İslamda cizyə vergisi nədir?
14 İyul 2013 17:34
Cizyə əmri Həzrət Mühəmməd Peyğəmbərə (s) hicri 9-cu ildə vəhy edilmişdir. Cizyə hər kəsdən maddi imkanına uyğun olaraq alınır. Bəzi mənbələrdə Həzrət Mühəmməd Peyğəmbərin (s) adambaşına bir dinar məbləğində cizyə aldığı bildirilir. İkinci xəlifə Ömər ibn Xəttab əhli-kitabın kasıb olanlarından 12 dirhəm (bir dinara bərabərdir), orta səviyyədə yaşayanlardan 24 dirhəm, varlılardan isə 48 dirhəm cizyə alırmış.
Cizyənin məbləği yalnız yetkinlik yaşına çatmış, azad, sağlam kişilər üçün adambaşı-na hesablanır. Xəstələr, uşaqlar, yaşı ötmüş qocalar, kölələr, qadınlar və əqli cəhətdən qüsuru olanlar cizyədən azaddırlar. Cizyənin şərti, onu verən adamın hərbi xidmətə yararlı olmasıdır; hərbi xidmətə yararsız olan təbəqələrdən cizyə alınmaz. Cizyə verən şəxs hərbi xidmətdən azaddır. Əgər könüllü surətdə hərbi xidmətə gedərsə, onda cizyədən azad olur. İslamı qəbul edən şəxs cizyə verməkdən azad edilir və müsəlmanlara aid olan bütün hüquqlar ona da şamil olur. Dünyəvi həyatdan uzaqlaşıb ibadət ocaqlarına (monastrlara) çəkilən və yalnız ibadətlə məşğul olan rahiblərdən də cizyə alınmaz.
Milli.Az İslam.az-a istinadən bildirir ki, cizyənin hansı təbəqədən alınması barədə alimlər arasında fikir ayrılıqları vardır. İmam Əbu Hənifəyə görə, cizyə yalnız əhli-kitabdan və ərəb olmayan müşriklərdən alına bilər, ərəb müşriklərdən alınmaz. Əbu Hənifənin şagirdi Əbu Yusufə görə, istər əhli-kitab, istərsə də müşrik olan ərəblərdən cizyə alınmaz, lakin ərəb olmayan əhli-kitabdan və müşriklərdən alınar. İmam Şafii isə ərəb olub-olmamasına baxmayaraq, cizyənin yalnız əhli-kitabdan alınmasını şərt bilir; ərəb və ya qeyri-ərəb müşriklərdən alınmasına icazə vermir. İmam Malik ibn Ənəs bütün qeyri-müsəlman müşriklərdən (millətinə, əhli-kitabdan olub-olmamasına baxmayaraq) cizyə alınmasına fətva vermişdir. Cəfəri məzhəbində cizyə yalnız əhli-kitabdan alınan vergidir, müşriklər (millətindən asılı olmayaraq) bura aid deyillər. Məcusilər (atəşpərəstlər) də əhli-kitabdan sayılır və cizyə verən təbəqəyə aid edilirlər.
Milli.Az