"Milli Şura tədbirini Gürcüstanda keçirməklə..."
2 Avqust 2013 01:00
"Milli Şura tədbirini Gürcüstanda keçirməklə diqqəti cəlb etməyə çalışır"
Bu sözləri Milli.Az saytına açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bu cür görüşləri keçirmək üçün bütün imkanlar var.
"Belə görüşü keçirmək imkanı olduğu bir halda onlar görüşü Tbilisiyə təyin edirlər. Bununla göstərmək istəyirlər ki, guya Azərbaycanda müxalifətdən olan əsas namizədə maneə yaradılır. Ona görə də görüşləri başqa ölkədə keçirmək məcburiyyətində qalırlar", - o əlavə edib.
Partiya sədri xatırladıb ki, Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmaq istəmir. O, İbrahimbəyovun "xaricdə bütün məsələləri həll etdikdən sonra geri qayıdacam" ifadəsini xatırladıb və belə deyib.
"Azərbaycandakı seçkilərlə bağlı məsələni xaricdə niyə həll etmək lazımdır axı? Seçkilər Azərbaycanda xalqın səsi ilə həll olunur. Nə prezident seçkiləri, nə parlament seçkiləri, nə də ki, digər seçkilərlə bağlı məsələni xaricdə həll etmək lazım deyil. Azərbaycan xalqının dəstəyini qazanmaq lazımdır", - o vurğulayıb.
Teymur Hacıyev
Milli.Az