Azərbaycanda ən qorxulu ilanlar hansı tərəfdədir?
26 İyul 2013 14:51
İyulun 1-dən 25-ə qədər 1 saylı xəstəxanaya ilan, əqrəb və qaraqurd dişləmiş 25 nəfər müraciət edib. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Səhiyyə Nazirliyinin baş toksikoloqu, 1 saylı xəstəxananın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, həmin dövr ərzində 16 nəfər ilan, 4 nəfər qaraqurd, 5 nəfər isə əqrəb dişləməsi ilə müraciət edib.
"Xəstəxanamızda bir nəfər gürzə zəhərindən dünyasını dəyişib. Bu 6 yaşlı Salyan rayon sakinidir. Onu gec gətirmişdilər, həm də ilkin yardım göstərməmişdilər. Əlbəttə ki, biz ilan zəhəri əleyhinə iynə vurduq, lakin artıq gec idi. Hazırda 3 nəfər stasionar şəkildə müalicə olunur. Onlar Siyəzən, Qəbələ və Şamaxı sakinləridirlər", - o əlavə edib.
Baş toksikoloq vətəndaşlara xəbərdarlıq da edib.
"Ağac altında oturmazdan əvvəl oranı yaxşı-yaxşı yoxlamaq lazımdır", - o qeyd edib.
Azər Maqsudov bildirib ki, Azərbaycanda ən çox ilan dişləməsi halları Bakıda və Abşeron yarımadasında - Bilgəh, Zirə, Maştağa, Qobu, Qobustan və s. kəndlərdə baş verir. Bundan başqa, Siyəzən, Şamaxı, İsmayıllı, Yevlax, Bərdə, Masallı və Lənkəran rayonlarında da bu cür hallar baş verir.
Milli.Az