"Tbilisi görüşü pat vəziyyətinin saxlanmasına qərar verdi"

2 Avqust 2013 12:17
"Radikalların seçkiqabağı yaratdıqları "Milli Şura"nın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov vəziyyətdən çıxış yolu tapa bilmədi"
"Radikal müxalifət liderlərinin bu günlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirdiyi görüş siyasi analitiklər üçün müəyyən maraq doğurdu. Bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirak edəcək qüvvələrdən birinin strategiyası onun fəaliyyətini qiymətləndirməyə imkan verirdi". SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə radikal müxalifətin Tbilisi görüşünə şərh verərkən deyib.

Millət vəkilinin sözlərinə görə, görüşün nəticələri barədə müxtəlif proqnozlar verilsə də, onun nəticəsiz başa çatacağı gözlənilən idi: "Radikalların seçkiqabağı yaratdıqları "Milli Şura"nın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov vəziyyətdən çıxış yolu tapa bilmədi. Beləcə, onun Bakıya dönməsinin cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etmədiyi və bunun heç bir səmərə verməyəcəyi başa düşüldü. Yenə müxalifətin sosial bazası "Milli Şura"nın seçki ilə bağlı nə addım atacağı barədə suala cavab ala bilmədi. Ehtiyat namizəd variantının müzakirə edilib-edilmədiyi isə qaranlıq qaldı. Müsavat Partiyasının başqanı İsa Qəmbərin İbrahimbəyovla ayrıca görüşü isə tərəflərin hələ də bir-birinə inam bəsləmədiklərini və özləri üçün əlverişli situasiyanı gözlədiklərini üzə çıxardı".

A.Mirzəzadə hesab edir ki, radikalların Tibilisi görüşü əslində onların seçkidə iştirak etməmək istəyini ortaya qoydu: "Müxalifətin digər cinahları aktiv surətdə seçki məsələləri ilə məşğul olduqları və tərəfdarları ilə iş apardıqları halda, radikallar hələ də "pasport sindromundan" əziyyət çəkirlər. Onların cəmiyyətin problemlərinin həllinə dair proqramlarının olmaması isə üzdə olan ciddi faktorlardan biridir. Tbilisi görüşü müxalifətin bu seçkidə də ciddi məğlubiyyətə uğrayacağını və daxili çəkişmələrdən azad olmadığını göstərdi. 2013-cü il seçkisində onlar yeni seçki texnologiyası tətbiq etməyə çalışsalar da, onun uğursuzluğu bariz görünür. Daxili məzmunu dəyişmədən, cəmiyyətin əhval-ruhiyyəsinə uyğunlaşmadan uğur qazanmaq qeyri-mümkündür".

Milli.Az