Azərbaycanlı aktyor: "Çəkilişlər olmasa, acından ölərəm" - FOTOSESSİYA
1 Avqust 2013 16:01
"Qaynana"nın Dünyamalısı Cavanşir Məhərrəmov: "Saçlarıma görə hərdən avtobusda məni qadın hesab edib yer verənlər də olub"
Aktyorluq sənəti elə bir sahədir ki, insandan həm qabiliyyət, istedad, həm də böyük şans tələb edir. Ancaq həyat insanların üzünə hər zaman geniş qapılar açmır. Müsahibim ömrü boyu məhz bu amal uğrunda həyatla mübarizə apardığını, aktyor olmağı qarşısına məqsəd qoyduğunu, bu məqsədə doğru daima çalışdığını söyləyir. Beləliklə, Bakı Uşaq Teatrının aktyoru, "Qaynana" serialında Dünyamalı obrazı ilə tamaşaçıların yaddaşında qalan Cavanşir Məhərrəmov redaksiyamızın qonağı oldu. Aktyor bizimlə gələcək planlarından və bu günə kimi yaşadığı problemlərdən danışdı.
Uğursuz taleh
- Ailənizdə aktyorluq sənəti ilə məşğul olan kimsə varmı ki, İncəsənət Universiteti bitirmədiyiniz halda bu qədər uğurlu obrazlar canlandırırsınız?
- Ailəmdə bu sənətlə məşğul olan heç kim yoxdur. Nəslimizdə bircə Yaşar Nuridir ki, o da min aktyora dəyər. Uşaqlığım onun televiziya tamaşaları və filmlərinə baxaraq keçib. Ona görə yox ki, o, mənim qohumumdur, sadəcə, uşaqlıqdan bu sənətə böyük marağım var. Uşaq vaxtı məhəlləmizdə ifaçı Cavidan Novruzovla birlikdə uşaqları pilləkənin başına yığıb, tamaşa göstərirdik. O zamandan ikimiz də bir-birimizə söz vermişdik ki, gələcəkdə aktyor olacağıq. Daha sonra teatra olan marağım məni teatr dərnəyinə aparıb çıxardı. Həmin ərəfələr həm də futbol ilə məşğul idim. Atam mənə dedi ki, bir qərar ver ya dram dərnəyinə get, ya da futbola. Teatrsız qala bilmədiyim üçün dram dərnəyini seçdim. Uşaq vaxtı hər gün Akademik Milli Dram Teatrına gedirdim. Bir tamaşaya 4-5 dəfə baxırdım ki, hər dəfəsində müxtəlif aktyorların obrazlarını beynimə həkk edirdim. Aktyorları kənardan izləmək mənim üçün maraqlı idi. O vaxt pulum olmurdu ki, tamaşaya bilet alım. Qapıçının başı qarışanda xəlvəti teatra daxil olurdum. Çox qıvraq uşaq idim. Ancaq bir dəfə qapıçı məni tutdu və teatra buraxmadı. Həmin gün möhkəm yağış yağırdı teatra da girə bilmədim. Başladım ağlamağa. Yoldan keçən bir kişi ağladığımı görüb mənə bilet aldı. Əslində bu hadisə mənə çox pis təsir etdi.
- Bildiyim qədəri ilə xalq teatrının sizin aktyor kimi yetişmənizə böyük rolu olub...
- Bəli. Dram dərnəyindən sonra Lütfü Məmmədbəyov adına xalq teatrına getdim. Orada Rafiq Hüseynovdan çox şey öyrəndim. İndi teatrlarda fəaliyyət göstərən aparıcı aktyorların əksəriyyəti həmin teatrın yetirmələridir. Xalq teatrının axırıncı məzunları biz olduq. Orada mənimlə bərabər aktrisa Nigar Bahadirqızı da var idi. Daha sonra teatrı sökdülər, yerinə bank tikdilər. Həmin ili Nigarla İncəsənət Universitetinə sənəd verdik. Nigar universitetə qəbul oldu, mən isə kəsildim. Qabiliyyət imtahanından keçmək üçün yaxşı hazırlaşmışdım da. Münsif heyəti qismində oturan görkəmli aktyorumuz Rasim Balayevə qabiliyyətimi göstərə biləcəyim hər şeyi etdim. Mənə dedi ki, hər şey yaxşıdır, ancaq aktyor olmaq üçün arıqsan. Dedi ki, get, kökələndə gələrsən. Kor-peşman şəkildə mənəvi müəllimim olan Yaşar Nurinin yanına gəldim. Olanları ona danışdım. O isə dedi ki, "Rasimə deyə bilmirdin ki, "Nəsimi" filminə çəkiləndə ayaq üstə qırxı çıxırdı? O, filmə çəkiləndə hətta, səndən də arıq idi. Səni başa düşürəm, hər şey aydındır". Yaşar müəllim hər zaman deyirdi ki, mənim əlimin altından çox tələbə keçib, ancaq yeganə tələbəm sənsən ki, gözəl aktyor olacağına inanıram. Yaşar müəllimin bircə o sözü mənə aktyor olmaq üçün bəs idi. Mərhum aktyorla çox az dərs keçmişik. Ancaq mən ondan çox şey öyrənmişəm.
- Bəs teatra gəlişin necə oldu?
- Xalq teatrını bitirəndən sonra Loğman müəllim Nigarı Gənc Tamaşaçılar Teatrına dəvət etdi, mənə də söylədi ki, sənin diplomun olmadığı üçün bunu edə bilmərəm. Gəl göndərim səni Bakı Uşaq Teatrına. Mən də razılaşdım və teatrın direktoru İntiqam Soltanla görüşdüm, adımı yazdı, söylədi ki, get, özüm səni çağıracağam. Üstündən iki ay keçdi, ancaq ondan heç bir xəbər çıxmadı. Özüm təzədən teatra getdim dedim ki, bəs nə oldu, məni niyə çağırmırsınız? İntiqam müəllim də yadında olduğumu dedi. Ümumiyyətlə, mən ora böyük arzularla getmişdim. Elə bilirdim ki, teatra getməklə ən böyük obrazları canlandıracağam. Ancaq ümidlərim suya düşdü. İntiqam müəllimin yanına gedəndə dedi ki, siz işıqçı işləyə bilərsiniz? Mənimsə işıqdan heç bir anlayışım yox idi. Teatrı o qədər sevirəm ki, teatrın içində nə olsa işləyərəm düşüncəsi ilə dedim ki, bacarıram, işləyərəm. İşıqçı işlədiyim zaman aktyorların oyununa böyük həsrətlə baxırdım. Teatrda işıqçı işlədiyim halda daha sonra musiqi və fəhlə kimi işləməyə başladım. 4 aya kimi məvacib almadan çalışdım. Daha sonra tamaşalarda məni aktyor kimi sınamağa başladılar. Həm musiqini verirdim, həm işığı tuturdum, arada əynimi dəyişib aktyor kimi də oynayırdım. Müəllimim gördü ki, verdiyi rolların öhdəsindən çox yaxşı gəlirəm, digər vəzifələri üstümdən götürdü. Məni 2006-cı ildə aktyor kimi ştata yazdı. Ondan sonra aktyor kimi yaradıcılığıma qədəm qoydum.
Mən səbir etməyi çox sevirəm. Xüsusən də bu sənətdə səbir etməyi hər adam bacarmır. Ancaq indi teatra aktyor olmağa gələn insanlar 3-4 ay işlədikdən sonra qonorarın azlığını görüb şikayətlənir və çətinliyə tab gətirməyib bu sənəti tərk edirlər.
"Məni çək"
- Kirayə qalan aktyor kimi teatrdan aldığınız qonorar sizə yetirmi?
- Xeyir. Ailədə 3 nəfərik. Atam, anam və mən. Anamın ayaqları tutulub, atamın gözləri zəif görür deyə iş qabiliyyəti elə də fəal deyil. Ailədə təkcə mən işləyirəm. Üstəlik kirayə qalırıq. Bu gün serial çəkilişləri olmasa, aktyorun dolanmağı çox çətin məsələdir. Ancaq hər zaman ümidlə yaşayıram. Özüm-özümə ümid verirəm ki, sabah hər şey yaxşı olacaq. Teatrda 158, serialda isə 300-400 manat məvacib alıram. Çəkilişlər olmasa acından ölərəm. "Qaynana" serialı ilə bağladığım müqavilə mənə çox sərf edir. Elə seriallar var ki, aktyorla müqavilə bağlayarkən az qala deyir ki, hətta, nəfəs belə alma. İşin bu tərəfini fikirləşəndə "Xəzər" televiziyasının çəkdiyi serialların müqavilələri çox yaxşıdır.
Rejissorların mənfi cəhəti də odur ki, onlar aktyorların əksəriyyətinin oyun qabiliyyətini tanımırlar. Haqqında qərar verdikləri aktyorun heç bir tamaşasına baxmayırlar. Onlar aktyorun bir obrazını görüblərsə, ömrü-boyu da o ampluada görməyə çalışırlar. Misal üçün mən komik obrazda görüblərsə, qərar verirlər ki, bu aktyor daim komik obrazlar oynaya bilər. Aktyorları sınamaq istəmirlər, bəlkə mən dramatik obrazı daha gözəl oynayacağam? O qədər ssenarist və rejissor dostlarım var ki, onların heç birinə yaxınlaşıb "Məni çək" deyə xahiş etməmişəm. Əgər rejissor özü məni tanıyırsa və tamaşalarıma baxırsa bir aktyor kimi məni tanıyırsa, o, gəlib məni çəkəcək. Çəkmirsə, bu onun öz günahıdır.
- Teatrda çalışanda elə də tanınmırdınız. Serial aktyorları daha tez məşhur edir deyəsən?
- Bəli. Elə aktyorlarımız var ki, 40 ildir sənətdədir. Çox istedadlı olmalarına baxmayaraq, çox az tanınırlar. Təbii ki, bu da aktyora çox pis təsir göstərir. Sizə bir misal gətirim bizim serialda Ələmdar obrazını canlandıran Nofəlin atası uzun müddətdir ki, Opera və Balet Teatrında çalışır. Ancaq onlar ikisi şəhərə çıxanda hamı daha çox Nofəli tanıyır. Bu, bir bəladır.
- Serialdan başqa hansısa bir filmdə çəkilmisinizmi?
- Serialdan öncə Məhərrəm Bədirzadənin "Gürzə", "Əlavə təsir" filmlərində, başqa bir rejissorun çəkdiyi "İşığa doğru" filmində və rusların çəkdiyi "Brak pozaveşenie" kimi filmlərdə çəkilmişəm.
- Bakı Uşaq Teatrında vəziyyət necədir?
- Bakı Uşaq Teatrının kollektivi az da olsa, orada hər zaman çox isti münasibət görmüşəm. Teatrın direktoru İntiqam Soltan bizə direktor kimi yanaşmayıb. O, bizim dostumuzdur. Ancaq biz o dostluqdan heç zaman istifadə etməmişik. Yəni fəhləmiz işə gəlmədiyi anlarda belə o özü fəhləlik edə biləcək qədər səmimi insandır.
- Bir müddət eşitdik ki, təzə tamaşa hazırlayırsan. Amma sonra heç bir xəbər çıxmadı. Alınmadı?
- Tamaşanı trio şəklində hazırlayırdım. Başı bəlalı tamaşanın adı "Maestro" idi. Direktorumuz tamaşaya baxdı, amma sonluğu onu qane etmədi. İntiqam müəllim dedi ki, tamaşanı düzəltmək üçün sənə kömək edəcəyəm, ancaq hələ də qalıb. Bilmirəm o, nəyi gözləyir? Ancaq mən onu gözləyirəm. Qismət.
- Şəxsi həyatda vəziyyət necədir?
- Subayam, 4 uşağım var (gülür).
Sənətimə görə mənə qız verməyiblər
- Çox deyil?
- Təbii ki, yox, zarafat edirəm. 27 yaşım var. Valideynlərim tez-tez soruşur ki, nə oldu, niyə evlənmirsən? Mənimsə ürəyimə yatan qız yoxdur. Həyatımda sevdiyim qız olub, amma mənə qardaş gözü ilə baxıb. Hər zaman qızların xarici gözəlliyinə deyil, daxili gözəlliyinə önəm verirəm. Ailə quracağım insan əsas odur ki, məni başa düşsün və sənətimi qəbul etsin. Sabah mənə deməsin ki, səhnədə filankəsi niyə qucaqladın və yaxud da ki, gecə saat 3-də evə niyə gəldin? Elə qız olub ki, onu sevmişəm, mənə ailəsi deyib ki, biz aktyora qız vermirik. Mən qızın özünü sevirdim, anasını yox ki? Hazırda həyatımda heç kim yoxdur. Həyatımda ötən aya kimi biri var idi, o da getdi.
- Saçlarınızı niyə kəsdirmirsiniz, pulunuz yoxdur?
- Saçlarım da mənə bir bəla olub. Həm çəkilişə, həm də tamaşalara görə uzun saxlamağa məcburam. Hətta çəkiliş zamanı bir dəfə yanmışdı. Saçlarıma görə hərdən avtobusda məni qadın hesab edib yer verənlər də olub. Bir də aktyor nə qədər fərqlənsə, bir o qədər yaxşıdır.
- Bir müddət kloun kimi də çalışırdınız. İndi necə bu sənətə hörmət qalıbmı?
- Bu gün o sənətə elə böyük hörmət də yoxdur. İndi kloun obrazını yalnız səhnədə canlandırıram. Restoranlarda ucuz olsun deyə ofisiantlara kloun paltarı geyindirərək onları tamaşaçılara kloun kimi təqdim edirlər. Hansı ki, onun heç nədən başı çıxmır. Əvvəllər bizim səhnə görmüş klounlarımız var idi ki, onlara Azər Axşam, Qurban Mənsimov, Pərviz Məmmədrzayev və başqalarını misal gətirə bilərəm. Bu insanlar kloun sənətinin əsas bazalarıdır. İndi klounluq sənəti eybəcər formada restoranlarda tamaşaçılara təqdim olunur. Klounluq etmək üçün utanmıram. Dəvətlər də qəbul edərəm, ancaq pula ehtiyacım olduğu halda 20 manata heç bir restorana getmərəm. Bu, aktyor üçün bir az ağırdır.
Kaspi.az
Böyütmək üçün şəkillərə klikləyin.