Amerikalı casus və ya Vaşinqtonun yeni oyunu?
9 İyul 2013 17:45
Super film olan "Terminal"ın qəhrəmanı Tom Henks - Viktor Navorskinin Nyu-York aeroportunda yaşamağı öyrəndiyi süjeti hər kəs xatırlayır. Həyatda hər şey daha maraqlı alınır. Amerika xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snoudenin Moskvanın "Şeremetevo" aeroportunda necə, ən əsası, hava limanının harasında "məskunlaşması" ilə bütün dünya maraqlanır. Lakin bu, hələlik çox az adama məlumdur. Kino personajını ondan fərqləndirən də məhz budur. Navorskinin taleyilə yalnız cazibədar stüardessa maraqlanırdısa, Snouden haqqında dünyanın siyasi liderləri danışır.
Səbəb isə bu şəxsin qərəzsiz informasiyaları, daha dəqiqi, ABŞ haqqında "hamıya çoxdan məlum olan sirləri" dilə gətirməsidir. Sən demə, ABŞ-da xüsusi xidmət orqanlarına internet istifadəçiləri və mobil operator müştərilərinin izlənilməsinə imkan verən PRISM proqramı var imiş.
Dünya KİV-i müxtəlif mənbələrə istinadla Snoudenin məxfi informasiyalar "axını"nı bir neçə il ərzində hazırladığını iddia edir. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı özünü yaxşı sığorta edib - o, oğurlanmış məxfi sənədlərin sürətini çıxarıb, onları müxtəlif ölkələrdə olan çox sayda insana paylayıb.
Həmin insanlar yalnız Snoudenin başına nəsə gələcəyi təqdirdə, informasiyaları əldə etmək üçün parola yiyələnəcəklər. 2009-cu ilədək MKİ-də çalışmış Snouden Honkonqun "South China Morning Post" qəzetinə müsahibəsində bildirib ki, 2013-cü ilin yazında Amerika xüsusi xidmət orqanlarının amerikalıların telefon danışıqları və onların internetdəki fəaliyyəti haqda informasiyaların toplanılması sifarişini həyata keçirən Booz Allen Hamilton şirkətində məqsədli şəkildə işə düzəlib. Sistem administratoru məxfi faylları da bu yolla əldə edib.
İndi Snouden yazılı müraciətlərində bildirir ki, o, ABŞ hökumətinin ölkə Konstitusiyasını, daha dəqiq desək, ona edilmiş 4-cü və 5-ci düzəlişləri pozmasına qarşı çıxır. Qeyd edək ki, Konstitusiyaya 4-cü düzəlişdə söhbət "xalqın öz şəxsiyyəti, mənzilini, sənədlər və əmlakını əsassız axtarışlar və həbslərdən müdafiə etmək hüququ"ndan gedir.
Amerika hökumətisə Snoudeni məxfi məlumatları yaymaqda, ölkənin milli təhlükəsizliyinə zərbə vurmaqda günahlandırır. Nəticədə, keçmiş MKİ əməkdaşı ölkədən qaçmalı olub. Bir müddət Honkonqda qalan Snouden iyunun 23-də Moskvanın "Şeremetovo" aeroportuna gəlib, oradan Havanaya, daha sonra isə Ekvador hökuməti ona siyasi sığınacaq verməyə hazır olduğundan Kitoya uçub. 3 gün ərzində aeroportda və "Moskva-Havana" marşrutu ilə uçan təyyarədə, həmçinin hər ehtimala qarşı, Ekvador və Venesuela səfirliyinin önündə keşik çəkmiş jurnalistlər isə heç nə əldə edə bilməyiblər. Snouden onu müşayiət edən WikiLeaks layihəsinin hüquqşünası Sara Harrison ilə birlikdə sanki qeybə çəkilib - onları nə təyyarənin göyərtəsində görən olub, nə də tranzit zonasında.
Üstəlik, ABŞ hökuməti Snoudenin pasportunu ləğv edib. O, Suriya vizası da almayıb. Sonradan Univision televiziyası Snoudenə, guya, Ekvador hökuməti tərəfindən verilmiş tranzit sənədinin surətini nümayiş etdirib.
Bütün bunlar prezidentlər Vladimir Putin ilə Barak Obama arasında "Böyük səkkizlik"in sammitində, açıq desək, o qədər də "isti" keçməyən söhbətindən cəmi bir neçə gün sonra, Rusiya ilə ABŞ-ın yenidən diplomatik müharibənin bir addımlığına gəlmələrinə səbəb olub. ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiya və Çin hökumətlərini MKİ-nin sabiq əməkdaşını Amerikaya təhvil vermək çağırışları nəticəsiz qalıb. Əlacı kəsilən Kerri Vaşinqtonla bu məsələdə əməkdaşlıq etməyən ölkələri hansısa "fəsadlar"la hədələyib.
Sonradan Kerri "Rusiya ilə münasibətlərin gərginləşdirilməsinə ehtiyacın olmadığını" desə də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Snoudenə görə ölkəsinin "ABŞ-a qarşı qəsddə" və "Amerika qanunlarını pozmaqda" günahlandırılmasına heç bir əsas olmadığını bəyan edib.
"Biz hesab edirik ki, prezident Vladimir Putinin də qeyd etdiyi kimi, Snouden azad insandır. Bizim ona qarşı heç bir hüquqi iddiamız yoxdur. O, bizim qanunlarımızı pozmayıb, sərhədimizi keçməyib, aeroportdakı tranzit zonadadır və istədiyi istənilən istiqamətdə uçmaq hüququna malikdir", - deyə Lavrov qeyd edib.
Putinə gəlincə, o, Rusiya xüsusi xidmət orqanlarının "heç vaxt, o cümlədən bu gün də cənab Snoudenlə işləmədiyini" bildirib.
ABŞ keçmiş MKİ əməkdaşını təhfil vermək istəməyən Çinlə də mübahisə edib. Pekin, bir tərəfdən amerikalıların kiberməkanda Çini necə güddüyünü açıqlayan (halbuki, Ağ Ev özü Pekini analoji məsələdə ittiham etməyi xoşlayır) insanı Vaşinqtona təhvil vermək istəməsə də, amerikalılarla münasibətlərin korlanmasında da maraqlı deyil. Honkonq rəhbərliyi bəyan edib ki, Snoudenin saxlanılmamasına səbəb bürokratik yanlışlıqdır - sənəddə adı düz yazılmayıb.
Amerika xüsusi xidmət orqanlarına və Pentaqona bu hücum haradan qaynaqlanır? Prosesin əsasını hələ də elə həmin Ekvadorun Londondakı səfirliyində yaşayan Culian Assanc qoyub. İndi isə ortaya qəflətən Snouden çıxıb. Özü də o, heç də populyarlıq arzusunda olan casus və ya psixi problemli insan deyil, bütün insanların hüquqları uğrunda mübarizə aparan tənha mübariz obrazındadır. Güclü mövqedir.
Bu baxımdan, Vladimir Putinin məsələyə münasibəti maraqlıdır: "Assanc da Snouden kimi, özünü hüquq müdafiəçisi sayır və informasiyaların yayılması uğrunda mübarizə apardığını bildirir. Düşünün: belə insanları həbsxanaya salınacaqları ölkəyə təhvil vermək lazımdırmı? İstənilən halda, mən bu işlə məşğul olmaq istəməzdim. Çünki bu, çoşqanı qırxmaq kimi mənasız işdir - səs-küy və zingilti çox olsa da, tük əldə etmək olmur".
Yeri gəlmişkən, məsələyə bu cür yanaşma WikiLeaks rəhbərliyinin çox xoşuna gəlib və onlar "Twitter" mikrobloqunda "prezident Putinə dəstəyə görə" açıq şəkildə minnətdarlıq ediblər.
Bəs, adi insanlar və internet istifadəçiləri buna nə deyir? Ən azı, ruslar bloqlarda və sosial şəbəkələrdə baş verənləri lağa qoyurlar. Məsələn, "Facebook" sosial şəbəkəsində Snoudenin fotosunun sayı-hesabı yoxdur. Fotonun altında isə yazılıb: "Diqqət! Axtarış! Edvard Cozef Snouden".
Həqiqətən də, burada nə var ki? Xüsusi xidmət orqanlarının siyasətçiləri, bir-birlərini, adi vətəndaşları dinləməsi yenilikdirmi? Hər halda, məşhur "Uoterqeyt" qalmaqalı da respublikaçı Niksonun adamlarının demokratların mənzil-qərargahında dinləmə aparatları quraşdırmasından sonra yaşanmışdı. BuzzFeed isə redaksiyanın ələ keçirdiyi sənədlərə istinadən xəbər verir ki, Assanca sığınacaq vermiş Ekvadorun kəşfiyyat xidməti Snoudenə də qucaq açmağa hazırdır. Guya, onlar elektron kommunikasiyaların izlənilməsi üçün xüsusi avadanlıq əldə etməyə çalışır.
Əslində, sanki baş verənlər bizi, guya, narahat etməlidir. Amma digər yandan, axı, biz özümüz bütün həyatımızı ciddi-cəhdlə internetə qoymuşuq. Məgər, sosial şəbəkələr məzaradək bizə sadiq qalacaqlarına söz veriblər? Və ya internetdə istifadəçi müqaviləsinin altında "quş" qoyaraq "imza" atarkən, biz orada yazılanları diqqətlə oxuyuruqmu? İnternetin yaradılması ideyasının özünün hərbi qurumda, elə həmin Pentaqonda meydana çıxdığını unutmaq lazım deyil!
Bəlkə, elə əvvəldən internetin yaradılmasında məqsəd informasiya mübadiləsi yox, həmin informasiyanı nəzarətdə saxlamaq, onun hissələrə bölünməsi imkanını qazanmaq, informasiyanı internetin köməyilə istiqamətləndirmək və idarə etmək olub? Heç vaxt bu haqda eşitməmisiniz? Ola bilməz! İndi bu mövzu hətta məktəblilər arasında da müzakirə olunur. Bundan başqa, hamı bilir ki, informasiya ən vacib və ən güclü silahdır.
Düzdür, kafelərdə oturan adi vətəndaşların postları və ya paylaşılan pişik şəkilləri heç kəsin marağını cəlb etmir. Amma sizin korporativ sirlərə çıxışınız varsa, bu, başqa məsələ... Almaniyanın ədliyyə naziri Sabina Loythoyzer-Şnarrenberger məhz, bu səbəbdən, Londondan (əslində, London "dinləmə" məsələsində Avropada Vaşinqtonun sağ əli sayılır) cavab tələb edir. Bu, kifayət qədər ciddi dəlil və iddiadır. Axı, kommersiya sirrilə bağlı təhlükə, az qala, terror təhlükəsi kimi qorxuludur ...
Bir sözlə, izləmək və dinləmək qanuni olmasa da, hər halda, hamı bilir ki, bununla məşğul olurlar. Sadəcə, kimsə sənin bu işlə məşğul olduğunu "ifşa" edirsə, bu, təbii ki, yaxşı hal deyil. "İlişən" ABŞ-dırsa, bu, daha da qəribədir. Üstəlik, ardıcıl olaraq bir neçə dəfə və nümayişkaranə şəkildə. Deyilənə görə, ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramının üzə çıxmasından sonra dövlət sirlərilə işləmək üçün insanların seçimilə məşğul olan US Investigations Services (USIS) şirkətinə qarşı cinayət təhqiqatına başlanılıb.
Sən demə, Snoudenin Booz Allen Hamilton-a işə qəbulu zamanı onun xülasəsindəki informasiyanın həqiqətə uyğun olmadığına nə qurumun özündə, nə də USIS şirkətində diqqət yetiriblər. Məsələn, xülasədə göstərilir ki, Snouden Con Hopkins Universiteti və Liverpul Universitetində oxuyub. Bəs, MKİ bunu necə diqqətdən qaçıra bilər? Tənha mübarizin dünyanın ən güclü xüsusi xidmət orqanlarından birini bu cür barmağına doladığına inanmaq olmur. Belədirsə, Edvard Snouden kimin maraqlarına və hansı məqsədə qulluq edir?
"Region Plyus"