Qatarların lokomotivlərinin maşinist kabinələrindəki videomüşahidə kameralarının çəkdiyi kadrlarda maşinistlərin bəziləri yatır, ya telefonla danışır və ya oynayır, ya da kitab oxuyurlar.
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, belə başabəla maşinistlər son vaxtlar Argentinada dəmiryol qəzalarının sayının artmasına səbəb olub.
Şok kadrların yer aldığı video ölkənin daxili işlər naziri Florensio Randassonun göstərişi ilə yayılıb.
DİN başçısı dəmiryol nəqliyyatında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı xüsusi kampaniyanın təşəbbüskarıdır. Bu isə son iki həftədə ölkədə qatarlarla bağlı iki ağır qəzanın yaşanması ilə bağlıdır.
Kadrlarda bir maşinistin stansiyalar arasındakı yolda yatdığı görünür. Başqa çəkilişdə maşinist kameranı köynəyi ilə bağlayır. Digər kadrlarda maşinistlərdən biri kitab oxuyur, digəri isə mobil telefonla oynayır.
F.Randassonun dediyinə görə, bu maşinistlər işdən qovulublar. Eyni zamanda, dünəndən etibarən maşinistlər iş növbələrinə başlamazdan əvvəl qan analizi verməlidirlər: "Bu analizin məqsədi maşinistin çox yorulmadığına, narkotik maddələr və ya spirtli içkinin təsiri altında olmadığına əmin olmağımızdır".
Argentina Dəmiryol İşçilərinin Həmkarlar İttifaqı isə qatarlarda videomüşahidə kameralarının quraşdırılmasına etiraz edərək birgünlük tətilə hazırlaşır.
İttifaqın lideri Ruben Sorero deyib: "Belə başabəla maşinistləri müdafiə etmək niyyətində deyilik. Lakin nazir Florensio Randasso bütün maşinistləri yaramazlar kimi təqdim edir ki, bu da yolverilməzdir".
Milli.Az



