Gəncədə üç avtomobil toqquşdu: yaralılar var
2 Avqust 2013 14:26
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, gecə saat 1:00 radələrində Gəncədə üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 23 yaşlı Elmir Hüseynov "VAZ 21014" markalı avtomobillə həmyaşıdı Hüseyn Mədətova məxsus "VAZ 21015" markalı maşını vurub. Zərbənin təsirindən "VAZ 21015" yol kənarında dayanan "VAZ 2107" markalı avtomobilə dəyib. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər, hazırda vəziyyətləri kafidir.
Hadisənin dəqiq səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Milli.Az