Vim Vanderlinden: "Azərbaycan muğamı bütün dünyaya səs salıb"
2 Avqust 2013 11:21
Azərbaycan muğamı bütün dünyaya səs salmışdır. Qəbələ festivalı musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.
Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmək üçün Niderland Krallığından gəlmiş turist Vim Vanderlinden AzərTAc-a müsahibəsində demişdir.
Azərbaycanda bir çox gözəl yerlərin onu valeh etdiyini bildirən Vim Vanderlinden Bakının möhtəşəmliyinə heyran qaldığını xüsusilə vurğulamışdır.
Gəzməli yerlərin hər kəsdə yaxşı təəssürat yaratdığını qeyd edən qonaq ölkəmizin insanlarının çox mehriban və qonaqpərvər olduğunu diqqətə çatdırmışdır. O, sözünə davam edərək demişdir:
"Bakıya gəldikdən sonra ölkənizə səfərimin müddətini daha bir həftə uzatdım. Bu gün Qəbələyə gəldim. Gözəl atmosfer, təmiz hava, təbiət, meşə insana fərqli təsir bağışlayır. Bu füsunkar ərazilərə yenidən səyahət etmək istərdim. Bu dağların başındakı duman məni həqiqətən öz möhtəşəmliyi ilə heyran etdi. Bu ərazidə musiqi insanı məxsusi cəlb edir. Açıq hava konsertləri, Yerusəlim Simfonik Orkestri və digər musiqiçilərin ifasına heyran qaldım. Tanınmış pianoçu İdil Biretin təqdim etdiyi konsert isə həqiqətən möhtəşəm idi".
Azərbaycanın dünya bazarında yüksək keyfiyyətli məhsul istehsal etdiyini bildirən Vim Vanderlinden bunların sırasında spesifik olan xalçaları xüsusilə vurğulamış, vətəninə dönərkən bu milli özəllikləri özündə əks etdirən xalçaları özü ilə aparacağını söyləmişdir.
Milli.Az