Azərbaycanlı futbolçu "Mançester Yunayted"də oynayacaq - VİDEO
27 İyul 2013 15:14
9 yaşlı Xaçmaz rayonunun Ağyazı kənd sakini Xəyal Əliyev İngiltərənin "Mançester Yunayted" komandasında forma geyəcək.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, ilk dəfə "Barselona" futbol klubunda türkiyəli qapıçı Rüştü Rəcbərin oyununu izləyəndə azərbaycanlı top ustalarının nə vaxtsa bu tip komandalarda oynayacağını yalnız xəyal etmək olardı. Artıq bu xəyallar reallığa çevrilmək üzrədir. Yaxın vaxtlarda azərbaycanlı Xəyal Əliyevi İngiltərənin məşhur "Mançester Yunayted" klubunda görə biləcəksiz.
Klubun AFFA ilə birgə ölkəmizdə həyata keçirdiyi yay futbol məktəbinin seçim turlarında 9 yaşlı Xəyal Əliyev ingiltərəli seleksiyaçı məşqçilərin etimadını qazanıb. O, "Mançester Yunayted" klubuna Azərbaycandan seçilən 6 futbolçudan biridir. Xaçmaz rayonunun Ağyazı kəndində yaşayan Xəyal, hələ ki, intensiv məşqlərlə məşğuldur.
Futbola uşaq yaşlarında maraq göstərən Xəyal Əliyev iki il bundan qabaq məşqlərə başlayıb. Müəllimi Zöhrab Mahmudov da yetirməsinin bu uğurunun gözlənilən olduğunu bildirib. O, Xəyalın sürətinin, topla davranışının və meydanda düşünmək qabiliyyətinin yüksək olduğunu bildirib.
Xəyal Əliyevin atası Vidadi Əliyev də futbolçudur. Peşekar futbolla məşğul olmasa da o, regionda keçirilən məxtəlif turnirlərdə iştirak edir. Oğlunun bu uğuru isə onu həm bir valideyn, həm də bir futbolçu kimi ümidləndirir.
Hazırda Xəyal Əliyevin Azərbaycanın "İnter" futbol klubu ilə 3 illik müqaviləsi var. Xəyal Mançester klubunun akademiyasına qəbul olunduqdan sonra ailəsi də İngiltərəyə köçəcək. Bu ölkədəki bütün xərcələr "Dumanlı albion" təmsilçisi tərəfindən qarşılanacaq. Xəyalın bir arzusu da var. İstedadlı uşaq "Mançester Yunayted" komandasının əsas heyyətində oynayacağı təqdirdə, rəqib qapısına vurduğu qoldan sonra formasını çıxararaq maykasında yazacağı Azərbaycan və Xaçmaz sözlərini arenada təqdim etmək ümidi ilə yaşayır.
Milli.Az