"Mən Elza Seyidcahan-zad tanımıram"

2 Avqust 2013 17:17
Əməkdar artist Elza Seyidcahanla bir çox musiqilərin söz müəllifi olan Dəmir Gədəbəyli arasında qalmaqal yaşanıb
Publika.Az-ın məlumatına görə, qalmaqala səbəb "Sən yadıma düşəndə" adlı mahnı olub. Dəmir Gədəbəylinin dediyinə görə, Elza Seyidcahan sözləri ona, musiqisi isə Elza İbrahimovaya məxsus olan "Sən yadıma düşəndə" adlı mahnını öz adına çıxıb.

"Mən bir Elza tanıyıram, o da xanım-xatın, gözəl musiqilər müəllifi Elza İbrahimovadır. Mən Seyidcahan-zad tanımıram. Eşitdiyimə görə, konsertlərin birində elan edib ki, "Sən yadıma düşəndə" adlı mahnının müəllifi özüdür. Bu biabırçılıqdır. Mən bu işi belə qoymayacağam. Necə yəni, sənindir? Bu oğurluqdur".

Məsələyə münasibət öyrənmək üçün Elza Seyidcahanla əlaqə saxladıq. Xarakterinə uyğun olaraq emosional şəkildə sualımızı cavablandıran sənətçi Dəmir Gədəbəylinin ünvanına qəzəbləndi...

"Necə yəni o, məni tanımır? Məni - əməkdar artist Elza Seyidcahanı tanımayan adam yoxdur. Açsın televizoru baxsın. Mən də Dəmir-zad tanımıram. Soyadını Gədəbəyli qoyub, məni tanımır. Bütün gədəbəylilər məni çox yaxşı tanıyır və sevir. İkincisinə qalanda, mən heç vaxt oğurluq mahnı oxumaram. Əvvələn mən öz musiqilərimi oxuyuram. Sadəcə, bir tədbirdə Elmira Rəhimovanın repertuarından olan "Sevgilim" adlı mahnını oxudum. Onda da dedim ki, bu mahnı Elmira Rəhimovanın repertuarındandır. Həmin musiqinin müəllifi Elza İbrahimovadır".

Bununla da ürəyi soyumayan Seyidcahan Dəmir Gədəbəylini məhkəmə ilə hədələdi:

"Səni məhkəməyə verərəm ha! Məni şərləmə!"

Milli.Az