Şou əhli: onlar əsəbləşəndə hisslərini necə cilovlayırlar?
2 Avqust 2013 17:27
Şou-biznesin tanınmış simalarını hər zaman oxuyan, deyib-gülən görməyə alışmışıq
Amma onların da özündən çıxdığı məqamlar olur. Bəs, görəsən, tanınmış simaları nə əsəbləşdirir? Onlar əsəbləşəndə nə edirlər?
Axşam.az onlar arasında sorğu apararaq şou əhlinin əsəbini nədən çıxdığını öyrənib. Milli.Az Axşam.az-a istinadən sorğunun nəticələrini təqdim edir.
Əməkdar artist Vəfa Zeynalova:
"Adi bir hadisəyə belə, tez əsəbləşirəm. Əsəbləşəndə isə acığımı yeməkdən çıxıram. Bir dəfə telefonla danışıram, bərk əsəbləşmişəm. Özümdən xəbərsiz masanın üstündəki 3 kiloqramdan çox meyvəni yemişdim. Halım pisləşmişdi".
Müğənni Elçin Cəfərov:
"Çox əsəbiyəm, hirslənəndə üstümə təcili yardım gəlir. Hörmətsizlik görəndə heç nə gözümə görünmür, aləmi dağıdıram. Qışqıra-qışqıra mahnı oxuyub, hirsimi soyuduram".
Rəqqasə Oksana:
"Məni tıxaclar əsəbləşdirir. Hirslənəndə qışqırıb, deyinirəm. Həmin an yaxşı olar ki, qarşımdakı mənə cavab qaytarmasın, yoxsa onu boğub öldürərəm".
Müğənni İradə İbrahimova:
"Nadir hallarda əsəbləşirəm. Amma çox pis hala düşürəm. Nəyisə çırpıb sındırmasan sakitləşmərəm. Bir dəfə mobil telefonumu sındırmışdım".
Aktyor Fərda Xudaverdiyev:
"Haqsızlıq, ikiüzlülük görəndə özümdən çıxıram. Əsəbləşəndə ətrafımda nə varsa, vurub sındırıram. Yol gedəndə əsəbləşdimsə, sükanı yumruqlamaqdan sındırıram. Gərək həmin an qaranlıq bir məkana gedim ki, sakitləşim".
Müğənni Çingiz Mustafayev:
"Əsəbləşəndə özümdən qorxuram, heç kimi, heç nəyi gözüm görmür. Özümü idarə edə bilmirəm. Həmin an divarı yumruqlamağa başlayıram. Maşın sürən vaxt əsəbləşdimsə, əyləci basır, sürəti artırıram. Nə yaxşı ki, Allah məni qoruyur. Əsəbləşdiyim insana söyməsəm, qışqırmasam sakitləşmərəm".
Əməkdar artist Abbas Bağırov:
"Kiməsə nəsə deyəndə məni başa düşmürsə əsəbləşirəm. Hirsimi içimdə boğuram, bu da səhhətimə ziyan gətirir. Bu halda sakit bir məkana gedib, düşünürəm. Beləcə itirdiyim enerjini bərpa edirəm".