Tovuzun Göytəpə qədim yaşayış yerində arхeoloji qazıntı işləri davam etdirilir - FOTO

30 İyul 2013 20:06

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hazırda bu ərazidə yerləşən Hacı Əllamxanlı təpəsində Tovuz Arxeoloji ekspedisiyası tərəfindən irimiqyaslı qazıntı işləri aparılır. Qazıntılar zamanı Qafqazın oturaq həyat tərzli erkən əkinçi-maldar tayfalarının zəngin mədəni irsini özündə əks etdirən bir çox maddi sübutlar aşkarlanıb.

Gəncə-Qazax bölgəsinin ən iri arxeoloji abidələrindən olan Göytəpə qədim yaşayış yeri Tovuz şəhərindən 10 km şərqdə yerləşir. 1 hektardan çox ərazini əhatə edən Göytəpə və Menteş qədim yaşayış yerlərində aparılan əsaslı arxeoloji tədqiqatlarda Azərbaycan,Yaponiya və Fransa arxeoloqları birgə işləyirlər. Qazıntılarda dən daşları və qədim yaşayış yeri aşkarlanıb. Sel sularının ziyan vurmaması üçün təpə müvəqqəti olaraq xüsusi brezentlərlə örtülüb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev: "Builki tədqiqatlar göstərdi ki, qədim dövrün yaşayış yerləri sadə şəkildə olmayıb. Burada kifayət qədər formalaşmış sivilizasiya olub. Builki qazıntılar zamanı biz Göytəpənin ətrafında hündürlüyü 5 metr olan çiy kərpiçdən mühafizə divarları aşkarlamışıq".

Arxeoloji ekspedisiya Hacı Əllamxanlı təpəsində də qazıntı işləri aparır. Təpənin üst qatının tədqiqatı zamanı erkən neolit dövrünə aid dən daşları, əmək alətləri, saxsı qablar aşkarlanıb, dairəvi şəkildə yaşayış məntəqələri də üzə çıxarılıb.

Onu da bildirək ki, ilkin qazıntılar zamanı təpənin üst qatından insan skeleti də aşkarlanıb.
 

Arxeoloqların ehtimalına görə, boyu 165 sm olan skelet erkən xristian dövründə yaşamış qadına aiddir. Aşkarlanan hər bir tarixi tapıntı yerindəcə rezervasiya olunaraq gələcək tədqiqatlar üçün saxlanılır. Ekspedisiyanın üzvü Valeh Ələkbərovun fikrincə, qazıntılar zamanı aşkarlananlar qədim yaşayış məskənin bir hissəsidir.

Valeh Ələkbərov: "Abidəni Göytəpədən fərqləndirən əsas xüsusiyyət onun nisbətən qədim olmasıdır. Burada aşkar edilən dairəvi tikililər, əmək alətləri, onların strukturları demək olar ki, Göytəpə ilə oxşardır".
 

Neolit dövrünə aid yaşayış məskənlərinə maraq göstərən Yaponiyanın Naqayo Universitetinin arxeoloqu Kodovaki Seyci də Hacı Əlləmxanlıdakı qazıntı işlərinə qoşulub.

Kodovaki Seyci: "Bura qədim insanların ilkin əkinçilik ərazilərindəndir. Biz burada Neolit dövrünə aid qədim Göytəpə mədəniyyətini araşdırırıq. Biz burada buğda, arpa, qədim alətlər nümunələri aşkarlamışıq. Bildirim ki, o dövrün insanları artıq çörək bişirmək mədəniyyətinə də malik idilər".
 

Arxeoloji qazıntılar nəticəsində neolit dövrünə aid maddi mədəniyyət nümunələri, keramika, obsidian və sümükdən düzəldilmiş müxtəlif əmək alətləri aşkar edilib. Ancaq ekspedisiyanın fəaliyyəti deyilənlərlə məhdudlaşmır.

Bildirək ki, Göytəpə qədim yaşayış massivi ilə yanaşı, arxeoloqlar Tovuzun digər yerlərində də qazıntı işləri aparırlar. Belə ki, rayonun Əyyublu kəndi ərazisində qazıntılar zamanı e.ə III minilliyə aid qadın skeleti aşkarlanıb.
 

Tapılan insan sümükləri iki orta yaşlı qadına məxsusdur və onların üzərində dəmirdən və daşdan bəzək əşyaları var. Sümüklər aşkarlanan kurqanın kamerasında araba təkərləri olduğundan qadınların həmin arabada dəfn olunduğu güman edilir. Bildirək ki, tapılan materiallar əsasında həmin dövrün dəfnetmə adətləri ilə yanaşı, insanların qidalanması və həyat tərzi də dərindən araşdırılacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin