Avroliqa: "Qarabağ" "Gefle"yə qalib gəldi - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA
2 Avqust 2013 14:30
01.08.2013
22:52
Milli.Az xəbər verir ki, "Qarabağ" - "Gefle" oyunu bitdi. "Qarabağ" - "Gefle" - 1:0.
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxdı.
Komandamızın bu dəfəki rəqibi İsveçin "Gefle" klubu idi. Avrokuboklarda ilk dəfə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan və İsveç çempionatının autsayderlərindən olan rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik Ağdam klubu bu komandanı da keçməyə borcludu.
Xatırladaq ki, "Qarabağ" bundan öncə Makedoniyanın "Metallurg" (hər iki oyunda 1:0) və Polşanın "Piast" (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı.
"Qarabağ"la "Gefle" arasındakı cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
Qarabağ - Gefle - 1:0 (0:0)
Qol: Reynaldo, 89 (1:0).
Baş hakim: Nikolas Rainville (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. "Qarabağ" ilk dəqiqələrdən təşəbbüsü ələ alıb
4. Oyunda ilk korneri komandamız qazanır. Amma bunu effektli şəkildə yerinə yetirmək mümkün olmur
10. "Gefle" hələ ki, müdafiə olunmaqdadı
11. Komadamızın təhlükəli hücumu zamanı rəqib müdafiəçi topu uzaqlaşdıra bilir
12. N.Yusifovun zərbəsi qapıdan yan keçir
13. Gelaşvili yüz faizlik qol şansından yararlana bilmir. O, topu üz-üzə qaldığı qapıçının düz üstünə vurdu
15. M.Medvedevin uzaqdan zərbəsi qapıdan yan keçir
17. İnanılmaz epizod! Gelaşvili qapıçı ilə üz-üzə qaldı, onu da aldatdı, amma topu boş qapıya göndərə bilmədi!
20. Komandamız oyuna tam nəzarət etsə də, yeganə çatışmayan qoldu
23. Almeyda və Gelaşvilinin qol vurmaq cəhdi yenə bəhrəsiz qalır
25. L.Corcun cinah ötürməsini Muarem qapıya göndərsə də, qapıçı topu tutur
28. Rəqib qapıçının həkim yardımına ehtiyacı var. Futbolçular isə su ehtiyaclarını ödəyirlər
32. Rəqibin təhlükəli hücumu zamanı Varvodiç topu tutur
33. M.Muarem zədələnir. Ümid edək ki, o, oyunu davam etdirə biləcək
34. Futbolçumuz yenidən meydana qayıdır və oyunu davam etdirəcək
36. Bu dəqiqələrdə oyunun tempi xeyli aşağı düşüb
39. Almeydanın uzaqdan zərbəsi qapıdan aralı keçir
42. Muaremin uzaqdan zərbəsi qapının üstündən keçir
43. Rəqib az qala hesabı açacaqdı. Amma çox təhlükəli hücum zamanı Varvodiç qapıda etibarlı oynayır
44. Aqollinin uzaqdan zərbəsi qapıdan yan keçir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qarabağ" ikinci hissəyə iki əvəzləməylə çıxır: Muaremi Çumbinyo, Gelaşvilini Kapolonqo əvəzləyir
46. "Gefle"də isə Lundeval yerini Oremoya verir
47. Qeyd edək ki, bu, yeni transfer olan Çumbinyonun Ağdam klubunda debüt matçıdı
50. Komandamız fasilədən sonra da təzyiqlərini davam etdirir
56. Çumbinyo möhtəşəm zərbə ilə çərçivəni nişan alsa da, son anda qapıçı əla reaksiya ilə qola imkan vermir
58. Daha bir inanılmaz qol şansını qaçırırıq! Aqollinin cinah ötürməsindən sonra tamamilə boş olan Leroy topa başla zərbə endirsə də, meşin yuvarlaq öncə yerə dəyib qapının üstündən çölə çıxır!
60. Almeydanın çox təhlükəli zərbəsi qapıdan azca aralı keçir
60. Kuryoz hadisə yaaşnır. Meydanı sulayan aparat qəfilədn işə düşür və buna görə hakim oyunu dayandırır. Problem tez bir zamanda aradan qaldırılır
62. "Gefle" oyunda ilk dəfə korner qazanır. Futbolçularımız topu uzaqlaşırmağı bacarırlar
66. "Qarabağ" daha bir korner qazanır. Uğursuz yerinə yetirilir
69. Komandamızda son dəyişiklik: N.Yusifov yerini Reynaldoya verir
70. "Gefle" tam olaraq müdafiəyə çəkilib və bu, komandamızın kəsərli hücumlar qurmasını çətinləşdirir
76. Qonaqların korner vuruşu zamanı Varvodiç topu tutur
77. İsveçlilərin heyətində M.Hanssonu Z.Abdulay əvəzləyir
79. "Qarabağ" daha bir korner qazanır. R.Sadıqovun zərbəsi qapıdan aralı keçir
81. Yenə korner qazanırıq. Aqollinin zərbəsi də hədəfə düşmür
83. Reynaldonun uzaqdan zərbəsi qapıdan aralı keçir
85. Medvedevin də qol vurmaq cəhdi bəhrəsiz qalır
87. Eyni epizodda Çumbinyo və Reynaldonun yaxın məsafədən zərbələrini qapıçı əla reaksiya ilə dəf edir
88. Kapolonqo da cərimə meydançası daxilindən qapıya dəqiq zərbə endirə bilmir. Bu gün inanılmaz qol epizodları boşa verildi!
89. QOOOOOOOOOOOOOOOOOOOOOOL! Reynaldo! Nəhayət ki, braziliyalı futbolçu Çumbinyonun ötürməsini qola çevirməyi bacardı - 1:0
90. Orlovu Y.Olsson əvəzləyir
90+2. "Qarabağ" korner qazanır. R.Sadıqovun yekun zərbəsi yaxşı alınmır
Matç başa çatdı
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 18. İlqar Qurbanov, 70. Çumbinyo, 6. Hacı Əhmədov, 88. Ulrix Kapolonqo.
GEFLE: 1. Mattias Huqosson (k), 2. Olof Mard, 4. Anders Vikström, 6. Par Asp, 14. Yens Portin, 16. David Fallman, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 10. Yakob Orlov, 15. Mikael Dahlberq.
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 3. Yonas Olsson, 11. Sive Pekezela, 5. Zakariya Abdullay, 25. Yoahim Adukor, 9. Yohan Oremo, 20. Emil Bellander.
---------
22:48
Milli.Az xəbər verir ki, "Qarabağ" - "Gefle" oyununda hesab açıldı. Oyunun 89-cu dəqiqəsində "Qarabağ"ın oyunçusu Reynaldo fərqləndi. "Qarabağ" - "Gefle" - 1:0.
--------
21:00
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxır.
Komandamızın bu dəfəki rəqibi İsveçin "Gefle" klubudu. Avrokuboklarda ilk dəfə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan və İsveç çempionatının autsayderlərindən olan rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik Ağdam klubu bu komandanı da keçməyə borcludu.
Xatırladaq ki, "Qarabağ" bundan öncə Makedoniyanın "Metallurg" (hər iki oyunda 1:0) və Polşanın "Piast" (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı.
"Qarabağ"la "Gefle" arasındakı cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
Qarabağ - Gefle - 0:0 (1-ci hissə)
Baş hakim: Nikolas Rainville (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
---------
09:19
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avroliqada "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" təmsil edirdi. Amma Çempionlar Liqasındakı təmsilçimiz "Neftçi"nin ardınca "İnter" və "Xəzər Lənkəran" da mübarizəni dayandırdı. Bu üzdən də hazırda Azərbaycan futbolsevərlərinin bütün ümidləri Ağdam klubuna yönəlib.
"Qarabağ" Avroliqada oynamaq hüququnu Premyer Liqamızın gümüş mükafatçısı kimi qazanıb. Qurban Qurbanovun komandası bu turnirin ilkin təsnifat mərhələsində Makedoniya "Metallurg"unu hər iki oyunda 1:0 hesabıyla məğlub etdi. İkinci təsnifat mərhələsində isə təmsilçimiz Polşa "Piast"ı ilə qarşılaşdı. İlk oyunda 2:1 hesabıyla qalib gələn təmsilçimiz cavab matçında 90 dəqiqəni 1:2 hesablı yenilgiylə tamamladı. Amma Qlivitsedəki görüşün əlavə vaxtında gələn bərabərlik qolu "Qarabağ"ı üçüncü təsnifat mərhələsinə çıxardı.
Bu mərhələdə isə Ağdam klubu İsveçin "Gefle" kollektivini mübarizədən kənarlaşdırmağa çalışacaq. Təmsilçimiz ilk oyunu doğma meydanda keçirəcək. Bu mənada üstünlük müəyyən mənada isveçlilərin tərəfindədi. Çünki rəqib cavab matçını evdə, doğma azarkeşlərinin gözü qarşısında keçirəcək və psixoloji üstünlüyə malik olacaq.
Lakin "Gefle" "Qarabağ"ın "dişinə görə" rəqibdir və komandamız İsveç klubunu mübarizədən kənarlaşdıra bilər. Düzdür, bu komanda Avroliqanın birinci təsnifat mərhələsində Estoniyanın "Trans" klubu ilə qarşılaşıb və Estoniyadakı oyunda 3:0, doğma meydandakı görüşdə isə 5:1 hesablı darmadağına imza atıb. "Qarabağ"ın rəqibi ikinci təsnifat mərhələsində Cənubi Kiprin "Anorthosis" klubu ilə qarşılaşıb. İsveç təmsilçisi səfərdə 0:3 hesalı məğlubiyyətlə üzləşsə də, evdə 4:0 hesabıyla möhtəşəm qələbə qazanaraq, "Qarabağ"a rəqib olub.
"Gefle" 1882-ci ildə yaradılıb. Bu il dekabrın 5-də 131 yaşını qeyd edəcək klubun forma rəngləri mavi və ağdı. Qavle şəhərini təmsil edən klub çempionatdakı ev oyunlarını "Strömvallen" stadionunda keçirir. 1892-ci ildə inşa olunan arenanın azarkeş tutumu 7302 nəfərdi. Lakin "Gefle"nin "Qarabağ"la oyunu bu arenada yox, Sundsvallda, "Norrporten Arena"da baş tutacaq. Çünki klubun öz stadionu UEFA standartlarına cavab vermir. Bu üzdən Avroliqadakı digər ev oyunlarında olduğu kimi, "Gefle" "Qarabağ"ı da Sundsvalldkı "Norrporten Arena"da qəbul edəcək. Bu arena isə 8500 azarkeş tutumuna malikdir.
Ağdam klubunun rəqibi indiyə qədər İsveç çemionatının güclülər dəstəsinin - Allsvenskanın qalibi olmayıb. Ümumiyyətlə, klubun tarixində, demək olar ki, yadda qalan uğuru yoxdur. 2004-cü ildə 1-ci liqanın - Superettanın ikincisi olan "Gefle" iki il sonra ölkə kubokunun finalına yüksəlsə də, həmin görüşdə də məğlub olub. Komanda ötən mövsüm İsveç çempionatını 11-ci pillədə başa vurub. Bu klub Avroliqada oynamaq şansını da UEFA-nın "feyr pley"ə görə ayırdığı vəsiqələrdən birinə sahib çıxmaqla qazanıb. Hansı ki, bu mövsüm "İnter"in bəxtinə düşən Finlandiyanın "Mariehamn" və Norveçin "Tromse" klubları da Avroliqada məhz "feyr pley"ə görə vəsiqə qazanmışdı. Nə qədər maraqlı olsa da, Avroliqadakı cəmi üç belə xoşbəxtin hər birinin yolu Azərbaycandan keçmiş olur.
Cari mövsümün 16 turunda 2 qələbə qazanıb, 8 heç-heçə edən və 6 dəfə məğlub olan "Gefle"nin top fərqi də xeyrinə deyil - 17:26. Komanda hələlik 14 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
"Gefle" ilk dəfə avrokuboklara 2006/07 mövsümündə vəsiqə qazanıb. UEFA Liqasına qatılan komanda ilk mərhələdə Uelsin "Llanelli" klubuna yenilib. 2010/11 mövsümündə Avropa Liqasına vəsiqə qazanan "Qarabağ"ın rəqibi birinci təsnifat mərhələsində Farer adalarının "Runavik" klubunu keçsə də, ardınca Tiflis "Dinamo"suna yenilib. Yəni bu mövsüm "Gefle" tarixində ilk dəfə ardıcıl iki mərhələ keçməyin sevincini yaşayır. Ümid edək ki, "Qarabağ" bu komandanın uğurlu seriyasına son qoya biləcək.
Komandanın baş məşqçisi Per Olssondur. 49 yaşlı norveçli futbolçu karyerası ərzində iki dəfə - 1981-1984 və 1988-1992-ci illərdə "Gefle"də çıxış edib. 1992-ci ildə bu komandada karyerasını bitirən Olsson 1993-cü ildə doğma klubunda məşqçiliyə başlayıb. "Gefle"nin əsas komandasında köməkçi-məşqçi və gənclərdən ibarət heyətin baş məşqçisi olduqdan sonra - 1996-cı ildə əsas komandaya baş məşqçi təyin olunub və 2002-ci ilədək işini davam etdirib. Daha sonra bir müddət "Örebro"da köməkçi işləyən 49 yaşlı mütəxəssis 2005-ci ildə yenidən "Gefle"yə qayıdıb və həmin vaxtdan bəri bu komandanı çalışdırır.
"Gefle" Avropa Liqası üçün UEFA-ya 23 futbolçu sifariş edib. Onların üçü qapıçı, səkkizi müdafiəçi, altısı yarımmüdafiəçi, altısı isə hücumçudu. Heyətdəki əksər futbolçular yerlilərdi. Koandada cəmi dörd legioner futbolçu çıxış edir. Onlardan Zakariya Abdullay və Yoahim Adukor Qanadan, Sive Pekezela CAR-dan, Yens Portin isə Finlandiyadandı.
"Gefle"nin "Qarabağ"a qarşı mübarizə aparacaq futbolçularının siyahısı belədi:
Qapıçılar: 1. Mattias Hüqosson, 22. Emil Hedvall, 30. Oskar Larsson;
Müdafiəçilər: 2. Olof Mard, 3. Yonas Olsson, 4. Anders Vikström, 6. Par Asp, 11. Sive Pekezela, 14. Yens Portin, 16. David Fallman, 21. Herman Ehn;
Yarımüdafiəçilər: 5. Zakariya Abdullay, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 24. Erik Olsson, 25. Yoahim Adukor;
Hücumçular: 9. Yohan Oremo, 10. Yakob Orlov, 15. Mikael Dahlberq, 17. Yonas Lantto, 18. Erik Tönros, 20. Emil Bellander.
"Qarabağ"a gəlincə, komandamız Avroliqaya pis hazırlaşmayıb. Qurban Qurbanovun komandası ənənəvi olaraq, bu il də Türkiyədə təlim-məşq toplanışı keçdi. Hazırlıq prosesi zamanı komandamız bir neçə transfer də həyata keçirdi. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Əfran İsmayılov, Emin İmaməliyev, Zaur Həşimov, Elnur Abbulov, Kristian Torres, Emeka Opara, Bəxtiyar Soltanov, Vaqif Cavadov və Branimir Subaşiçlə yollarını ayıran "Qarabağ" hələlik beş transfer həyata keçirib. Daha da konkretləşdirsək, son mövsümü icarə əsasında "Simurq"da keçirən Murad Səttarlını geri qaytaran Ağdam təmsilçisi Hollandiyanın "Nijmegen" klubundan Leroy Corcu, Almaniyanın "Bohum" komandasından Nikolas Gelaşvilini və İordaniyanın "Shahab Al Ordon" klubundan Ulrix Kapolonqonu, Yunanıstan "Olimpiakos"undan Çumbinyonu heyətinə qatıb.
Qurban Qurbanovun komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 89. Miro Varvodiç.
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə, 70. Çumbinyo.
Hücumçular: 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İsgəndərov, 22. Tural Rzayev, 88. Ulrix Kapolonqo.
Göründüyü kimi, "Qarabağ" əslində fövqəladə gücə malik olmayan rəqibi ilə müqayisədə heç nədə geri qalmır. Düzdü, hazırda İsveçdə ölkə çempionatının qızğın dövrüdü və bu amil rəqibin daha yaxşı oyun təcrübəsinə malik olmasından xəbər verir. "Qarabağ" isə yeni mövsümdə yalnız Avroliqada dörd rəsmi oyuna çıxıb. Odu ki, "Qarabağ" ciddi sınaq gözləyir. Amma istənilən halda Ağdam klubu Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün çox yaxşı şansa malikdi və belə fürsəti dəyərləndirməmək günah olar. Bu oyuna daha yaxşı hazırlıq keçməklə, rəqibi düzgün analiz etməklə, ağıllı oyunla, meydanda maksimum güc sərf etməklə "Gefle"ni də mübarizədən kənarlaşdırmaq mümkündür.
Yeri gəlmişkən qeyd edək ki, "Qarabağ"la rəqibi arasında müəyyən səviyyə fərqi də var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Avropada ən reytinqli klubumuz olan "Qarabağ" hazırda 199-cu pillədə qərarlaşıb və "Gefle"ni xeyli qabaqlayır. İsveç klubu isə 268-ci yerdə gedir.
"Qarabağ" belə bir rəqiblə dueldə cütün taleyini doğma azarkeşlərinin gözü önündə həll etməyə borcludur. İlk oyun Bakıda keçiriləcək və səfərdəki cavab görüşü öncəsi üstünlük qazanmaq üçün komandamızın qapısını toxunulmaz saxlamaq şərti ilə rəqibinə mümkün qədər çox qol vurması vacibdir. Əks halda İsveçdə keçiriləcək cavab görüşü çox çətin olacaq. Hansı ki, Polşa "Piast"ı ilə cavab matçı da bunu sübut etdi. Bu yolda azarkeşlərin də dəstəyi çox önəmlidir. Bu mövsüm avrokuboklardakı təmsilçilərimizin oyunlarında ajiotaj nəzərə çarpmır. Amma ümid edək ki, bir neçə il öncə avrokuboklardakı ən uğurlu təmsilçimiz olan "Qarabağ"ın oyunlarında stadionu tam dolduran futbolsevərlərimiz bu dəfə də Ağdam klubuna məhz arenadan dəstək verməyə çalışacaqlar. Mübarizəni dayandıran digər klublarımızın azarkeşləri də qitə arenasında yalnız qalan təmsilçimizə dəstək olsa, Tofiq Bəhramov adına Respublika stadionunu tam doldursalar, "Qarabağ" onların da köməyi sayəsində "Gefle" ilə oyunların taleyini elə Bakıda həll edə bilər.
Yeri gəlmişkən qeyd edək ki, nəinki "Qarabağ"ın, ümumiyyətlə Azərbaycan təmsilçilərinin avrokuboklarda İsveç klubları ilə yolları kəsişməyib. Bir sözlə "Gefle" Azərbaycan futbolu tarixinə təmsilçilərimizin ilk rəqibi kimi düşəcək. Bütövlükdə isə, İsveç avrokuboklarda Azərbaycan klublarına rəqib olan 40-cı ölkə olacaq. İndiyə qədər arşılaşmadığımız ölkələr isə İspaniya, İngiltərə, Portuqaliya, Şotlandiya, Macarıstan, Qazaxıstan, İrlandiya, Lüksemburq, Lixtenşteyn, San-Marino, Andorradı.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.875 reytinq xalı var. Onun 2.000 xalı cari mövsümdə qazanılıb. Bundan 0.875 xal "Qarabağ"ın, 0.625 xal "İnter"in, 0.375 xal "Xəzər Lənkəran"ın, 0.125 xal isə "Neftçi"nin payına düşür.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
21:00. Qarabağ - Gefle
Baş hakim: Nikolas Rainville (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
----------------
02.08.2013
09:54











---------
09:21





Videonu izləmək üçün şəklə klikləyin.

----------
14:30
Böyütmək üçün şəkillərə klikləyin.















Foto: Azerisport, AFFA