"Jiquli" dərəyə yuvarlandı, yaralılar var - YENİLƏNİB - FOTO

18 İyul 2013 16:57
16:57

Şirvan rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ağır yaralanıb.


Xəsarət alanların hamısı bir avtomobildə olublar. Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Belə ki,yola çıxmaq istəyən Bakı şəhər sakini Zamiq Əliyev idarə etdiyi "Chevrolet Niva" markalı avtomaşını ilə Sabirabad istiqamətində hərəkətdə olan 1974-cü il təvəllüdülü Sabirabad sakini Şahlar Tapdıqovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən Zamiq Əliyevin idarə etdiyi avtomobil 20 metr ətrafa, yol kənarındakı dərəyə yuvarlanıb. Avtomobilin içərisində olan sərnişinlər, Şirvan sakini Nağıyeva İlahə Qabil qızı, Sabirabad rayon Yaxa Dəllək kənd sakinləri Rəhmətova Mənsurə Heydər qızıTapdıqova Elmirə Heydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, sürücü Zamiq Əliyevin vəziyyəti ağır olduğundan o dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralıların vəziyyəti isə qənaətbəxşdir.

Qeyd edək ki, hadisə nəticəsində yolun kənarındakı qaz borusu yerindən tərpənsə də, xoşbəxtlikdən hər hansı bir partlayış hadisəsi baş verməyib. İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb hər iki sürücünün sürət həddini aşması göstərilir. Hazırda faktla bağlı Şirvan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

-----------
13:41

Şirvan şəhəri ərazisində 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.


Anspress-in verdiyi məlumata görə, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də 1 May küçəsində qeydə alınıb.

Sabirabad istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Zərbə nəticəsində "Jiquli" yoldan çıxaraq dərəyə yuvarlanıb. Digər avtomobil isə yol kənarındakı qaz borularına çırpılaraq dayanıb.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü 39 yaşlı Şahlar Tapdıqov, sərnişinlər 58 yaşlı Elmira Tapdıqova, 43 yaşlı Mənsurə Raxmatova və 32 yaşlı İlahə Nağıyeva müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirib. Hadisənin hansı sürücünün səhvi üzündən baş verməsi polis tərəfindən araşdırılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.