Səfalət, çürüyən ölkə və boğulan "dahi"
9 İyul 2013 17:39
"Bloomberg" agentliyinin hazırladığı reytinqdə Ermənistan dünyanın ən qüsurlu 5 ölkəsi sırasına düşüb. Məlumatı iyunun 27-də "Novosti Armeniya" agentliyi yayıb. Bu ölkə başqa beynəlxalq reytinq və indekslərdə də belə "yüksək" qiymətlər alır. Azərbaycan isə "Gallup International/WIN" assosiasiyasının keçirdiyi son "Qlobal Ümid və Ümidsizlik Barometri" sorğusunun nəticəsinə əsasən, dünyanın ən xoşbəxt 10 ölkəsi sırasındadır. Bu, Azərbaycan və Ermənistana kənardan verilmiş ən son qiymətdir.
Hələ 2008-ci ildə Dünya Bankı Azərbaycanı 1 nömrəli islahatçı ölkə elan etmişdi. Sonradan "The Economist" nəşri onu iqtisadiyyatı sürətlə inkişaf edən 179 ölkə sırasında 2-ci elan etdi. BMT-nin İnsan inkişafı indeksi sahəsində 2011-ci ildə açıqladığı hesabatda isə Azərbaycan 187 ölkə arasında 76-cı idi. Doing Business tərəfindən 2013-cü ildə açıqlanmış hesabatda Azərbaycan 185 ölkə arasında 67-ci pillədə qərarlaşır.
Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan rəqabət qabiliyyətli iqtisadiyyata sahib olan 50 ölkənin sırasına daxil edilib və artıq 4-cü ildir ki, MDB ölkələri sırasında lider mövqeyini qoruyub saxlayır. Bu ilin aprelində "Fitch Ratings" beynəlxalq reytinq agentliyi xarici və milli valyutada Azərbaycanın uzunmüddətli reytinqini BBB- səviyyəsində təsdiqləyərək, ona "sabit" proqnozu verib.
Bir il əvvəl isə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə qaldırıb. O zaman agentliyin açıqlamasında ölkənin reytinq proqnozunun "sabit" olduğu bildirilirdi. "Bu qərarlar iki əsas amillə bağlıdır. Birincisi, dövlətin maddi durumunun getdikcə güclənməsi - bu, özünü Dövlət Neft Fondunda və Azərbaycan Mərkəzi Bankında xarici aktivlərin sürətlə çoxalmasında göstərir. İkincisi, son illər ərzində dövlətin investisiya fəaliyyəti və biznes mühitinin yaxşılaşdırılması istiqamətindəki səyləri, iqtisadiyyatın şaxələndirilməsi sayəsində qeyri-neft sektorunun inkişafı", - "Moody's" agentliyinin açıqlamasında bu barədə bildirilirdi.
Amma, sən demə, beynəlxalq təşkilatların bu qiymətləndirmələrilə heç də hamı razı deyilmiş. Məsələn, Ermənistan prezidenti Serj Sarqsyanın öz iqtisadi hesablamaları var. Və o, bütün beynəlxalq reytinqlərlə, indeks və proqnozlarla ziddiyyət təşkil edir. Sarqsyan Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasındakı çıxışında - Azərbaycanın iflasının qaçılmaz olduğunu bəyan edib. Onun hesablamalarına görə, bu, artıq 2-3 il sonra baş verəcək. Sarqsyan vətəndaşlarına "regionda yeni qüvvələr nisbətinə" hazırlaşmağı da məsləhət görüb. Ermənistan prezidenti deyir ki, "3-4 il sonra regionun mənzərəsi tamamilə dəyişəcək. Biz buna hazır olmalıyıq. Ekspertlər Azərbaycanın artıq 2-3 ildən sonra iflasa uğramasını qaçılmaz sayır".
Sarqsyan Azərbaycanın kredit reytinqini artıran beynəlxalq reytinq agentlikləri, BVF və DB kimi beynəlxalq maliyyə institutlarından daha çox inandığı bu məlumatlı və təcrübəli, sirli ekspertlərin kimliyini açıqlamayıb. Adıçəkilən qurumların ekspertlərinin Azərbaycan iqtisadiyyatının perspektivini kifayət qədər yüksək qiymətləndirdikləri məlumdur. Əvəzində o, "neft və qaz hasilatında xroniki azalmanın yaşanması fonunda qonşu dövlətin rəhbərliyinin yığdığı vəsaiti necə xərcləyəcəyi" haqda düşüncələrini məmnunluqla dilə gətirib. Sarqsyanın fikrincə, bu vəsaitlər məsələn, "nəhəng tikinti proqramlarına, sosial xərclərin ödənilməsinə" xərclənəcək, ən başlıcası isə "alqış qazanmaq üçün dünyanın müxtəlif guşələrinə milyardlar sərf olunacaq".
Açığı, Azərbaycanın aşkar uğurlarının Ermənistan hakimiyyətinin yüksək eşelonlarında hansı hissləri yaratdığını təxmin etmək olar. Bu uğurlar həm sosial sahədə, həm də informasiya müharibəsində ortadadır. Bakının futurizm üslubundakı yeni memarlığı, infrastruktur layihələrinin reallaşdırılması, "Eurovision", dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti axşamları - bütün bunlar yoxsulluq, kriminal azğınlıq içərisində olan bugünkü Ermənistanın reallıqlarına heç bənzəmir.
Bütün bunlara Ermənistan hakimiyyətinin reaksiyası isə "soyuq müharibə" dövrünün sovet təbliğatçılarını və onların "çürüyən kapitalizm" haqqında fikirlərini xatırladır.
Daha bir maraqlı məqam. İrəvanda Serj Sarqsyanın apokaliptik proqnozları ilə Azərbaycan Prezidenti İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə etdiyi çıxışa cavab verməyə çalışdığını gizlətmirlər.
Hətta iş o yerə çatıb ki, "Azadlıq" radiosunun Ermənistan bürosu Azərbaycan Prezidentinin çıxışından bəzi sitatlara yer ayırmağı da vacib sayıb: "Biz Ermənistanı bundan sonra da bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamalıyıq. Bu taktika və bu siyasət öz bəhrəsini verir. Ermənistanın öz rəsmi statistikasına görə, hər il o ölkəni 80-100 min adam tərk edir, özü də həmişəlik. Bu, ölkə iqtisadiyyatının dirçəlmə perspektivini yox edir".
Görünür, elə Serj Sarqsyanı bu qədər qıcıqlandıran da Azərbaycan prezidentinin Ermənistandan əhali axınının faciəvi səviyyədə olmasını xatırlatmasıdır. Ermənistandan əhalinin kütləvi axını yerli hakimiyyətin digər eşelonları tərəfindən də bu cür ağrılı qarşılanır. Bu vəziyyətin yaranmasında kimin günahkar olduğuna dair bitməyən mübahisə "nə etməli?" sualına cavabın tapılmasını çətinləşdirir. Məsələn, Ermənistan parlamentində 2012-ci ilin dövlət büdcəsinin istifadəsinin müzakirəsi cəhdi gözlənilməz diskussiyalara yol açmışdı: müxalifətçi EMK-nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan Levon Ter-Petrosyanın prezidentliyi dövründə ölkədə heç də faciəvi miqrasiyanın yaşanmadığını xatırlatmışdı.
Yəni belə hallar o zaman da olub, lakin bu, yalnız aktiv hərbi əməliyyatlar dövründə qeydə alınıb. Onda da ölkəni əsasən vaxtilə Azərbaycandan köçüb gəlmiş etnik ermənilər tərk edirdilər. Onlar ölkəyə gələrkən hesaba alınmasalar da, Ermənistanı tərk edərkən alınırdılar. Hökumətpərəst KİV isə əminliklə yazır ki, ATƏT-in İrəvan nümayəndəliyinin iştirakı ilə aparılmış sosioloji tədqiqat 90-cı illərdə ölkəni nə az, nə çox - düz bir milyon insanın tərk etdiyini göstərir.
Ekspertlər isə hesab edir ki, Ermənistandan miqrasiyanın faciəvi səviyyəyə çatması heç də "Azərbaycan təbliğatının təxəyyülünün məhsulu" deyil, danılmaz faktdır. Onlar diqqəti o qədər də uzaq keçmişdə olmayan bir hadisəyə çəkir: 2012-ci ilin payızında İrəvanın israrı ilə Ermənistanda Rusiyanın "Həmvətənlər" proqramının icrası dayandırıldı.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Federal Miqrasiya Xidmətinin reallaşdırdığı bu proqram keçmiş SSRİ vətəndaşlarına müəyyən şərtlərə əməl etməklə Rusiyada daimi yaşamaq hüququ verirdi. Proqrama 2006-cı ildə başlanılmışdı və artıq 2008-ci ildə Ermənistandakı rus diplomatlar onun uğurundan bəhs edirdilər.
Lakin 2012-ci ilin oktyabrında Ermənistanın baş naziri Tiqran Sarqsyan açıq şəkildə buna etiraz etdi: İrəvan Rusiyanın "erməniləri çağırmaq" cəhdindən narazıdır. "Bizim siyasi mövqeyimiz belədir: Ermənistanda Rusiya Federal Miqrasiya Xidmətinin "Həmvətənlər" proqramının digər ölkələrdə olduğu formada reallaşdırılması qəbuledilməzdir", - deyə Rusiyanın "Vzqlad" qəzetinin yazdığına görə, T. Sarqsyan bildirmişdi. O, Ermənistan tərəfinin ümumiyyətlə, bu proqramın reallaşdırılmasına razılıq vermədiyini (amma İrəvanın bunu nədən proqramın icrasına başlanıldıqdan 6 il sonra bəyan etdiyi bəlli deyil) də söyləmişdi: "Məsələ bütün səviyyələrdə müzakirə olunub və mövqeyimiz rusiyalı həmkarlarımızın diqqətinə çatdırılıb. Bu, oktyabrın 12-də Ermənistan-Rusiya hökumətlərarası komissiyanın iclasında da müzakirə ediləcək".
Bundan bir il əvvəl Rusiyanın İrəvandakı səfiri Vyaçeslav Kovalenko isə "Azadlıq" radiosunun Ermənistan bürosunun müxbirilə söhbətində Rusiyanın "Ermənistanı ermənilərsiz qoymasına" dair ittihamları rədd etmişdi: "Erməniləri buradan kim aparır? Erməni vətənini tərk etmək istəmirsə, niyə gedir? O, öz ölkəsində yaxşı yaşayırsa, nədən harasa getməlidir? Heç kim heç kəsi heç yana zorla aparmır. İnsanlar öz təşəbbüslərilə gedirlər". Diplomat məsələnin dramatikləşdirilməsinə ehtiyac hiss etməmişdi: "Siyasi kapital qazanmaq istəyən insanlar var. Onların bu hərəkətləri əbəsdir. Hər şey yaxşı olacaq. İnsanlar müvəqqəti gedirlərsə, varlanmağa yox, burada qalanların yaxşı yaşaması üçün gedirlər".
Hər halda, 2012-ci ilin payızında Ermənistanda "Həmvətənlər" proqramının icrası dayandırılıb.
Bu, öz-özlüyündə presedenti olmayan addımdır: beynəlxalq hüquqa görə, dövlət ölkədən çıxış üçün reqlament müəyyənləşdirə bilər. Amma heç bir halda hər hansı başqa dövlətə kimi qəbul etməsi, kimə dəvət göndərməsi, kimi qapıdan qovması ilə bağlı göstəriş verə bilməz.
Beləliklə, proqramın icrası dayandırılıb. Lakin, gözlənildiyi kimi, bu, Ermənistandan miqrasiyanın səviyyəsinə elə də ciddi təsir göstərmədi. Bu ilin yazında Ermənistan parlamentinin EMK fraksiyasından olan deputatı, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində Ermənistanın şimalına səfəri zamanı, Ermənistan-Gürcüstan sərhədində gördüklərilə bağlı təəssüratlarını bölüşmüşdü. O, "yüz minlərlə erməninin Ermənistanı piyada tərk etdiklərini" öz gözlərilə gördüyünü yazırdı: "Son illərdə miqrasiyanın səviyyəsi, həqiqətən də, artıb. Amma mən belə şey görməmişdim". Baqratyan dəhşətli rəqəm aldığını da qeyd edib - aprelin 21-də Baqrataşen buraxılış məntəqəsindən sərhədi 6000 nəfər keçib.
"Grant" jurnalının sahibi Siqrid Rauzinq isə insan haqlarının müdafiəsilə məşğul olan qruplarla görüşmək üçün Ermənistan və Gürcüstana etdiyi səfərindən aldığı təəssüratları Britaniyanın "The Guardian" qəzetində bölüşüb. O da cansıxıcı mənzərə haqda danışıb: "Ermənistanla sərhəddə çay görünürdü. Çoxdan qalmış zibillik qəhvəyi çaydan və boz qalalardan, demək olar ki, seçilmirdi. İçərisindən keçdiyimiz kəndlərin hamısının yarısı boş idi. İmkanı olan ailələr oranı tərk edir. Ailəliklə getməyə imkan olmadıqda isə qadınlar və uşaqlar qalır, kişilər Rusiyadakı əmək miqrantlarına qoşularaq evə cüzi məbləğdə pul göndərirlər. Bu kəndlərdə uşaqların olduğunu bilirəm. Çünki hərdən bu zülmət dünyada yeganə ağ rəng kimi, kəndirlərdə asılmış uşaq paltarları da görürdüm. İnsanlar və mağazalar görmədik. Heç bir başqa avtomobilə də rast gəlmədik".
İnsanları xoşbəxtliyi ölkədən kənarda axtarmağa məcbur edən səbəblər də məlumdur.
Milli Təhlükəsizlik Şurasının elə həmin iclasında Serj Sarqsyan Ermənistan iqtisadiyyatının inkişaf etdiyini söyləsə də, ardınca bir etirafı da səsləndirməli olub: ölkə hələ də böhrandan əvvəlki vəziyyətini bərpa edə bilməyib.
Bu vəziyyətin yaranmasında Ermənistandakı qanunsuzluq atmosferi də az rol oynamır. Hər halda, Zəngəzurun ("Syunik") artıq sabiq qubernatoru Suren Xaçatryanın evində baş vermiş atışma və Qoris şəhər meri postuna namizəd Avetik Budaqyanın ölümü, onun qardaşı, hərbi hissələrdən birinin komandiri Artak Budaqyanın yaralanması ilə nəticələnmiş insidenti şərh edən müğənni və bəstəkar Vaan Artsruni deyib: "Mənəvi dəyərlər artıq qalmayıb, bu, sonda əhalinin hökumətdən, dövlətçilikdən imtinasına aparıb çıxara bilər. Bu qədər cinayətlər fonunda biz nə vaxtadək susmalıyıq? Bu çətin işi həmvətənlərimizin böyük bir hissəsi çox sadə yolla həll edir - çamadanlarını yığaraq ölkəni tərk edirlər".
"Rəsmi məlumata görə, 2012-ci ildə Ermənistanda daimi yaşayış yerindən 49 660 vətəndaş qeydiyyatdan çıxıb. Hansı ki, bir çox erməni rəsmi statistikaya şübhə ilə yanaşır və rəqəmlərin daha çox olduğunu düşünür. Bu göstərici 2011-ci ildə olduğundan demək olar ki, dəyişməz qalıb", - Eurasianet.org "Ermənistan: Avropa İttifaqının qucağı isti olacaqmı?" məqaləsində yazıb: "Milli Statistika Xidmətinin məlumatına görə, 2005-2012-ci illər arasında Ermənistanı 204 min nəfər həmişəlik tərk edib. Bu, 2012-ci ilə əhalisi 2,97 milyon nəfər olan Ermənistanda əhalinin, təxminən, 10%-i deməkdir. Müşahidəçilər isə hesab edir ki, əslində, ölkəni tərk edənlərin sayı rəsmi statistikadan qat-qat çoxdur".
"Gallup International" assosiasiyasının məlumatına görə isə 12 postsovet respublikasından Ermənistanın əhalisi miqrasiyaya daha çox meyillidir: bu ölkədən olan respondentlərin düz 40%-i yaşamaq üçün başqa ölkəyə köçməyi arzulayır.
Ermənistan Sosioloqlar Assosiasiyasının sorğusu isə İrəvan əhalisinin, demək olar ki, yarısının potensial emiqrant olduğunu göstərib. "Regnum" agentliyinin məlumatına görə, bu il mayın 15-25-də aparılmış sorğuda iştirak etmiş irəvanlıların 46%-i Ermənistanı tərk etmək istəklərini dilə gətiriblər.
"Aydındır ki, ölkəni tərk etmək arzusunu dilə gətirənlərin heç də hamısı bunu gerçəkləşdirmir. Amma miqrasiya tempinin artmaqda olduğu faktdır. Hətta rəsmi rəqəmlərə görə, bu ilin ilk dörd ayı ərzində ölkədən gedənlərin sayı 2012-ci ilin analoji dövründəki rəqəmi 10 mindən çox üstələyir. Potensial miqrantların göstərdikləri əsas səbəb isə 4 çatışmazlıqdır: iş, perspektiv, ədalət, yaşayış", - deyə Sosioloqlar Assosiasiyasının rəhbəri Gevork Poqosyan bildirib.
Onun sözlərinə görə, rəyi soruşulanların yarıdan çoxu (52,4%) uşaqlarının Ermənistanda yox, xaricdə yaşamasını arzuladıqlarını birmənalı şəkildə söyləyiblər. Ümumilikdə isə Poqosyan hesab edir ki, Ermənistanda baş verənlər miqrasiya yox, depopulyasiyadır: "BMT-nin son məlumatına görə, dünyada, təxminən 250 milyon miqrant var. Bu, Yer əhalisinin təxminən, 3%-i deməkdir. Ermənistanda isə bu göstərici 30%-ə çatır. Bunu miqrasiya adlandırmaq olmaz. Bu, sadəcə "depopulyasiya"dır".
Beləliklə, qarşımızda iki ölkə, iki prezident və iki mövqe var. Məsələ sadəcə bu iki mövqedəki fərqdə deyil, daha çox onların obyektiv reallıqlara uyğun gəlib-gəlməməsindədir. İlham Əliyevin Ermənistanla bağlı səsləndirdiyi hər bəyanatın arxasında xarici KİV və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş real mənzərə durursa, Serj Sarqsyanın Azərbaycanla bağlı bəyanatları və proqnozları nə reallığa, nə də beynəlxalq strukturların qiymətləndirmələrinə uyğun gəlir.
"Rejion Plyus"