Millimiz Dünya Çempionatına Cənub bölgəsində hazırlaşır

2 Avqust 2013 16:32
Komandamız hazırlığını Türkiyə qadın güləşi yığması ilə birgə həyata keçirir.

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, avqustun 13-dən 18-dək Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin, sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə isə böyüklər arasında dünya çempionatı yarışları keçiriləcək. Azərbaycan güləş üzrə yığma komandaları çempionata hazırlıqlarını Cənub bölgəsində davam etdirir. Sərbəst güləş üzrə qadınlardan və gənc qızlardan ibarət yığma komandanın üzvləri dünya çempionatına hazırlığını Astara Olimpiya İdman Kompleksində Türkiyə qadın güləşi yığması ilə birgə keçir.

Yığma komandamızın heyətinə Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq),
Patimat Baqomedova (51 kq), Anjela Doroqan (51 kq), Almaz İsmayılova (55 kq), Yarina Dubovska (59 kq), Alyona Kolesnik(55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), İrina Netreba(63 kq), Raqnetta Qurbanzadə(63 kq), Elmira Həsənova (63 kq), Gözəl Zutova (72 kq) və Səbirə Əliyeva (72 kq) cəlb olunub.

Hazırlıq prosesinə yığma komandanın baş məşqçisi Yaqub Məmmədov, böyük məşqçilər, Konstantin Konorev, Arif Fərmanov və məşqçilər Aslan Ağayevlə Həsrət Məmmədyarov rəhbərlik edir. Gənclərdən ibarət milli komandanın baş məşqçsinin sözlərinə görə, komanda gün ərzində 3 dəfə olmaqla ciddi hazırlıq prosesi keçir. Türkiyə yığma komandasının heyətində isə məşqçilər Şemseddin Yıldız, Zeynep Yıldırım Diri və Habil Karanın başçılığı altında 12 idmançı ölkəmizə səfər edib. Qardaş ölkənin təmsilçiləri də millimizlə birgə Sofiya şəhərində keçiriləcək dünya çempionatında qüvvələrini sınayacaqlar. Qeyd edək ki, Birgə təlim-məşq toplanışı avqustun 8-dək davam edəcək.

Milli.Az