Lənkəranlı yazar Ayaz Əhmədovun oxucularla ikinci görüşü - VİDEO
2 Avqust 2013 14:50
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi 21-ci əsrdə internet insanların həyatının ayrılmaz bir parçasına çevrilib. Amma hər birimizə yaxşı məlumdur ki, kitabla canlı ünsiyyətin yerini heç nə vermir. Yeni nəşrlərə maraq bəzən interneti kölgədə qoymuş olur.
Elə bu günlərdə Cənub bölgəsində yaşayıb-yaradan həmyerlimiz, "Qabaqcıl maarif xadimi", tədqiqatçı-pedaqoq Ayaz Vahab oğlu Əhmədovun işıq üzü görən ikinci kitabı bu silsilədəndir. Yazıçının qələmə aldığı "Göyşaban" adlı kitabında Göyşaban kəndinin tarixi, mədəniyyəti, coğrafiyası və iqlimi, o cümlədən ziyalı şəxsləri haqqında faktlara söykənən mənbələr yer alıb.
Ayaz Vahab oğlu Əhmədov 12 may 1939-cu ildə Lənkəran rayonunun Göyşaban kəndində dünyaya göz açıb. Azərbaycan ədəbiyyatı kimi zəngin dəryada öz sözünü deyən, ədəbi dillə desək, təpədən-dırnağa qədər məntiqli sözlərlə silahlanmış bu insanın həyata baxışlarında dərin düşüncə və dərin məna var. Ömrünün kamillik dövrünü yaşayan və ziyalı yazarlarımızdan biri olan Ayaz Əhmədov oxuculara təqdim etdiyi sayca ikinci kitabında, qədim Azərbaycanın böyük keçmişə malik yaşayış məskənlərindən biri olan Göyşaban kəndi haqqında ətraflı söhbət açıb.
Müəllifin yüksək peşəkarlıqla qələmə aldığı kitabda kəndin və onun sakinlərinin keçdiyi tarixi yol, burada doğulub boya-başa çatan bir sıra tanınmış şəxslər, habelə sadə peşə adamlarından bəhs edir. Kitabda yer alan tarixi mənbələrə gəldikdə isə müsahibimiz bildirdi ki, bu kitabı qələmə alarkən təxminən 60-a yaxın tarixi faktı özündə əks etdirən kitab, qəzet və jurnallardan bəhrələnib. Kitab yazarkən ilk növbədə dövləti və xalqı qarşısında məsuliyyət daşıdığını deyən Ayaz Əhmədov zəmanə gənclərinin son dövrlərdə kitaba olan marağının azalmasından gileyləndi. Yazar bildirdi ki, internet
21-ci əsrin qaçılmaz informasiya vasitəsi hesab olunsa da, gənclərin kitab oxumağa marağı azalmamalıdır.
Çünki kitab oxumaq insanı kamilləşdirir, nitqi mükəmməlləşdirir.
Qeyd edək ki, elmi, publisistik və bədii yaradıcılıqla məşğul olan Ayaz Əhmədov "Qədim Azərbaycan və onun cənub bölgəsi" adlı monoqrafiyanın da müəllifidir.
Milli.Az