Çox qəhvə içməyin fəsadları
26 İyul 2013 18:25
Uzun zaman davamlı qəhvə içmək qəhvə aludəçiliyinə çevrilir ki, bu da narkomanlıqla bərabər tutulur
Çoxumuz qəhvə içməyi sevirik. Qəhvə yuxunu aradan qaldırır, insana ruh, canlılıq verir, aclığın qarşısını alır. Bununla belə qəhvənin zərərləri də az deyil. Mütəxəssislərin fikrincə, çox qəhvə içmək insanda bir çox ruhi pozğunluqlara gətirib çıxara bilər. Belə ki, həddən artıq doza kafein qəbulu kafein zəhərlənməsinə səbəb olur.
Dietoloq Samir Əhmədovun sözlərinə görə, kafein zəhərlənməsi özünü əsəbilik, həyəcan, üz qızarması, əzələ səyirməsi, nizamsız danışma, yuxusuzluq, sürətli və nizamsız ürək atışları simptomları ilə büruzə edir. Uzun zaman davamlı qəhvə içmək isə qəhvə aludəçiliyinə çevrilir ki, bu da narkomanlıqla bərabər tutulur. Qəhvə sevilən içki olsa da, sağlamlığa zərərləri də az deyil: "Qəhvənin tərkibində kafein olduğu üçün davamlı qəhvə qəbulu kafein asılılığı yaradır. Çox miqdarda kafein qəbulu ürək ritmini nizamsızlaşdırır. Ürək xəstəliyindən əziyyət çəkənlər qəhvə içərkən diqqətli olmalıdırlar".
S.Əhmədov qəhvənin miqren kimi xroniki ağrıları oyatdığını da bildirib. Dediyinə görə, çox qəhvə qəbulu bədəndə dəmir və kalsium əmilməsini yavaşıdır. Yüksək təzyiqi, mədə- bağırsaq problemləri olan insanlar qəhvə qəbul etdikdən sonra xəstəlikləri daha da güclənə bilər: "Qəhvə istehlakı bəzi insanlarda xolesterolu da artırır".
Gün ərzində 2-3 fincandan artıq qəhvə təzyiqi yüksəldir. Mədə xorasından əziyyət çəkənlərə 1 stəkandan artıq qəhvə məsləhət görülmür.
Dietoloq bildirir ki, hamilə olan və uşaq dünyaya gətirməyi planlayan qadınlar az qəhvə içməlidir. Çünki gündə 2 fincandan artıq qəhvə istehlakı uşaqsalma (hamiləliyin pozulması) riskini iki dəfə artırır.
Qəhvə qaraciyərdə glikojen ifraz olunmasına səbəb olur və qan şəkəri yaradır ki, bu da halsızlıq, əsəbilik, tərləmə və ürək atışını sürətlənməsi kimi problemlərin yaranmasına səbəb olur: "Qəhvə şəkərsiz, az şəkərli və ya çox şəkərli içilsə belə qan şəkərinin yaranmasına və çəkinin artmasına səbəb olur. Həddən artıq qovrulan qəhvə xərçəng riskini də qaldırır".
S.Əhmədov kafeinin uşaqlara xüsusi zərər verdiyini deyir: "Körpələr, azyaşlı uşaqlara qəhvə, ümumiyyətlə, verilməməlidir".
Müsahibimiz qəhvənin qadınlarıa və kişilərə təsirindən də söz açıb. Onnu sözlərinə görə, gündə 3 stəkan və daha çox qəhvə içən qadınların hamilə qalma ehtimalı 20 faiz aşağı düşür: "Cinsi həvəsi azalır, daxili tempraturda azalma müşahidə edilir".
Kişilərdə isə vəziyyət fərqlidir. Gün ərzində 2 -3 fincan qəhvə kişilərin cinsi həvəsini və sperma keyfiyyətini qaldırır. Hətta bunun üzərinə Braziliyada olan Sao Paulo Universiteti mütəxəssisləri tərəfindən edilən elmi təcrübələrdə və araşdırmalarda isə hər gün nizamlı olaraq qəhvə içən kişilərin içməyənlərə nisbətlə daha güclü spermaları olduğu sübut edilib. Harvard Universitetində 130 min könüllü üzərində aparılan araşdırmalar zamanı məlum olub ki, gün əzrində 2 fincana qədər qəhvə içmək sağlamlıq üçün xeyirlidir: "Məsələn, yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidantlar var. Bu da xərçəngə gətirib çıxaran hüceyrələrin çoxalmasının qarşısını alır. Elm adamlarının fikrincə, qəhvə dəri xərçənginin yaranmasını da ləngidir. Belə ki, gün ərzində 2 fincan qəhvə və səhər idmanı bədəni sağlamlaşdırır. Qəhvə öd daşlarına da faydalıdır".
Əhmədov bildirib ki, qadın bədəni kişi ilə müqayisədə iki qat daha çox öd daşı çıxarır. Gündə 2 stəkan qəhvə içən qadınların içməyənlərə nisbətlə 25 faizi daha az öd daşından şikayət etdiyi sübut edilib: "Qəhvə içmək diqqəti toplamağa da yardım edir. Nizamlı qəhvə içən insanlarda serroz və qaraciyər xərçənginə tutulma nisbətinin statistik olaraq, daha aşağı olduğu müəyyən edilib".
Ekspress.az