ABŞ Kubada maliyyə blokadasını sərtləşdirir
31 İyul 2013 09:39
ABŞ hakimiyyəti son həftələrdə Kuba ilə tranzaksiyalara görə "American Express Travel" turizm operatoruna və İtaliyanın "Intesa Sanpaolo" bankına iri cərimələr tətbiq etməklə Kubaya qarşı maliyyə embarqosunu sərtləşdirib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in yaydığı məlumatda qeyd olunur ki, ABŞ Xəzinədarlığının Xarici aktivlərə nəzarət İdarəsi (OFAC) cari ilin iyun ayının sonunda İtaliyanın iri banklarından biri olan "Intesa Sanpaolo"nu 2004-2008-ci illərdə Kubaya 53 pul köçürməsi həyata keçirdiyinə görə 2,9 milyon dollar məbləğində cərimələyib. Bir həftə əvvəl isə OFAC ABŞ-ın iri turizm operatorlarından biri olan "American Express Travel Related Services Company"yə üçüncü ölkələrdən Kubaya 14,4 min aviabilet satdığına görə 5,2 milyon dollar məbləğində cərimə tətbiq edib.
Kuba XİN-in qənaətincə, bütün bunlar rəsmi Vaşinqtonun avropalı tərəfdaşlarına "həyasız" münasibətinin göstəricisidir və Kuba ilə ticarət əlaqələri olan təşkilatlar üçün mənfi presedentdir.
Qeyd edək ki, Birləşmiş Ştatlar 1960-cı ildə adada ABŞ vətəndaşları və korporasiyalarının ekspropriasiyasından sonra Kubaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Milli.Az