Sazdakı nəsihətimı unutma, oğul!

2 Avqust 2013 17:15
Qardaş, xəyalımı soraqlasan sən, Vətəndə hər cansız, hər canlıda gəz. Ancaq ürəyimi tapmaq istəsən, Başqa yerə getmə, Mərcanlıda gəz.

Hər şey əvvəlcə aydın eşidilirdi. Heç bir xışıltı, uğultu yox idi. Elə bil hadisələr gözümün qabağında baş verirdi. Cismən görmədiyim varlığın sanki layla çaldığı uşaq kimi sinəsinə sıxıb dilləndirdiyi sazın tellərindən qopan və səmtini müəyyənləşdirməkdə məni ilğımtək aldadan yanıqlı səsin təkcə təsirinə yox, həm də dalınca düşmüşdüm.

Getdikcə uzaqlaşan səsin ahəngi gah aşağıya - pəsə enir, gah da yuxarıya - zilə qalxırdı. Hansı hava idi, dəqiq kəsdirə bilmirdim. Daha çox "Ruhani"nin xallarına oxşayırdı. Özümdən asılı deyildi, dağınıq düşüncələr içərisində çaşıb qalmışdım. Haradayam, buraya necə gəlib düşmüşəm? Ətrafda heç bir ins-cins görünmür. Bəs, bu səs niyə kəsildi? Yoxsa...

"Gəl, gəl, hələ gediləsi nə qədər yol var"- sədasını eşidirəm. Və o davam edir: - "Məgər buraları görmək arzusu deyildimi məqsədin? Nə tez unutmusan, yadırğamısan yurdunu? Darıxma, istəyinə yetişəcəksən. Getdiyimiz bu yol ürəyindən keçən məkana doğrudur. Hələ bir bəriyə bax!"- səs gələn tərəfə dönürəm. Düzənlik boyunca uzanan yaşıllıqdakı rəngbərəng çiçəklər xalıya toxunmuş ilmələrə bənzəyir.

Onların arasında məhzunluq, solğunluq rəmzi sayılan sarı çalarlı topa naxışların çoxluğu nəzərimdən yayınmır. Qəribə hisslər keçirirəm. Düşüncəmdə fikirlər sıralanır: - İntizardan torpağın da ürəyi qubar bağlayar, gözünün kökü saralarmış. Gül-çiçəklər dərilmədən də təravətini itirə, küskünlüyünu rənglərinə verə bilərmiş. Şair eloğlumun tanış misraları yadıma düşür:

Bir vaxt bu yerlərə bir qız gələrdi,

Qəfil bəzənərdi al biçənəklər.

İndisə bu yerdə susun...dinməyin,

Pıçıltı-pıçıltı açır çiçəklər.

İlahi, doğrudanmı buraya qadasız-bəlasız gəlib çatmışam? Məni təəccüb hissləri çulğayır, gördüklərimə inanmağım gəlmir. Bax, indi Aralıq dərəsinin sol tirəsi ilə üzü yuxarı qalxıram. Yovşan rayihəli saf havadandımı, yoxsa neçə illərdi üzünə həsrət qaldığım, ürəyimdə niskilini yaşatdığım yerləri görməyimin sevincindəndimi bilmirəm, nə tövşüməyim var, nə də təngnəfəsliyim.

Yeniyetməliyimin, cavanlığımın romantik xatirələri səpələnmiş bu yovşanlı, daşlı-çınqıllı yamacların, dərələrin, təpələrin, yalların - irəmələrin görkəmi də musiqi səsinin xalları kimi dəyişir. Orda-burda ağacvari kolluqlar, sarımtıl, bozqır sahələr gözə dəyir. Bu da zirvə...Bir anlıq cənuba doğru boylanıram. Uzaqda vadi boyunca uzanıb gedən Arazın əyri qılınca oxşayan gümüşü rəngli görünüşü məni riqqətə gətirir. Bu çayın suyu həmişə bulanıq olur. Amma gör bir necə bərq vurur?

Bəzən ona Xan Araz deyirik: bəlkə bu, bir vaxtlar məmləkətimizi xanlıqlara parçalayanların əməllərinin rəmzi kimi xatırladılması ilə bağlıdır? Lap uzaqda Savalan dağı ucalır. Ancaq qəribədir, oradan xeyli bəridə olan kəndimizin ərazisi zülmət qaranlıq çökmüş uzun tala sahəsini xatırladır. Gözlərimlə nə qədər axtarsam da, heç bir şey görünmür. Çaxırlı, Mehdili, Cocuq Mərcanlı tərəfə boylanmağım da özümə qalır. Bir az qərbə tərəf gedib Düz obaya baxmaq istəyirəm. Qaibanə səs məni qeyri-ixtiyari geri qaytarır: - Ziyarətə tərəf yolun bu yanadır - deyir. Özümdən asılı deyil, səs məni ahənrüba kimi, əks səmtə çəkib aparır.

Baxışlarım yenə üfüqə zillənir. Ziyarət dağı başına elə bil ağappaq çalma bağlayıb ...Yaxın ərazilərdə sağıma-soluma nəzər yetirsəm də, Quycaq, Şəybəy, Nüzgar kəndlərindən nəsə görə bilmirəm... Amma gedirəm, özü də dayanmadan. Və birdən... qulağıma zəif su şırıltısı dəyir. Bu ki, Söyüdlü bulağıdır?! Bəs, onun suyu niyə gah azalır, gah da artır? Bəlkə uzun müddət ayrı düşdüyü doğmalarından biri ilə gözlənilməz görüş onu qəhərləndirir, özünü saxlaya bilməyib hönkürür?

Bu yerlərdə qoyun otardığım günlərdə onun üstündə süfrə açdığım, suyundan içdiyim, gələcəyimlə bağlı xoş xəyallara daldığım hallar az olmayıb, axı. Təkcə bu olsaydı, nə vardı ki? İndiki ovqatımda o xatirələrin beşi üçə dönüb, üçü isə heçə. Amma... birini unutmamışam. Yayın qorabişirən günlərində suyu adama sərin, qışın sərt sazağında isə ilıq gələn bu bulaq cavanlığımın romantik düşüncələrinin təsiri ilə aşağıdakı misraları cib dəftərçəmə köçürdüyümün də şahididir:

Gəncliyin qəribə bir aləmi var,

Bilmirəm deyilib, deyilməyibdir?!

Bir qız baxışında əyilən vüqar,

Topların önündə əyilməyibdir.

...Cismimdə nə isə bir dəyişiklik, yüngüllük hiss edirəm. Bayaqdan bəri fərqinə vara bilmədiyim bir gerçəklik özünü büruzə verməyə başlayır. Məni arxasınca qeyri-ixtiyari çəkib aparan cazibə qüvvəsinin parlaq bir nur topası olduğunu indi açıq-aydın görürəm. Bu nə sirdir?

Necə olub ki, onu buraya qədər yol boyu görə bilməmişəm?! Təəccüblənməyim çox çəkmir: - "Su aydınlıqdır"- deyiblər, axı! Ayrı vaxt olsaydı, bəlkə də üşənərdim. Ancaq ovqatımda belə şeylərdən qətiyyən əsər-əlamət yoxdur. Heç nə olmayıbmış kimi yenə onun - nur topasının arxasınca gedirəm. Yolumda isə nə daş var, nə də çınqıl. Azacıq mailliyi olan düzənlik sahə sağımda əks səmtə doğru uzanıb gedən və çox da dərin olmayan dərədə qarşı tərəfdəki yamacın ətəyi ilə qovuşur. Nur topasından gözümü çəkmirəm.

Bir az getdikdən sonra onun görünüşünün dəyişməsi ilə eyni vaxtda içimdən cərəyan kimi keçən gizilti məni sustaldır. Taqətdən düşdüyümü sanki indi hiss etməyə başlayıram... Və bu vaxt gözümün önündə tamam yeni bir mənzərə açılır. Qarşımda eynilə kəndimizin yerləşdiyi ərazidə bayaq müşahidə etdiyimə bənzər zülmət qaranlıq çökmüş dairəvi tala görünür. İrəli getmək istəyirəm. Ancaq hansısa bir qüvvə hərəkət etməyimə imkan vermir, yerimdə heykəl kimi donub qalmışam.

Nur topası da gözə dəymir. Çox keçmir ki, qaranlıqdan qəflətən bir səda ucalır. O, çaşıb qaldığımı sanki duyubmuş kimi yenə, yenə təkrar olunur. ...Və mənə munis, doğma olan bu səs bütün vücuduma sarılır. Anamın səsidi. Onun dediyi sözləri dinləyirəm: - Bizdən ötrü darıxmısan, ay bala?! Başına dönüm, ay oğul, bəri gəlmə! Buraya gəlməyə niyə tələsirsən?! O, sənlik deyil, axı, qadan canıma! Məsləhət qurban olduğum Allahındı! Onu da bil ki, buraya ibadətsiz gəlmək sənə yaraşmaz.

Qayıt geri, ay ata payım! Qayıt, qayıt balalarının yanına, ay sonbeşiyim! Bax, burada - Sazda etdiyim nəsihəti də unutma, yaxşımı, ay oğul! ... Səs kəsilir. İndi bir şey mənə tam aydındır: qarşımdakı qaranlıq dairəvi talanın ərazisi kəndimizin qəbiristanlığıdır. Orada heç nə görməsəm də, özümü saxlaya bilmirəm. Yüyürüb əzizlərimin - atamın, anamın, qardaşımın, neçə illərdir ki, ziyarət edə bilmədiyim məzarlarını tapmaq, onların üstünə sərilib ürəyimi boşaltmaq istəyirəm.

Amma yox ki, yox! Mümkün deyil, elə bil kimsə ayaqlarımı buxovlayıb, mənə hökm edir: - İrəli bir addım da olmaz, vəssalam! İsrar etməyin xeyiri yoxdur. Həyatda cismən üzünü gördüyüm madar qardaşımın adətən, belə məqamlarda işlətdiyi ifadədir: - İlahidən qismət deyilsə, bəndə nə karədir ki?! Bu tənha, doluxsunmuş çağımda gücüm ancaq acizliyimi və göynərtimi sözlə dilə gətirməyə çatır:

Söz deyən kim? - Nənəmdi,

Kim mənim kimsənəmdi?

Nə kimin kimsəsiyəm,

Nə kimsə kimsənəmdi.

Geriyə necə qayıdım? Əzizlərimin əbədi uyuduğu məkandan bu cür ayrılmaq eləmi asandır? Atamın dilindən dəfələrlə eşitdiyim "Babıya cənnətdi dəmxanası gorsa da" kəlamı ilə hansı məqamı nəzərdə tutduğunu indi daha dürüst anlayıram...

...Nur topası yenidən zühur edir və məni sağ tərəfimdəki dərəyə doğru çəkir. Heç də dərin olmayan dərənin dibinə baxıram. Bir anlıq mənə elə gəlir ki, oradakı ensiz arxla axan parıltılı maye qəbiristanlığın aşağı tərəfindəki bulaqdan qaynayıb çıxan su deyil, günahları yumaq üçün gecikmiş tövbələrin peşimanlığından tökülən göz yaşlarıdır.

Adi vaxtda yaxalığı, yaylığı, gizlində isə yastığı isladan göz yaşları izsiz qaldığı kimi, nə sirdisə, nə müəmmadısa, dərə ilə axan bu su da çox uzağa getmədən yoxa çıxır, quruyur. Durduğum yerdən azacıq aralıda haçansa kəsilmiş irigövdəli bir ağacın kətiləbənzər kötüyü diqqətimi çəkir. Və təəccüb məni bürüyür: - Bu yerlərdə nə vaxtsa belə iri bir ağac olduğunu nə görmüşəm, nə də xatırlayıram. Bəs, onda bu kötük haradandır burada? Bəlkə... bəlkə...bəlkə... Yoxsa, bu mənimçün nəyəsə bir işarədir!?

Gözləmədiyim halda ətrafdakı sükutu nur topasından gələn səs pozur. O mənə, bu mövzuda bir rəvayət danışır: - Deyirlər ki, Süleyman peyğəmbər quş dilindən başqa ağacın, daşın da dilini bilirmiş. Bir gün o, at belində bir kəndin içindən keçirmiş. Bir inilti eşidib dayanır və ətrafına baxanda görür ki, bir kəndli qoca bir kötüyün üstündə çırpı doğrayır.

Kəndli baltanı hər dəfə aşağı endirəndə, qoca kötük inildəyib deyir: - "Kaş, mən odun olaydım, ocaqlarda yanaydım..." Süleyman peyğəmbər: - Kəndli qardaş, əl saxla! - deyir. Kəndli onu görüb baltanı yerə atır. Süleyman peyğəmbər atdan düşüb kötükdən soruşur: - Sən qarğış edirsən, yoxsa dua? Kötük sinəsi xırıldaya-xırıldaya cavab verir: - Ya peyğəmbər, yalvarıram, Allaha yalvarıram ki, heç kəsi qocalanda kötüyə çevirib üstündə çırpı doğratmasın. Süleyman peyğəmbəri fikir götürür, fikirləşir ki, qocalığın, fani həyatın sonu ölümdüsə, deməli, ölümdən də o yanası varmış...

... Onu dinləməyə necə aludə olmuşamsa, yenidən Aralıq dərəsinə gəlib çıxdığımı və nur topasının məni tərk etməsini heç hiss etməmişəm. İndi bura mənə həmin addan çox, Ayrılıq dərəsi mənasına gəlir.

Eeeehhhh!!!

Vətənində olasan, amma böyüyüb boya-başa çatdığın yurdunun üzünə həsrət qalasan. Bu, hər adamın çəkəsi dərd, dözəsi möhnət deyil! O ibrətamiz rəvayətdən çıxardığım nəticəni və ürəyimdən keçən istəyi isə gözəl şairimiz Musa Yaqubun aşağıdakı misraları ilə bildirirəm:

Bəlkə də borcundan çıxmadım, Vətən!

Ömür bahar deyil, geri qayıtsın.

Ölsəm də qoynunda qoy, ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın.

Öz səsimə yuxudan oyanıram. Ağlıma ilk növbədə atalar sözü gəlir: - "Yuxunun yalanı olmaz, yanlışı olar"... Və anamın Sazdakı nəsihətinə əməl etməklə bağlı qəti qərara gəlirəm...

P.S. Kəndimizin - Cəbrayıl rayonunun hazırda işğal altında olan Böyük Mərcanlı elatının qəbiristanlığının yerləşdiyi əraziyə Saz deyirdilər.

"Zaman Azərbaycan"