuradan, ilk olaraq, Rəsul Quliyev və İsa Qəmbər çıxacaq. Onlar da ayrı-ayrı fərdlər kimi seçkilərə gedəcəklər. Çünki R.Quliyev və İ.Qəmbər İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağını çox yaxşı bilirlər. Məsələdə ən inandırıcı ehtimal Rüstəm İbrahimbəyovun mətbuat konfransı keçirərək İsa Qəmbərin namizədliyini irəli sürməsi ola bilər. Çünki rejissor və başqanın Tiflisdəki təkbətək görüşündən sonra İsa Qəmbərin simasında qəribə bir təbəssüm vardı. Böyük ehtimalla həmin görüşdə İbrahimbəyov başqana vəd verib.

Ümumilikdə isə müxalifətin seçkiləri boykot edəcəyini düşünmürəm, amma Milli Şura bu qərara gedəcək. İsa Qəmbər bu dəfə siyasi ambisiyasını Milli Şuranın qərarlarına güdaza verməyəcək. AXCP sədri Əli Kərimlinin də namizədliyini irəli sürməsi inandırıcıdır. Artıq "Azadlıq" qəzeti Milli Şuranın yox, AXCP-ın təbliğatına yer ayırıb. Xalq Cəbhəsi rayonlarda təşkilatlanmağa başlayıb və bu istiqamətdə keçirilən müşavirələrinin sayını artırıb. Bu isə o deməkdir ki, AXCP seçkilərə hazırlaşır".

Milli.Az