Azərbaycana psixotrop dərman preparatlarının gətirilməsinin qarşısı alındı

9 İyul 2013 16:57
İrandan Azərbaycana qanunsuz yolla xeyli miqdarda psixotrop dərman preparatlarının gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Əziz Məmmədova məxsus irihəcmli sellofan torbaya baxış keçirilib.

Baxış zamanı oradan gömrük nəzarətindən gizlədilmiş, hər birində 10 ədəd kapsul olmaqla 94 konvalyut "Tramadol Capsules 100 mg" adlı və hər birində 20 ədəd həb olmaqla 72 konvalyut "Diazepam 10" adlı dərman preparatları aşkar olunub.

Xatırladaq ki, "Diazepam 10" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və 1440 ədəd həbdə diozepamın təsiredici maddəsinin ümumi miqdarı 14,4 qram təşkil edir.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Adil Qənbərova məxsus irihəcmli sellofan torbaya baxış zamanı isə oradan gömrük nəzarətindən gizlədilmiş, hər birində 10 ədəd kapsul olmaqla 204 konvalyut "Tramadol Capsules 100 mg", hər birində 20 ədəd həb olmaqla 62 konvalyut "Diazepam 10" adlı və hər birində 10 ədəd həb olmaqla 42 konvalyut "Clonazepam 2" adlı dərman preparatları aşkar edilib.

Bir daha xatırladaq ki, "Diazepam 10" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və 1240 ədəd həbdə diozepamın təsiredici maddəsinin ümumi miqdarı 12,4 qram təşkil edir.

"Clonazepam 2" adlı dərman preparatı da "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və 420 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,84 qram təşkil edir.

Milli.Az