İH başçısı səyyar qəbul keçirib

2 Avqust 2013 11:35
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki şəhər icra başçısı bu gün Baltalı kəndində səyyar qəbul keçirib. Qəbulda rayonun idarə və müəssisə rəhbərləri, 150-yə yaxın kənd sakini iştirak edib. İlk öncə çıxış edən şəhər icra başçısı Elxan Usubov son aylar ərzində rayonda görülən işlər, təhsil, səhiyyə, iqtisadiyyat, mədəniyyət sahəsində əldə olunan uğurlardan bəhs edib. Daha sonra kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.

Baltalı sakinlərinin ən çox qaldırdığı məsələ yol problemi olub. Şəhər icra başçısı bu problemin həlli üçün aidiyyatı qurum rəhbərlərinə tapşırıqlarını verib. Bildirilib ki, Şəkinin yeni şəhərsalma planına əsasən, Baltalı kəndi yaxınlığında yeni dairəvi yolun çəkilişi nəzərdə tutulub. Digər şikayət və təkliflər arasında kəndin qaz xəttinin bərpası, qəzalı vəziyyətdə olan işıq dirəklərinin yenilənməsi kimi məsələlər olub. Həmçinin, kəndin orta məktəbi üçün yeni binanın tikilməsi məsələsi də qaldırılıb. Bu problemin də yaxın vaxtlarda öz həllini tapacağı sakinlərin diqqətinə çatdırılıb. Qəbulda sakinlər tərəfindən qaldırılan bütün məsələlərin həll olunması ilə bağlı müvafiq idarə rəhbərlərinə şəhər icra başçısı Elxan Usubov tərəfindən tapşırıq verilib. Sakinlər də eyni zamanda diqqət və qayğıya görə şəhər rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Milli.Az