Asbest-şifer müəmması nə damlardan söküldü, nə də satışdan çıxarıldı

26 İyul 2013 17:06
Beynəlxalq Əmək Təşkilatının 162 saylı qərarına əsasən, asbest-şifer tipli örtüklərin Avropada istifadəsinə qadağa qoyulub. Bir il öncə belə bir məhdudiyyətin ölkəmizdə tətbiq ediləcəyi barədə rəsmi şəkildə açıqlama verilsə də, hələ ki, ortada konkret bir nəticə yoxdur.

Asbest-şiferlər xərçəngə səbəb olur. Ötən il ölkəmizdə bu məsələ rəsmi səviyyədə gündəmə gətirilmiş və qeyd edilmişdi ki, bu materiallardan olan evlərin damı dəyişdiriləcək. Hələ o vaxt bu məqsədlə 1 milyard manata yaxın vəsaitin ayrılacağı da qeyd olunurdu. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirmişdi ki, dam örtükləri üçün istifadə edilən şifer materiallarının hazırlanması zamanı xezantil asbestlərindən istifadə edilir. Bu isə xərçəng təhlükəsi yaradır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov isə demişdi ki, bu şiferlər radiasiya təhlükəsi yaradır: "Bu səbəbdən biz də dünyada mövcud olan standartları qəbul edirik və asbest-şiferlərdən istifadə tədricən aradan qalxacaq".

Həmin vaxtdan 1 ildən artıq vaxt ötməsinə baxmayaraq, asbest-şiferlərin istehsalı və ölkəmizdə satışı davam edir. Satıcılar bildirirlər ki, qadağaların olacağı barədə söz-söhbət yayılsa da, bu, təsdiqini tapmayıb. Aldığımız məlumatlara görə, şifer satışı ötənilkinə nisbətən bu il daha çoxdur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə qəzetimizə açıqlamasında Nazirlər Kabinetinin bununla bağlı qərarını gözlədiklərini söylədi: "Nazirlər Kabinetinin asbest-şiferlərin istehsalı və satışına qadağa qoyulması ilə bağlı qərarı olandan sonra bununla bağlı komitə tərəfindən müvafiq addımlar atılacaq. Hələ ki belə bir sənəd yoxdur".

Qeyd edək ki, xərçəngə səbəb olma təhlükəsi nəzərə alınaraq, hazırda Rusiyada, Ukraynada və digər ölkələrdə bu şiferlərdən istifadəyə qadağa qoyulub.

Təxminən bir il, ilyarım bundan öncə mətbuatda məlumat yayılmışdı ki, xərçəng yayma təhlükəsi nəzərə alınaraq, ölkəmizdə asbest-şiferdən ibarət olan bütün tikililərin dam örtüyü dəyişdiriləcək. Hələ o vaxt bu məsələ böyük rezonans doğurmuş və ciddi müzakirələrə səbəb olmuşdu. Yayılan məlumatlarda o da qeyd olunurdu ki, mövzu ilə əlaqədar Nazirlər Kabineti tərəfindən rayon icra hakimiyyətlərinə məlumat göndərilib və yerlərdə sözügedən tikililərin siyahıya alınması prosesinə start verilib.

Daha dəqiq desək, asbest-şiferlərin insan həyatı üçün təhlükəliliyi ilə bağlı ilk açıqlama Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu tərəfindən yayılmışdı. İnstitutun direktoru Adil Qəribovun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının 162 saylı qərarına əsasən, bu tipli örtüklərin Avropada istifadəsinə qadağa qoyulub. A. Qəribov bildirmişdi ki, dam örtükləri üçün istifadə edilən şifer materiallarının hazırlanması zamanı xezantil asbestlərindən istifadə edilir. Onların amfibol asbestlərinə nisbətən tozları az olur. Amma hər iki maddə insan orqanizminə daxil olur, ən azı 3 həftə orada qalır. Antiqnol isə 400-500 günə qədər insan orqanizmində qala bilir. Son nəticədə isə onlar eyni xəstəlik - ağciyər xərçəngi və digər xəstəliklər yaradır.

"Bu şiferlərin istifadədən çıxarılması düzgün olardı"

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov isə məsələ ilə bağlı açıqlamasında demişdi ki, ölkəmizdə asbest-şiferlərdən istifadəyə qadağa qoyulması barədə fikirlər təbiidir. Onun sözlərinə görə, Azərbaycanda bu şiferlərin istifadədən çıxarılması düzgün olardı: "Amma şiferlər dəyişdirilərkən bunun dövlət və ya əhalinin hesabına edilməsi ilə bağlı mexanizmlər hələ hazırlanmayıb. Bununla bağlı mexanizmlər hazırlanacaq".

Ramiz Həsənov qeyd etmişdi ki, xərçəng yaratması səbəbindən hazırda dünyanın əksər ölkələrində asbest-şiferlərdən imtina edilib: "Bu şiferlər radiasiya təhlükəsi yaradır. Bu səbəbdən biz də dünyada mövcud olan standartları qəbul edirik və asbest-şiferlərdən istifadə tədricən aradan qalxacaq".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov da asbest-şiferlərin insan həyatı üçün təhlükəli olduğunu vurğulamışdı: "Bu mənada asbest dam örtüklərinin dəyişdirilməsinin tərəfdarıyam. Hesabat hazırlanmalı və müəyyənləşdirilməlidir ki, neçə min evin dam örtüyü sözügedən materialdan ibarətdir. Məhz bundan sonra işlərə başlamaq olar. Bu məsələdə, ilk növbədə, şəffaflıq olmalıdır".

"Satış ötənilkinə nisbətən bu il daha çoxdur"

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bu barədə informasiyaların yayılmasından təxminən 1 ildən artıq vaxt ötür. Lakin bu barədə bu günədək heç bir addım atılmayıb. Araşdırmalarımız zamanı müəyyən olundu ki, hazırda ticarət mərkəzlərində və digər satış obyektlərində asbest-şiferlərin satışı davam edir. Bu barədə sahibkarlara hər hansı yasaq qoyulmayıb. Adının çəkilməsini istəməyən sahibkarlardan birinin qəzetimizə verdiyi məlumata görə, ötən il hər hansı qadağaların olacağı barədə söz-söhbət yayılsa da, təsdiqini tapmadı: "Asbest-şiferlərin satışdan çıxarılacağı və qadağa qoyulacağı deyilirdi. Ancaq hələ ki məhdudiyyət yoxdur. Əksinə, satış ötənilkinə nisbətən bu il daha çoxdur. Bildiyiniz kimi, yay mövsümü inşaat işləri üçün əlverişli hesab olunur. Odur ki, hazırda bütün ölkə boyu qızğın işlər gedir. Hazırda asbest-şifer alanlar kifayət qədərdir".

Həmsöhbətimizin sözlərinə görə, alıcılar bu şiferlərin təhlükəliliyi barədə heç bir sorğu-sual aparmırlar: "Alıcılar deyirlər ki, dədə-babadan belə şiferlərdən istifadə etmişik. Odur ki, bundan sonra da belə davam edəcək".

Müsahibimiz hər hansı rəsmi qadağa qoyulacağı təqdirdə, asbest-şiferlərin satışını dayandıracaqlarını söylədi: "Əslində bizim üçün heç bir fərqi yoxdur. Asbest şiferlərə qadağa qoyulacaqsa, vətəndaşlar digər növ şiferləri alacaqlar. Yəni biz buna görə heç nə itirmirik. Ancaq hələ ki heç bir qadağa yoxdur. Yəqin kimlərinsə marağında imiş, bir söz idi dedilər, unuduldu getdi. Açığı, sizin bu mövzunu yenidən gündəmə gətirməyiniz, daha doğrusu, unutmamağınız bizim üçün bir qədər qəribə gəlir".

Mövzu ilə bağlı Nazirlər Kabinetindən münasibət öyrənmək istəsək də cəhdlərimiz heç bir nəticə vermədi.

Nazirlər Kabineti hələ qərar verməyib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə qəzetimizə açıqlamasında Nazirlər Kabinetinin bununla bağlı qərarını gözlədiklərini söylədi: "Nazirlər Kabinetinin asbest-şiferlərin istehsalı və satışına qadağa qoyulması ilə bağlı qərarı olandan sonra bununla bağlı komitə tərəfindən müvafiq addımlar atılacaq. Hələ ki belə bir sənəd yoxdur".

Komitə rəsmisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun asbest-şiferlərin insan orqanizmi üçün təhlükəliliyi barədə rəyi ilə tanış olduqlarını dedi. Müsahibimiz vətəndaşlara həmin şiferləri almamağı tövsiyə etdi: "Belə deyək, ümumi rəylər var, onları birləşdirib yekun halda Nazirlər Kabineti qərar verəndən sonra biz asbest-şiferlərin istehsalı və satışı barədə tədbir görəcəyik. İndiki halda isə biz vətəndaşlara həmin şiferləri almağı tövsiyə etmirik".

"Zaman Azərbaycan"