Əməkdar incəsənət işçisi: "Yaşar Nuri, Fuad Poladov, Fəxrəddin Manafov kimi aktyorlarla..." - FOTO

26 İyul 2013 02:30

"Bizim aktyorlarla işləmək çətindi, xüsusən də aktrisalarla..."

Qrim ustası, əməkdar incəsənət işçisi Elbrus Vahidovun Milli.Az-a müsahibəsi

Dosye: Elbrus Vahidov 1951-ci il iyunun 5-də Ağdaş rayonunda dünyaya gəlib. Uşaq ikən ailəsi ilə birlikdə Bakıya köçüb. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının qrim sexində çalışır, əməkdar incəsənət işçisidir. Filmoqrafiyasında qrim rəssamı və aktyor kimi iştirak etdiyi 70-dən çox bədii, sənədli, geniş ekran və televiziya üçün çəkilmiş film, eləcə də teletamaşalar var: "1001-ci qastrol", "Ac həriflər", " Ad günü", "Aktrisa", "Bağlı qapı", "Əzablı yollarla", "Bala başa bəla", "Bəyin oğurlanması", "Bizi bağışlayın", "Çölçü", "Dantenin yubileyi", "Evləri köndələn yar", "Əlvida, cənub şəhəri", "Fatehlərin divanı", "Fəryad", "Həm ziyarət, həm ticarət", "Hər şey yaxşılığa doğru", "İstintaq", "Qala", "Küçələrə su səpmişəm", "İşarəni dənizdən gözləyin", "Atları yəhərləyin", "Qətldən yeddi gün sonra", "Onun bəlalı sevgisi", "Otel otağı", "Ovsunçu", "Ölsəm...bağışla", "Özgə ömür", "Özgə vaxt", "Park", "Təhminə", "Tütək səsi", "Üzeyir ömrü", "Xoşbəxtlik qayğıları", "Yalan", "Yaramaz", "Yarımştat", "Yaşıl eynəkli adam", "Yeddi oğul istərəm" və s.
 

O, kinonu kino edənlərdən biridir. Ən geniş mənada kollektiv sənət növlərindən biri, bəlkə də birincisi olan kino vizual incəsənət növləri arasında illüziyaya daha çox qol-qanad verməsi ilə fərqlənir. İllüziyanın qanadlanmasını təmin edən amillərdən biri isə bacarıqla edilmiş qrimdir. Azərbaycan kinosunun ən yaxşı qrim ustası kimi tanınan Elbrus Vahidov bu işə ilk gündən elə bağlanıb ki, kinonun tənəzzül keçirdiyi dövrlər də onu öz yolundan sapındıra bilməyib. Digər tərəfdən Elbrus Vahidov bəxti gətirən kino xadimlərimizdəndir. İlk gənclik yaşlarında böyük idmana, daha sonra isə təsviri sənətə olan maraq, həvəs, istedad və bacarığının yönəltdiyi dolanbaclar, nəhayət, onu kinostudiyaya gətirib-çıxarıb. Və nə yaxşı ki, belə həlledici məqamda bəxti gətirib - o zaman C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov imiş. Məhz o, gənc Elbrus Vahidova qrim ustası kimi özünü sınamağı tövsiyə edib və... bu dəfə də yanılmayıb. İlk filminin - "Tütək səsi"nin ayağı sayalı olub.
 

- Rasim Ocaqovun məni, 22-23 yaşlarında gənc qrimçini belə bir filmə əsas qrim ustası kimi dəvət etməyi indi mənə qəribə görünür. Həm tarixi filmdi, həm sanballı ədəbi materialdı, həm də o boyda aktyorlar çəkilirdilər. Nə isə, bütün gücümü səfərbər eləmişdim. Bütün uğurlarıma görə müəllimlərimə borcluyam. İlk ustadım Barisaşvili olub, o, "Azərbaycanfilm"də qrim məktəbinin yaradıcısı idi. Bizdən soruşurdu ki, deyin görüm kim bu sənətdə qalacaq? Uşaqların hamısı cavab vermişdi ki, başqa peşənin dalınca getməyəcəyik. Bircə mən demişdim ki, burada müvəqqətiyəm, gələn il təsviri sənət üzrə təhsilimi davam etdirəcəm. Amma iş elə gətirdi ki, yoldaşlarımın hamısı sonradan başqa peşəyə maraq göstərdilər, bircə mən qrim sexində qaldım. Bilavasitə çəkiliş meydançasındakı ustadım isə Bereznyakov idi.
 

- 45 ildi bu sənətdəsiniz. Yəqin ki, qeyri-ixtiyari kino istehsalındakı bugünkü vəziyyəti ötən illərlə müqayisə edirsiniz. Bu zaman hansı mənzərə yaranır?

- Ümumiyyətlə, bütün müəssisələrdə, ələlxüsus da kinostudiya kimi yaradıcı bir yerdə rəhbərliyin kollektivin öz içindən seçilib təyin olunması məqsədəuyğundur. Kinostudiyada, xüsusən də biz, qrim ustalarının işində vəziyyət günü-gündən pisləşir. Adicə komfortlu iş şəraiti ilə təmin olunmuruq. 10 ildi söz verirlər ki, kinostudiya əsaslı təmir olunacaq, hələ də heç bir irəliləyiş yoxdu. Bizim kino sənayemiz elə təkcə Rusiyadan 20 il geri qalır, köhnə üsullarla işləyirik. Bütün bunlar azmış kimi, onsuz da, az sayda çəkilən filmlərimizə nə qədər xərc çəkib xaricdən qrim ustaları dəvət edirlər. Bunun səbəbi aydın deyil. Tələbələrim var, amma hamısı ya televiziyalardadı, ya da teatrlarda. Çünki film az çəkilir, onlara da əcnəbi qrim ustalarını dəvət edirlər.
 

- Başqa ölkələrin kinostudiyalarından dəvət almısız?

- Olub, amma çoxdan - İrandan və Rusiyadan dəvətlər olub. Gəncliyimdə, ümumiyyətlə, Azərbaycanı tərk edib Türkiyəyə köçmək istəyirdim...
 

- Niyə məhz Türkiyəyə?

- Nə bilim, cavan idim, nəsə Türkiyə məni cəlb edirdi, necə olmasa xarici ölkədi, həm də orada qrim ustalarının maddi təminatı yaxşıdı.
 

- Biz tamaşaçılar hansısa aktyorun rolda tanınmaz dərəcədə dəyişdiyini heyranlıqla müşahidə edəndə onun qriminə də fikir veririk, obraza ustalıqla daxil olduğuna da. Belə effektin baş verməyi əlli-əlliyə olur, yoxsa hansısa tərəfin səyi daha önəmlidi?

- Məncə, bu, qrim ustasının xidmətidi, amma təbii ki, aktyordan da çox şey asılıdı. Əgər aktyor istedadsızdırsa, təkcə mükəmməl qrimlə iş başa gəlməz. Əsl istedad sahibi olan aktyorlarla da işləmişəm, saxta aktyorlarla da. Amma tərəf-müqabili olduğum aktyorların hamısı əsl sənətkar, əsl peşəkardırlar. Yaşar Nuri, Fuad Poladov, Fəxrəddin Manafov kimi aktyorlarla balaca epizodda olsa da belə, tərəf-müqabili olmaq xoşbəxtlikdi...
 

- Deməli, özünüzü aktyor kimi də sınamısınız? Bu, necə baş verib, hansı filmlərdə çəkilmisiniz?

- Bəli. Əslində bu, mənim ikinci peşəmdi. Adil İsgəndərovun üçillik aktyor kursunu bitirmişəm. O vaxtlar aktyor olmaq istəyirdim. İyirmiyə yaxın filmdə epizodik rollarda çəkilmişəm. Ya hansısa epizoda aktyor tapılmayanda, ya da elə-belə xətrimi çox istədiklərindən rejissorlar məni də öz filmlərinə daxil ediblər. Daha çox Rasim Ocaqov məni çəkib. Deyirdi ki, sənin ayağın yüngüldü, filmə uğur gətirir. Ondan başqa Oleq Səfərəliyevin, Ramiz Həsənoğlunun, Zaur Məhərrəmovun da filmlərində epizodlarım var. Nisbətən daha böyük rolum Stalin obrazını hesab edirəm. Zaur Məhərrəmov Məmmədəmin Rəsulzadəyə həsr olunmuş "Əzablı yollarla" sənədli filmini çəkəndə qrim otağında dedi ki, Stalin roluna hələ də aktyor tapmayıb. Mən də dedim ki, onda elə məni çək o rola. O vaxt, doğrudan da, Stalinə əməlli-başlı bənzərliyim var idi. Filmdə Rəsulzadə ilə Stalinin görüşü epizodunu oynamalı idim. Məmmədəmin Rəsulzadənin obrazını isə onun nəvəsi Rəis Rəsulzadə canlandırırdı. O filmin çəkilişlərindən aldığım təəssüratı hələ də unuda bilmirəm.
 

- Müasir mövzulu filmlərdə işləmək maraqlıdır, yoxsa tarixi?

- Əlbəttə, tarixi. Bir də nağıl-filmlərdə. Orada fantaziyaya geniş imkanlar açılır. Təəssüf ki, indi nağıl-filmlər çəkilmir. Tarixi filmlərdən isə "Sübhün səfiri", hazırda İctimai Televiziyada istehsal olunan "Qarabağnamə", 2 Avqust - Milli Kino Günündə premyerası baş tutacaq "Dərvişin qeydləri" filmlərinin adlarını çəkə bilərəm.
 

- Sırf texniki baxımdan iş prosesində hansı dəyişikliklər baş verib? Qrim vasitələrinin keyfiyyəti və sairəyə aid.

- Əvvəllər aktyoru qrim eləmək üçün adi süfrə jelatinindən istifadə edirdik. İndi isə xüsusi firma var, onun məhsullarını alırıq. O firma arterial və venoz qandan tutmuş ən müxtəlif süjetli filmlərin çəkilişində lazım olan bütün qrim vasitələrini hazırlayır. Hətta irini də. Amma saqqalla-bığı öz əlimizlə hazırlayırıq. Bunun üçün xüsusi fransız ipək lif istifadə olunur.
 

- Yəqin ki, qrim ustasının otağında aktyorların xasiyyətlərinin fərqli cəhətləri üzə çıxır. Bu vaxta qədər nələri müşahidə eləmisiniz? Xüsusən aktrisalar haqqında nə deyə bilərsiniz? Axı ekranda kifir görünməkdən çəkinməmək aktrisanın istedadının daha bir çalarıdı.

- Bizim aktyorlarla işləmək çətindi, xüsusən də aktrisalarla, ona görə onları qrimləməyi çox vaxt köməkçimə həvalə edirəm. Özləri üçün gündəlik həyatda yaratdıqları obrazdan heç cürə əl çəkə bilmirlər. Deyirəm ki, axı filan tarixi dövrə, ya da filan müasir obrazın xarakterinə hansısa makiyaj elementi uyğun deyil, olmamalıdı. Kimə deyirsən? Qrim otağından çıxan kimi oğrun-oğrun bildiklərini edirlər. Hamısı belədi. Amma təbii ki, xarici görünüşünü aktyorluq sənətindən üstün qoymayan aktrisalar da var. Məsələn, Leyla Bədirbəylinin belə bir kompleksi yox idi. O, ümumiyyətlə, ünsiyyətə açıq, çox sadə insan idi. Otaqlarımız yanaşı idi, boş vaxtlarında həmişə nəsə toxuyurdu, hərdən də məni çağırıb soruşurdu ki, bax, gör düz toxuyuram?

Aktyorlarımızın da qrimlənməklə araları yoxdu. Rəhmətlik Həsənağa Turabov qrim otağını mümkün qədər tez tərk eləməyə çalışırdı. Rasim Balayevin yapışqandan zəhləsi gedir. Deyəsən, allergiyası var, dərisinə pis təsir edir. Rusiyalı aktyorlar belə deyillər. Heç nəyə etiraz etmirlər, qrim ustasının işinə mane olmurlar. (Elbrus Vahidov Qalina Polskix, Elina Bıstritskaya, İrina Kupçenko, Liya Axedjakova, Kote Maxaradze, Aleksandr Kalyagin, Rolan Bıkov, Mixay Volontir kimi sovet kinosunun kimi ən tanınmış aktyorları ilə işləyib - red.).
 

- Ümumiyyətlə, qrimin aktyora pis təsiri nə dərəcədədi?

- Təbii ki, bu prosesdə pis təsir yox deyil. Qırış effekti verən qrimdən həqiqi qırışlar əmələ gəlir. Şram məcununu isə eyni bir aktyorda 2-3 dəfədən artıq istifadə etmək olmaz, yoxsa həmin aktyorun üzündə onun izi qala bilər. Əslində aktyorla qrim ustası obrazın simasını tapmaqda həfikir olmalıdırlar. Sıxılıb oturan aktyorlarla işləmək çətindi, başa düşmək olmur ki, elədiyim qrim onun ürəyincədi, ya yox. Mütləq müzakirə getməlidi, variantlar sınanmalıdı. Məsələn, "Otel otağı" filmi çəkiləndə Fəxrəddin Manafov yaşca özündən çox böyük olan obrazı canlandırmalıydı. Qrim otağında güzgünün qarşısında oturub onun simasının yaşlanmış dövrünün görünüşünü axtarırdıq. Birdən Fəxrəddin saçını filmdə gördüyünüz tərzdə daradı və bu variant hər ikimizin ağlına batdı...
 

Samirə Behbudqızı
Milli.Az