"Gefle"nin baş məşqçisi: "Mərhələ keçməyə əla şansımız var"

2 Avqust 2013 09:34
"Klassik bir səfər matçı oldu. Müdafiəçilərimiz yaxşı oynadılar. Heç-heçəyə çox yaxın idik, ancaq məğlubiyyətə görə üzülmürük". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Gelfe" klubunun baş məşqçisi Per Olssen deyib.

İsveç təmsilçisinin çalışdırıcısı Avropa Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb.

0:1 hesablı məğlubiyyətə baxmayaraq, Olsson növbəti mərhələyə çıxmaq şanslarının qaldığını bildirib: "Növbəti mərhələyə keçməyə əla şansımız var. Hücumçularımız yaxşı oynasaydılar, nəticə qazanardıq. "Anortsosis"lə müqayisədə bu dəfə yaxşı nəticə qazandıq. Bu, şansımızı artırır. "Qarabağ" kompakt komandadır, ancaq fərdi oyunu ilə seçilən futbolçular var. Onlardan qol vuran Reynaldo və Riçard Almeydanı qeyd edərdim".

Mütəxəssisin fikrincə, azarkeş kütləsi də qarşılaşmaya təsir edib: "Görüşün ab-havası öz sözünü dedi. İsveçdə daha açıq oynayacağıq. Bu dəfə qapalı futbola üstünlük verdik. Düzdür, cavab qarşılaşması bizim üçün asan keçməyəcək. Rəqib fərdi futbolçuları sayəsində bizi əks-hücumlarda tuta bilər. Mərhələ adlamaq üçün var gücümüzlə oynamalıyıq".

Milli.Az