Noutbuk bazarının lideri kimdir?

1 Avqust 2013 18:33
Tayvan istehsalçılarının proqnozuna əsasən, 2013-cü ilin üçüncü rübündə Hewlett-Packard (HP) şirkəti tərəfindən noutbukların tədarük həcminin ötən rüblə müqayisədə 20 faiz artması, Lenovo istehsalçısının isə 7-9 faizlik rüblük azalma ilə üzləşməsi gözlənilir. Bunu nəzərə alaraq HP-nin bazarda liderliyi özünə qaytaracağı güman edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cari ilin ikinci rübündə ABŞ şirkəti dünyanın nəhəng noutbuk istehsalçısı adını rəqib Çin şirkəti Lenovoya güzəştə getməli olub. IDC tədqiqat şirkətinin məlumatına görə, ötən rübdə HP-nin bu seqmentdə payı 16,3, Lenovonun 16,7 faizə bərabər olub. Digər analitik şirkət Gartnerin də statistikası Lenovonun HP-ni xeyli üstələməsini göstərib. Bu şirkətin analitiklərinin qiymətləndirməsinə görə, istehsalçıların bazar payı müvafiq olaraq 16,7 və 16,3 faiz təşkil edib.

HP yüksək artım tempinə qalib olduğu tenderlər sayəsində nail ola bilər. Belə ki, şirkət Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatının hökumətindən təhsil müəssisələri üçün 1,5 milyon noutbukun tədarük edilməsinə dövlət sifarişi alıb. Bundan başqa, şirkət daha bir tenderdə uğur qazana bilər. Bu tenderdə isə Hindistan hökuməti 2 milyon portativ kompüter sifariş etmək niyyətindədir.

Hazırda HP Tayvanın 3 ODM şirkəti - Quanta Computer, Wistron və Inventes ilə əməkdaşlıq edir. Quanta Computer, Wistron istehlak sinfinə daxil olan modellərin istehsalı ilə məşğuldur, Inventesin müəssisələrində isə biznes istifadəçilər üçün nəzərdə tutulan qurğular yığılır.

Milli.Az