SkyDrive-ın adı dəyişəcək

2 Avqust 2013 22:13
Microsoft korporasiyası Britaniyanın British Sky Broadcasting Group televiziya şirkəti ilə mübahisəni yoluna qoymaq üçün ona məxsus SkyDrive fayl saxlancının adını dəyişdirməyə razılaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iki şirkət arasında bağlanmış sazişə əsasən, Microsoft korporasiyasına yeni brendə keçid üçün vaxt verilib və Amerika şirkəti bu müddət ərzində SkyDrive adından istifadə edə bilər.

Stiv Balmerin şirkəti, həmçinin iyun ayında Britaniya məhkəməsi tərəfindən çıxarılmış qərarla bağlı Apelyasiya Məhkəməsinə şikayət verməyəcəyinə dair söz verib. O zaman məhkəmə Microsoft şirkətini BSkyB-in hüquqlarını pozmaqda təqsirləndirib.

Microsoft və BSkyB şirkətləri sazişin başqa, həmçinin maliyyə şərtlərini açıqlamayıblar. SkyDrive-in yerinə hansı ad Stiv Balmera şirkəti öz xidmətinə verəcək, hələlik məlum deyil.

BSkyB Böyük Britaniyanın ən böyük peyk televiziyası operatorudur.

SkyDrive xidməti 2007-ci ildən fəaliyyət göstərir; o, istifadəçilərə fayllarını bulud xidmətində saxlamaq imkanını təklif edir.

Milli.Az