Maska, sənin üzün hanı? - FOTO

4 Noyabr 2014 13:09

"Buraya gələndə yerli kinoteatrın yanından keçdim və anladım ki, məni səbirsizliklə gözləyirsiniz - çünki afişada "Mumiya gəlir" yazılmışdı" (Marqaret Tetçer)

Siyasətçilər həmişə yazıçıları ittiham edirlər ki, onlar real həyatdan uzaqdırlar: amma bir para siyasətçilər anlamırlar ki, onların sözləri reallığı yalan kimi göstərir.
 

Avropa Şurasının baş katibi Turbyörn Yaqland 1996-1997-ci illərdə Norveçin xarici işlər naziri postunda çalışanda ölkə mediasında o, dəfələrlə boş vədlərdə suçlanmışdı. 1992-2002-ci illərdə Norveç Fəhlə Partiyasının sədri olmuş bu şəxs sonralar, 2005-2009-cu illərdə stortinqin prezidenti, yəni ölkə parlamentinin spikeri olanda da bir neçə dəfə illüziya və ehtimallarını gerçək kimi qələmə verməyə çalışmışdı.
 

Xislət etibarilə fəndgir və çox ehtiyatlı siyasətçi kimi tanınan 64 yaşlı Turbyörn Yaqland 2009-cu ildən bəri Norveç Nobel Komitəsinə də rəhbərlik edir.


 

Yəni cənab Yaqland yetərincə nüfuzlu, Norveçlə yanaşı, Avropa Birliyindəki siyasi proseslərə müəyyən təsir imkanlarına malik insandır və bu, illüziya yox, reallaqdır.
 

Lakin elə həmin bu cənabda, görünür, növbəti siyasi oyun həvəsi baş qaldırıb və o, Britaniya Mühafizəkarlar Partiyasının mövqeyinə təsir etmək qərarına gəlib.
 

Britaniyalı "tori"lərin rəhbərlərindən biri, ədliyyə naziri Kris Qreylinq bəyan edib ki, 2015-ci ildə keçiriləcək parlament seçkilərində onun partiyası qalib gələrsə, "Dumanlı Albion" Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsini tərk edəcək.
 

K.Qreylinq bu qurumun effektivliyinə inanmadığını və sadəcə, "fəaliyyət naminə fəaliyyət"lə kifayətlənərək aktivlik görüntüsü yaratdığını bəyan edib.
 

Eyni zamanda, rəsmi Londonda bu məhkəmənin indiki sədri T.Yaqlandın fəaliyyəti ilə bağlı narazılıq da var.
 

Siyasətin yazılmamış qanunlarına görə, belə situasiyada ittiham olunan şəxs işinin adekvat olduğunu arqumentlərlə sübut etməli, suçlamaların əsassız olduğunu faktlara əsasən nümayiş etdirməli və iddiaların məntiqsizliyini göstərməlidir.
 

Hərgah o siyasətçi məntiqlidirsə.
 

Fəqət, ittiham edilən şəxs Turbyörn Yaqlanddırsa, o, Norveç stortinqindəki dönəmini və o vaxtlardakı "siyasi gediş"lərini yada salaraq zərbəni özündən yayındırmaq üçün səhnəyə heç dəxli olmayan subyekti çıxarmağa çalışmalıdır.
 

Belə də oldu.
 

Britaniyanın nüfuzlu The Guardian qəzetinin dünənki sayında Azərbaycan haqqında  məqalə ilə çıxış edən T.Yaqlandın məntiqinə görə, Britaniya Avropa İnsan Haqları Məhkəməsini tərk edərsə, Azərbaycanda çox pis vəziyyət yaranacaq.
 

Yazıda absurd elə başlıqdan başlanır. Azərbaycanda vəziyyətin Britaniyaya nə dəxli var? Ölkəmiz Londonun sabiq müstəmləkələrinin bir qisminin birləşdiyi "Britaniya Birliyi"nə daxil deyil və Kanadada, yaxud Avstraliya və ya Yeni Zelandiyada olduğu kimi, nominal dövlət başçısı kraliça 2-ci Yelizaveta sayılmır.


 

Bəlkə, Britaniya qəflətən Azərbaycanın metropoliyasına çevrilib, biz də artıq Azərbaycanda yox, Şimali İrlandiyada yaşayırıq, Bakı Belfast olub?
 

Deyəsən, yox.
 

Ola bilərmi ki, Britaniya və Azərbaycan arasında birgə hüquq siyasətinin yeridilməsi, qarşılıqlı yardımlaşma və s. tipli anlaşma imzalanıb, bunu da Yaqland bilir, yalnız indi açıqlamaq qərarına gəlib?
 

Yenə də yox.
 

Bəs belədirsə, onda "O olmasın, bu olsun" filmindəki sakramental "Bəs onda?!..." sualı yada düşür.

Böyük siyasətçi kiçik səhvlər buraxanda o səhvlər avtomatik böyüyür

T.Yaqlandın yazısının ilk cümlələrindən birində vurğulanır: "Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanın 6 aylıq sədrliyi noyabrda başa çatır və o, səlahiyyətlərini Belçikaya təhvil verəcək. 2012-ci ildə Eurovision mahnı müsabiqəsinin Azərbaycan paytaxtında keçirilməsi təki, Nazirlər Komitəsində sədrliyi də Azərbaycandakı qeyri-hökumət təşkilatları və fəallar üçün ölkədə insan haqlarının pozulması ilə bağlı faktlardan daha geniş auditoriyaya bəhs etmək üçün imkandı. Avropanın özündə bu pozuntulara reaksiya isə zəif oldu".
 

Norveçli siyasətçinin məntiqi sıralamasının qüsurlu olduğunu izah etməyə zərurət varmı? Yaqlandın irrasional məntiqinə görə, ölkədəki QHT-lər Azərbaycanın hər hansı tədbirə qatılmasını səbirsizliklə gözləməli, sonra da "daha geniş auditoriya" görən təki narazılıq xoruna başlamalıdır.
 

Velosipedçilərin yarışı, boks çempionatı, kulinariya müsabiqəsi, üzgüçülük turniri də yarayar - təki tədbir olsun?!
 

Daha sonra T.Yaqland Avropa Şurasının insan haqları üzrə ali komissarı Nils Muyjnieksin Bakıya səfərindən və Azərbaycanda olarkən "hüquq müdafiəçilərinə qarşı repressiyalar" barədə qalmaqallı bəyanatından bəhs edir.
 

2005-2008-ci illərdə fəaliyyət göstərən, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupunun fəaliyyətini bərpa edilməsi də yazıda vurğulanıb.
 

Bu təşəbbüsün müəlliflərindən olan T.Yaqland üç həftə əvvəl 80 məhbusun və o cümlədən 4 hüquq müdafəçisinin əfv olunmasından yazır, amma dərhal vurğulayır: "Azərbaycanla əməkdaşlığı dayandırmaq niyyətində deyilik, çünki belə olarsa, Azərbaycanın 9,4 milyon sakinini Avropa İnsan Haqları Məhkəməsinə üz tutmaq imkanlarından məhrum etmiş olarıq".
 

Cənab Yaqland unudur ki, beynəlxalq siyasətdə sözlər əməllərdən daha ağır çəkiyə malikdir. Siyasətçi hansısa əməli edərsə, sonradan bunu etmədiyini, niyyətinin yanlış anlaşıldığını söyləyərək formal qaydada qarşıdurmaya cəlb olunmadan geri çəkilə bilər. Siyasətçi mövqeyini açıqlayandan sonra isə artıq ondan nüfuzu üçün kritik itkilər olmadan boyun qaçıra bilməz. Siyasətçi niyyətini dəqiq açıqlayırsa, oyunu itkilərsiz tərk etmək mümkün deyil.

Çaşqınlıq qəliz məsələdir

T.Yaqlandın yazısından daha bir iqtibas: "Azərbaycanla bağlı situasiya başqa yöndən də mühümdür. Britaniya kimi inkişaf etmiş demokratik ölkələr sırf daxili səbəblərə görə Avropa İnsan Haqları Məhkəməsini tərk etməklə hədələyirlərsə, bu, çox yəqin ki, Avropanın gənc demokratiyalarındakı situasiyaya mənfi təsir göstərəcək. Britaniya mühafizəkarları bilməlidirlər ki, Strasburqdakı məhkəmənin qərarları mütləqdirsə, bəzi hallarda məşvərət təsiri bağışlaya bilər. Sülh və stabillik üçün Avropa liderləri qanunlara riayəti Avropa səviyyəsində pisləməli yox, təqdir etməlidirlər".
 

Daha bir mizantropiya, məntiqi dissonans. Yaqland qanunlara riayəti istəyir, yoxsa təqdiri? Bundan başqa, Britaniya siyasətçiləri nə zaman və harada qanunlara riayəti pisləyiblər, vətəndaşları anarxiyaya çağırıblar - bilinmir və T.Yaqland da açıqlamır.
 

Əvəzində o, olduqca uğursuz çağırışlar edərək bənzətmələr aparır və Britaniya mühafizəkarlarını, Londonda iqtidarda olan partiyanı dilə tutmaq üçün Azərbaycanı az qala "baş tutmamış dövlət, alınmayan ölkə" (failed state) kimi qələmə verir.
 

T.Yaqland çox təcrübəli, hiyləgər siyasətçi olsa da, çaşqınlığını gizlədə bilmir, Londonun qəfil demarşını anlamadığını gizlətmir və dilətutma vasitəsi kimi Britaniyanı Azərbaycandakı "dözülməz situasiya" ilə qorxutmağa çalışır.
 

Hər şeyi öz adı ilə çağırsaq, belə davranışa siyasi binəvalıq da demək olardı. Fəqət Yaqlanddan fərqli olaraq, siyasi şantajın belə primitiv səviyyəsinə enməyə dəyməz.
 

Turbyörn Yaqlandın məqaləsi bir daha göstərdi ki, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı ekspertlər az, biliksizlik və informasiyasızlığın səviyyəsi çoxdur.

Orxan Hun

Milli.Az