Azərbaycan futbolu tarixində görünməmiş hadisə

2 Avqust 2013 10:11
Azərbaycan klubları avrokuboklar tarixində görünməmiş uğura imza atıblar. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz cari mövsüm qitə miqyaslı turnirlərdə 7-ci qələbələrini qazanıblar.

Bunun müəllifi Ağdamın "Qarabağ" klubu olub. Avropa Liqasının III təsnifat mərhələsinin "Gefle" ilə oyununadək klublarımız mövsümdə 6 qələbə qazanmışdılar. Reynaldonun qolu ilə İsveç təmsilçisi üzərindəki qalibiyyət isə 7-ci oldu.

2013/14
Avropa Liqası


I təsnifat mərhələsi
• 11 iyul. Xəzər Lənkəran - Slima (Malta) 1:0
• 2 iyul. Metallurq (Skopye, Makedoniya) - Qarabağ 0:1
• 11 iyul. Qarabağ - Metallurq (Skopye, Makedoniya) 1:0
• 11 iyul. Mariehamn (Finlandiya) - İnter 0:2

II təsnifat mərhələsi
• 18 iyul. Qarabağ - Pyast (Polşa) 2:1
• 25 iyul. İnter - Tromse (Norveç) 1:0

III təsnifat mərhələsi
• 01 avqust. Qarabağ - Gefle (İsveç) 1:0

Bu, Azərbaycan futbolu tarixində görünməmiş hadisədir. İndiyədək rekord 2010/11 mövsümündə qeydə alınmışdı. Həmin vaxt klublarımız hamısı birlikdə 6 dəfə qalib gəlmişdi. Digər mövsümlərdə isə bu göstərici daha aşağı olub.

Siyahıdan göründüyü kimi 7 qələbədən 4-ü "Qarabağ"ın payına düşür. Lakin "7"dən fərqli, "4" yeni rekord deyil. Çünki "Qarabağ" 2010/11 mövsümündə də 4 dəfə qalib gəlmişdi. Həmin vaxt 6 qələbədən 4-ü ağdamlıların hesabında idi. Özlərinin müəllifi olduğu rekordu təkrarlayan Qurban Qurbanovun yetirmələri mütləq göstərici üçün "5"ə çatmalıdır. Bu isə İsveçdə gerçəkləşə bilər.

Milli.Az