Çinlilər HP-ni devirdilər

13 İyul 2013 19:57
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu ilin ikinci rübündə bazara təqdim edilmiş   personal kompüterlərin 16,7%-i Lenovo şirkəti tərəfindən buraxılıb. HP 16,3% bazar payı ilə ikinci yeri tutub. Liderlər beşliyinə Dell, Acer və Asus şirkətləri daxil olub.
Ümumilikdə 2013-cü ilin aprel-iyun aylarında 76 milyon fərdi kompüter bazara çıxarılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% azdır.

Fərdi kompüterlərin təchizat həcmi beş rüb ərzində enməkdə davam edir, və analitiklər bu prosesi fərdi kompüterlərin tarixində ən uzunsürən azalma adlandırıblar.

Ötən ilin ikinci rübü ilə müqayisədə ən çox təchizatlar Avropa, Afrika və Yaxın Şərq ölkələrində 16,8% azalıb. Asiya-Sakit Okean regionunda azalma 11,5%, ABŞ-da isə 1,4% təşkil edib.

IDC-nin məlumatlarına əsasən, aprel-iyun aylarında kompüter təchizatı 75,6 milyon ədəd təşkil edib, bu da bir il öncəki göstəricidən 11,4% azdır.

Fərdi kompüterlərə olan tələbatın azalması sensor ekranlı və aparat klaviaturası olmayan planşet qurğularla izah olunur. Qeyd edək ki, analitik şirkətlər iPad və ona oxşar qurğuları fərdi kompüterlərə aid etmirlər və onları statistikaya daxil etmirlər.

Milli.Az