Polis olmaq istəyirsənsə...
2 Avqust 2013 02:30
Polis olmaq istəyən gənc qaranlıq məqamlara aydınlıq gətirmək üçün Milli.Az-a məktub yazıb. Hazırda 24 yaşlı olan Elşən adlı oxucu soruşur ki, hərbi xidmətdə olmadan Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olub polis sıralarına qatıla bilərmi?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az-a açıqlamasında bildirdi ki, abituriyent orta məktəbi bitirən kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə imtahan verib Polis Akademiyasına daxil olub daxili işlər orqanlarında işləyə bilər. Orta məktəbi bitirəndən bir neçə il sonra Polis Akademiyasına daxil olmaq istəyən şəxs hərbi xidməti çəkməlidir. Hərbi xidmətdə olmayan vətəndaş daxili işlər orqanlarında işləyə bilməz.
Bundan başqa, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.
Daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla) olan, Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər.
- Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:
1) şəxsi ərizə;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) hərbi bilet;
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.
Anar Məmmədov
Milli.Az