Şirvanda yaşayış və ərazi icra nümayəndiliyinin inzibati binaları istifadəyə verildi
2 Avqust 2013 17:35
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, 2010-cu ilin Kür daşqınlarının Şirvan şəhərinə vurduğu ziyan aradan qaldırılır. Belə ki, şəhərin Bayramlı qəsəbəsində yeni 12 mənzilli yaşayış binası və əsaslı təmirdən sonra ərazi icra nümayəndiliyinin inzibati binaları istifadəyə verilib.
2010-cu ilin Kür daşqınları zamanı Şirvan şəhərinin Bayramlı qəsəbəsi daha çox ziyan çəkdi. Dövlət başçısının tapşırığına əsasən, qəsəbənin sosial obyektləri yenidən qurulub və əhaliyə dəyən ziyan ödənilib. Qəsəbəyə gedən 9 km uzunuluğu olan yol yenidən əsaslı şəkildə təmir edilib. Qəsəbədaxili yollar da asfatlaşdırılıb. Bundan əlavə qəsəbədə 480 şagird yerlik yeni məktəb binası istifadəyə verilib və 148 nəfər fərdi vətəndaşa kompensasiya ödənilib.
Ərazi icra nümayəndəliyinin inzibati binası da əsaslı təmir edilib. 10 mənzil inşa edilərək, sakinlərin istifadəsinə verilib. Qəsəbədə, həmçinin qəzalı vəziyyətdə olan binanın yerində yeni 12 mənzilli yaşayış binası da inşa edilib. Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov qəsəbə sakinlərinə göz aydınlığı verib bildirdi ki, 8 mənzili 2, 4 mənzili isə 3 otaqdan ibarət olan bina dövlət başçısının göstərişi əsasında inşa edilib. Həmçinin bina dayanıqlı enerji, içməli su ilə təmin edilib. Bütün otaqlarda zəruri şərait yaradılıb. Otaqlar ən son məişət avadanlıqları ilə təmin edilib.
Çıxış edən qəsəbə sakinləri də, öz növbəsində, yeni mənzillə təmin olunduqlarına görə dövlət başçısı İlham Əliyev cənablarına minnətdarlıq ediblər. Mənzillərə baxış keçirildikdən sonra, qəsəbə ərazi icra nümayəndəliyinin əsaslı təmiri ilə də tanışlıq olub. İnzibati bina, o cümlədən yaxın ərazidə yerləşən klub və kitabxana da əsaslı təmir edilib.
Milli.Az