Ağstafanın su təchizatı və kanalizasiya sistemləri tamamilə yenilənib
15 İyul 2013 18:12
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Ağstafa şəhərində yenidənqurma və abadlıq işləri davam edir. Rayonun su təchizatı və kanalizasiya sistemləri tamamilə yenilənərək sakinlərin istifadəsinə verilib.
Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı sərəncama əsasən, regionların iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planına əsasən, Ağstafada da bir sıra tədbirlər həyata keçirilib. Bunlardan biri də Ağstafa şəhərinə içməli su xəttinin çəkilməsidir. Layihə Ağstafanın inzibati mərkəzi ilə yanaşı, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir.
Ağstafa Sukanal idarəsinin rəis müavini Səlaəddin Babakişiyev: "Ağstafa rayonunun su və kanalizasiya xətti tamamilə yenilənib. Biz artıq 700-dən çox abunəçiyə sayğac quraşdırmışıq. Yaxın 10 gün ərzində əhalinin su ehtiyacı tamamilə təmin olunacaq. Həsənsu ərazisində 5 ədəd artezian quyusu qazılıb. Həmçinin orada böyük su anbarı da inşa edilib".
Layihənin icrası üç mərhələdə həyata keçirilib. Əvvəlcə magistral boru xətti, su anbarları, xlorvurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərin tikintisi başa çatdırılıb. Həsənsu və Vurğun kəndləri zonasında beş subartezian quyusu qazılıb, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli sukanal idarəsi üçün inzibati bina və istehsalat bazası tikilib.
"Ağstafa sukanal idarəsinin yeni binası 5 korpusdan ibarətdir. İnzibati bina, xidməti bina, təchizat bazası, yuma sexi, çilingər sexi. Bu mərkəz yaxın günlərdə istifadəyə veriləcək".
Layihənin icrası ENEP ARQUS şirkəti tərəfindən həyata keçirilib. Hazırda çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır.
Bildirək ki, su sistemi ilə yanaşı, Ağstafa rayonun kanalizasiya sistemi də yenilənib. Köhnə borular yeni plastik borular ilə əvəzlənib.
Bu işlər Ağstafa şəhərinin Xətai qəsəbəsi, Qaçaq Kərəm və Yenigün kəndlərində həyata keçirilib.
Milli.Az