Nabranda azyaşlının faciəsi ilə bağlı rəsmi məlumat - YENİLƏNİB - FOTO

23 İyul 2013 16:30

16:30


Baş Prokurorluq Nabrandakı istirahət mərkəzində azyaşlının faciəsi ilə bağlı məsələyə aydınlıq gətirib


İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

-----------

 16:17

 

İyulun 21-də Nabran Holiday Village-də baş verən hadisə ilə bağlı, hələ ki, cinayət işi açılmayıb.

Aznews.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, sözügedən faciə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsində materiallar toplanılıb və həmin materiallara hüquqi qiymət vermək üçün aidiyyəti üzrə Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, "Nabran Holiday Village"də baş verən dəhşətli hadisə zamanı hovuzun nasosu 2 yaşlı İmran Cəfərzadənin ayaqlarını sovurmuşdu. Uşağın yaxınlarının "Qafqazinfo"ya verdiyi məlumata görə, İmranın ayağının biri kəsilsə də, digərinin də kəsilmə təhlükəsi var: "Həkimlər deyir ki, 50 faiz ümid var ki, o biri ayağı kəsilməsin.

Yaranın infeksiyalaşma mərhələsi keçsin sonra xaricə aparmağa qoyacaqlar. Biz də ümid edirik ki, bəlkə, o biri ayağı xilas ola bilər. Hazırda Almaniyadakı xəstəxanalarla əlaqə saxlayırıq. Amma ora aparmaq da çox çətindir, xərcləri çoxdur".

---------
13:36

Azərbaycandakı sosial şəbəkələrdə və forumlarda Nabran qəsəbəsinin ərazisindəki "Nabran" istirahət mərkəzində Bakı şəhər sakini, azyaşlı İmran Cəfərzadənin ağır xəsarət alması haqqında yazırlar

O, hovuzda çimərkən su çəkən borunun pərlərinin arasına düşüb və ayağından məhrum olub.

Milli.Az xəbər verir ki, uşağın səhhəti haqqında məlumat almaq üçün Day.Az-ın əməkdaşı İmranın xalası Əzizə Baxşıyeva ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı cinayət işi açılıb.

"Dünən səhər müstəntiq bizə zəng elədi və dedi ki, gəlib ifadəmizi alacaq. Dünən axşam isə zəng eləyib dedi ki, istirahət mərkəzinin sahibləri ilə əlaqə saxlayıb və onlar bizə baş çəkəcəklər. Amma hələ ki, bizə heç kim zəng vurmayıb, uşağın səhhəti ilə maraqlanmayıb. Əməliyyat xərclərini öz gücümüzə ödədik", - o əlavə edib.

Əzizə xanımın sözlərinə görə, uşaq hazırda Mərkəzi Klinik Xəstəxanadadır. İmran çoxlu qan itirib. Dünən axşam onu palataya köçürüblər. Onun güclü ağrıları var. Çünki ayağının biri yoxdur. Hər iki omba sümüyü isə sınıb.

"İkinci ayağı da dağılmış vəziyyətdə idi. Sümüklərinin yalnız 40 faizi qalmışdı. Həkimlər onları, demək olar ki, hissə-hissə yığıblar. İkinci ayağının qalacağına ümid də 50 faizdir.

Bilinmir ki, sümüklər böyüyəcək, ya yox. Həkimlər deyirlər ki, infeksiya ehtimalı çox yüksəkdir. Yeganə ümidimiz uşağı xaricə aparıb müalicə etməkdir. Bunun üçün isə külli miqdarda pul lazımdır".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.