Oxumamış olmaz, çünki qalstuklu və eynəkli adamdır, üstəlik smartfonu var və əvvəllər də məmur olub.
Yəni nomenklatur müxalifətçi tipajına uyğun fərddir.
Şayət, cənab Namazov - yəni indi həm də Milli Şuranın İcra Aparatının rəhbəri funksiyalarını yerinə yetirən şəxs - Bulqakovun məşhur romanını oxuyubsa, onda nə üçün o əsərdən heç nə əxz etməyib və hələ də anlamayıb ki, Volandın yanındakı Faqota əsla bənzəmir.
Söz yox, Faqot, yəni Korovyev də eynək taxırdı: amma o, cənab Namazovdan fərqli olaraq boş vədlər verib ona inananların etibarı ilə oynamırdı.
Milli Şuranın Tbilisidəki toplantısından sonra müxalifət düşərgəsində süni ruh yüksəkliyi ilə pərdələnənən pərişanlıq və bədbinlik hökm sürür.
Çünki oktyabrda keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi kimi çıxış etməyə iddialı Rüstəm İbrahimbəyov çoxsaylı müsahibələri, vədləri, bəyanatları, çıxışları və s.-ə rəğmən, siyasi iradəyə və cəsarətə malik insan deyil.
Daha doğrusu, o, siyasətdə tamamən həvəskar, bacarıqsız, orta sürəkli perspektivləri dəyərləndirə bilməyən, daha sadə yazsaq, nəyi harada və necə söyləməyi bilməyən adamdır.
Buna görə də Milli Şura rəhbərliyinin xitab etdiyi kütləyə, yəni seçkilərdə seçici qismində səs verəcək vətəndaşlara, həqiqətdən, çox uzaq bəyanatlar verməklə arzuları reallıq, niyyətləri isə artıq başa çatmaqda olan iş qismində təqdim etməyə çalışması absurd məzhəkə təsiri bağışlayır.
1-ci məqam. Pasport zarafatı
Rüstəm İbrahimbəyov Rusiya və Azərbaycan vətəndaşı olduğunu deyir. Onu da bildirir ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Rusiya vətəndaşlığından imtina edib, bununla bağlı ərizə yazıb və müvafiq dövlət strukturlarına təqdim edib. Ən nəhayət, yazar təxəyyülündəki illüzor aləmlə reallığı səhv salan R.İbrahimbəyov sürəkli şəkildə, inadla söyləyir ki, Rusiyanın hakimiyyət dairələri onu bu günlərdə vətəndaşlıqdan məhrum edəcəklər, o da Bakıya gələcək, Milli Şuraya bilavasitə rəhbərlik edəcək, seçkiqabağı mübarizəyə qatılacaq və ilaxır.
Cənab İbrahimbəyov, nə dediklərinizin fərqindəsiniz?
Əvvəla, Rusiyanın Federal Miqrasiya Xidmətinin sizin ərizənizə baxması "bir neçə gün" yox, bir neçə ay çəkəcək. RF-nin mövcud qanunvericiliyinə uyğun prosedur qaydası belədir.
Təbii, həmin vaxtı azaltmaq da olar: məsələn, Gürcüstanın indiki prezidenti Bidzina İvanişvilinin Rusiya vətəndaşlığından məhrum edilməsi təki. Di gəl, İvanişvili vətəndaşlıqdan imtina ilə bağlı ərizə verəndən 3 ay sonra məqsədinə çatdı. Çünki bu işdə Rusiyanın birbaşa marağı vardı.
Azərbaycanda prezident seçkilərinin oktyabrda keçiriləcəyini nəzərə alsaq, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina prosesinin "vaxtında" başa çatacağı irreal təsiri bağışlayır.
Bundan başqa, Rusiya Rüstəm İbrahimbəyovu uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş fiqur saymır.
Kinodramaturq və ssenariçi ən yaxşı halda "Milyarderlər İttifaqı"nın siyasi animasiya qəhrəmanı kimi qəbul oluna bilər.
R.İbrahimbəyov pasport problemini həll etsə və Rusiya vətəndaşlığından qurtularsa, prezident seçkilərinə qatıla biləcəkmi?
Yox.
Azərbaycanda ikili vətəndaşlıq institutu yoxdur və bu səbəbdən də Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina edərsə, Azərbaycan vətəndaşı kimi seçkilərə qatılmaq üçün qanunvericilik çərçivəsindəki tələblərlə qarşılaşa bilər.
Bu arada Rüstəm İbrahimbəyovla bağlı yeni iddia ortaya atıldı: sən demə, o, sabiq SSRİ-nin vətəndaşı kimi Bakıya qayıda bilər.
Rusiya prezidenti Vladimir Putinin 2002-ci ilin noyabrın 14-də imzaladığı "Rusiya Federasiyası vətəndaşlığına dair məsələlərə baxılması qaydaları haqqında" 1325 saylı sərəncamın 59-cu maddəsi buna imkan verirmiş.
Belədirmi?
Həmin maddədə deyilir: "Vaxtilə SSRİ vətəndaşı olmuş şəxslər əgər Rusiya Federasiyasının vətəndaşlığını almayıblarsa, bu qanunun qüvvəyə minmədiyi dövr ərzində bu vətəndaşlığı təsdiq etməyiblərsə, onlara özlərinin sərbəst formada yazdıqları ərizəyə müvafiq olaraq Rusiya vətəndaşı olmadıqlarını təsdiq edən arayış verilə bilər".
Rüstəm İbrahimbəyovun "vətəndaşlıqdan qurtulma xilası" yenə də alınmır. O, Rusiya vətəndaşlığı pasportunu alıb, üstəlik Azərbaycanın ümumvətəndaş pasportunu qaytarmayıb və beləcə, iki ölkənin vətəndaşlıq pasportunu saxlayıb.
Yenə də dalan, cənab İbrahimbəyov.
Prezidentliyə iddialı olan kinodramaturqun bir açıqlaması da paradoksal dərəcədə gülüncdür: "Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Ölkədən heç vaxt çıxıb getməmişəm".
Belə deyil.
Rüstəm İbrahimbəyov sürəkli Azərbaycanda yaşayıb Rusiyaya aradabir getmir. Tam əksinə, o, daimi olaraq Rusiyada yaşayır və aradabir Azərbaycana gəlir.
Belə statuslu insanın prezident seçkilərinə qatılması hüquqi-prosesual baxımdan normal hadisə sayıla bilməz.
2-ci məqam. Seçkiqabağı mübarizə komediyası
Bir anlıq da olsa, fərz edək ki, Rüstəm İbrahimbəyov Bakıya gəlib artıq.
Buradadır, Milli Şura adlı truppanın toplantılarını keçirir və oradakı rol bölgüsünü başa vurmaqdadır.
Seçkilər başlayır.
Ölkədə 5200-dən artıq seçki məntəqəsi var. 2003-cü ildəki prezident seçkilərində müxalifətçilər yalnız hər 3 (!) məntəqədən birinə müşahidəçi yollaya bilmişdilər.
Seçki prosesində müşahidəçilərin normal sayını təmin etmək üçün Milli Şuranın potensialı və imkanları yoxdur.
Heç olmasa, 5200 mühahidəçisi olacaqmı Milli Şuranın?
Çətin.
Bundan başqa, seçiqabağı mübarizə üçün yerli təşkilatlar, normal fəaliyyət və təbliğat gərəkdir.
Bir pasport problemini həll edə bilməyən Milli Şura seçkilərə qalan vaxtın sürətlə azaldığı şəraitdə siyasi təbliağatla təşviqatı necə təmin edəcək, bilinmir.
Müxalifətin bravur bəyanatlarından, "birləşirik, gəlirik" tipli açıqlamalarından sonra həmişə və istisnasız qaydada siyasi məyusluq dövrünün başlandığını da xatırlasaq, növbəti fiaskonun acısını Rüstəm İbrahimbəyov, Eldar Namazov və s. yox, onlara inanlar çəkəcəklər.
Yenidən aldandıqlarına, inandıqlarına, inamlarının puç olduğuna, növbəti siyasi vodevili reallıq kimi qəbul etdiklərinə görə.
Səbəb bəlli.
Eldar Namazov və Rüstəm İbrahimbəyov bundan sonra istədikləri qədər danışa bilərlər, amma onlar seçki prosesini geniş miqyasda, normal spektrdə təsəvvür edə bilmədiklərini boyunlarına almalıdırlar.
Bəlkə bundan sonra yeni tragifars vaxtından əvvəl başa çata.
Əslində, hər nüans artıq bəllidir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər dediyi kimi, prezident seçkilərinə qatılmaq niyyətindədir.
Alınmasa, onun əleyhdarları, yəni hazırda Müsavata müttəfiq olduqlarını deyən siysətçilərin sədrlik etdikləri partiyalar yenə də boykot taktikasından, bu nimdaş, köhnə klişedən istifadə etməyə çalışacaqlar.
Bir qədər lirik səslənə bilər, amma Azərbaycan müxalifətinin durumu acınacaqlıdır.
Müxalifətçiləri bu dəfə Lalə Şövkət, Rəsul Quliyev, "Milyarderlər İttifaqı", Əli Kərimli və ən başlıcası, Eldar Namazov yanıltdılar.
Özlərini müxalifət liderləri sayan bu şəxslər artıq etiraf etməlidirlər ki, Rüstəm İbrahimbəyovu bəh-bəhlə tərifləyərək göylərə qaldırmaqla onun əsl xislətini, nəyə qadir olduğunu gizlətmək, ən başlıcası isə müxalifətin dağınıq və xaotik durumu adlı problemi həll etmək mümkün deyil.
İndi "Rüstəm İbrahimbəyov!" deyənlər əslində seçkiləri boykot etmək istədiklərini söyləmək istəyirlər.
Boykotmu istəyirsiniz?
Allah eşqinə, edin. Qatılmayın seçkilərə.
Azərbaycandakı seçicilərin ümumi sayının 0,13 faizinin "vəssəlam, küsdüm sizdən" deməsi nəyi və necə dəyişə bilər ki...
Cavabınız var, bəylər?!
Elçin Alıoğlu
Milli.Az