Livanda prezident sarayı və Müdafiə Nazirliyinin binasının yerləşdiyi ərazi raket atəşinə tutulub

2 Avqust 2013 09:14
Naməlum silahlılar gecə saatlarında Beyrutda prezident sarayı, Müdafiə Nazirliyi və Livan ordusunun Baş Qərargahının binaları yerləşən Baabda rayonunu raket atəşinə tutublar.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, raketlərdən biri prezident sarayından 100 metr aralıda, ikisi isə Müdafiə Nazirliyi və hərbi komandanlığın, həmçinin Baş Qərargah kollecinin yaxınlığına düşüb. Bundan başqa, daha bir raket Səudiyyə Ərəbistan səfirinin iqamətgahı yaxınlığında partlayıb.

Zərbələrin dağlıq Dhur-Aramun dağlıq rayonundan endirildiyi müəyyən edilib. Məlumata görə, hərbçilər və mülki vətəndaşlar arasında ölən və yaralanan yoxdur.  

Yerli ekspertlər ölkədəki vəziyyətin kəskinləşməsini qonşu Suriyadakı hadisələrlə əlaqələndirirlər. Ölkə prezidenti Mişel Suleyman ötən gün Milli Ordu Günü münasibəti ilə təşkil olunmuş hərbi paradda çıxışı zamanı Livanın Suriyadakı münaqişəyə qatılmasının yolverilməz olduğunu bəyan edib. 

Yerli KİV-lər prezidentin bu sözlərini Suriyada hökumət qüvvələrinin tərəfində döyüşən "Hizbullah" qruplaşmasının üzvlərinə qınaq kimi qələmə verib.

Milli.Az