Bakı: nə cərimə verin, nə də həyatınızı təhlükəyə atın

2 Avqust 2013 16:52
Piyadalar nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini təxmini müəyyənləşdirdikdən və yolu keçməyin təhlükəsiz olduğuna əmin olduqdan sonra yola çıxmalıdırlar.

Hər gün qəza, hər gün ölüm xəbəri. Sürücülərin və piyadaların ölümü ilə nəticələnən bu cür dəhşətli xəbərləri gün ərzində bir neçə dəfə alırıq. Məsələn, ötən gün ilk belə xəbər Abşeron rayonunun Zirə qəsəbəsindən gəldi. Belə ki, qəsəbə sakini Mehman Bədəlov idarə etdiyi "KamAZ-5320" markalı avtomobillə yolu keçən Rövşən Ələsgərovu vurub. Ağır xəsarət almış piyada hadisə yerindəcə keçinib. Bir az sonra isə paytaxtın Nərimanov rayonunda Zaur Eyvazov adlı sürücünün piyadanın ölümü ilə nəticələnən qəza törətdiyi xəbəri gəldi. Belə ki, rayonun Təbriz küçəsində paytaxt sakini Zaur Eyvazovun "Mercedes" markalı avtomobillə Şamaxı rayon sakini Abuhəyat Şirinovanı vurması da ölümlə nəticələnib. Piyada xəsarətlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bir çox hallarda belə qəzalar baş verən zaman sürücüləri günahlandırırıq. Amma bu da bir reallıqdır ki, bizim cəmiyyətdə hələ piyada mədəniyyəti formalaşmayıb. Vəziyyət həm sürücü, həm də piyada münasibətləri baxımından acınacaqlıdır. Məsələn, bir tərəfdə piyada zolağından keçməyə çalışan vətəndaşlara sürücülər yol vermirlərsə, başqa bir tərəfdə piyadalar yolu düzgün keçmirlər. Ən qəribəsi də odur ki, külli miqdarda pul xərclənib, piyada keçidləri tikilir, amma onlardan istifadə edənlərin sayı azdır.

Avtobus gözləyən sərnişinlərin də yolun ortasında durmaları qəzalarla nəticələnə bilir.

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi Vaqif Əsədov deyir ki, bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 71 min piyada Bakı Şəhər Yol Polisi əməkdaşları tərəfindən cərimələnib. Məsuliyyətə cəlb edilən həmin piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. V. Əsədovun dediyinə görə, məsuliyyətə cəlb edilən piyadaların əksəriyyətinin yaşı 20-50 arasında dəyişir.

Bölmə rəisi deyir ki, piyadaların yolu düzgün yerdən keçməmələri bir çox hallarda onların ya ağır bədən xəsarətləri alması, ya da ölümləri ilə nəticələnir. O, piyadaları yol hərəkəti qaydalarını pozmamağa və intizamlı olmağa çağırıb: "Piyadalar yol qəzalarında dünyalarını dəyişənlərdən nəticə çıxarmalıdırlar. Ani bir tələskənlik bəzən çox böyük faciələrlə nəticələnir. Hər kəs bilməlidir ki, yolu təyin olunmuş yerdən keçmək lazımdır. Bu məsələdə sürücülər də diqqətli olmalıdırlar. Onlar bir-birilərini nə qədər çox anlasalar, ölümlərin sayı da bir o qədər azalar".

Qeyd edək ki, yerli qanunvericiliyə əsasən, piyadalar səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidirlər. Dəmir yolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər. Eyni zamanda piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

"Zaman Azərbaycan"