Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ötən gün baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Fanat.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.
Azərbaycanın avrokuboklardakı təmsilçilərindən sonuncusu - "Qarabağ" növbəti oyununu keçirib. Belə ki, Ağdam klubu doğma meydanda İsveç "Gefle"si ilə üz-üzə gəldi və 1:0 hesablı qələbəyə imza atdı.
"Qarabağ"ın bu qələbəsi ölkəmizin reytinq xalını zənginləşdirib. Belə ki, ağdamlılar Azərbaycanın reytinqinə əlavə 0.250 xal yazdırmış oldular.
Hazırda UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 10.125 reytinq xalı var ki, onun da 2.250 xalı cari mövsümdə qazanılıb. Bundan 1.125 xal "Qarabağ"ın, 0.625 xal "İnter"in, 0.375 xal "Xəzər Lənkəran"ın, 0.125 xal isə "Neftçi"nin payına düşür.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0.125 xal verir. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xal verir.
Milli.Az