Lumia 1020 smartfonu satışa çıxarıldı

29 İyul 2013 23:12
41 meqapiksellik kamera ilə təchiz edilmiş Lumia 1020 modelinin satışlarına başlanılıb. Hələ ki qurğu yalnız ABŞ-da əlçatandır. AT&T salonlarında sözügedən qurğunu 660 dollara satın almaq olar. Operatorla iki il müddətinə müqavilə bağlandığı halda aparatın qiyməti 300 dollara başa gələcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Nokia Lumia 1020 smartfonu 1280x768 nöqtə təsvir ölçülü 4,5 düymlük AMOLED ekran, Gorilla Glass 3 qoruyucu şüşə, 1.5 QHs takt tezlikli Qualcomm Snapdragon S4 prosessoru, 2 QB əməli yaddaş və 32 QB daxili yaddaş, 1,2 meqapiksellik (MP) genişbucaqlı kamera və tərəflər nisbəti 4:3 və 16:9 olan 38 MP-lik fotoşəkil çəkməyə imkan verən 41 MP-lik modulla təchiz edilib.

ICTnews.az elektron xəbər xidməti tech.onliner.by saytına istinadən bildirir ki, kamerofonun ölçüləri 130×71×10,4 millimetr, çəkisi 158 qram təşkil edir. Akkumulyator batareyasının həcmi 2000 milliamper/saat təşkil edir. İstehsalçılar əmin edir ki, bu, 3G şəbəkələrində 13.3 saat danışığa, 6.8 saat videobaxışa, 63 saat musiqiyə qulaq asmağa və ya gözləmə rejimində 16 günə kifayətdir.

Nokia Lumia 1020 aparatı Avropada avqust ayında satışa çıxarılacaq.

Milli.Az