Bəyaz dişlərə necə sahib olmalı?
4 İyul 2013 16:19
Sağlam dişlərə sahib olmaq xəzinəyə sahib olmaq kimi bir şeydir. Əvvəllər "sağlam dişlərim olsun" arzusunda olan insanlar bu gün sağlam olmasa da, olar, yetər ki, daha bəyaz dişlərim olsun deyir. Bəyaz dişlərə sahib olmaq isə çox çətindir.
Hazırda ən tələbatlı sahələrdən biri də stomatoloqdur desək, yanılmarıq. Çünki əvvəllər bu kabinetlər, sadəcə, dişləri ağrıyanların, diş qoyduranların məkanı idisə, bu gün hər yaşdan insanları estetik müayinə və müalicə üçün burda görmək mümkündür. İllər keçdikcə bəyaz dişə olan maraq və tələb də artır.
Stomatoloq Vüqar Ağayevin sözlərinə görə, dişlər də insanlar kimi müxtəlifdir. Anadangəlmə bəyaz dişlərə sahib olan insanlar isə şanslı insanlardır. Bəzən isə genetik olaraq diş rəngləri tünd olaraq doğulan insanlar var. Dişləri anadangəlmə bəyaz olan şanslı insanların sayı olduqca azdır: "Dişləri ağ olan, parıldayan insanların özgüvəni olur. Onlar ətrafdakı insanlara qarşı daha səmimi, daha gülərüz olurlar. Qara rəngə çalan dişlərin sahibləri isə kompleksli olurlar. Hətta bizə müraciət etdikdə belə ağızlarını açmaqdan utanırlar. Diş bəyazlığı anadangəlmə nə rəngdirsə o rəngdən daha bəyaz olmaz. Təbii ki, müdaxilələr edilməzsə. Daim fırçalanan, qulluq edilən, yəni, sağlam yolla bəyazladılan dişlər öz təbii rəngindən daha da ağ olmaz".
Stomatoloq bildirir ki, indi dişlərin zəifləməsinin, tez çürüməsinin, mina qatının yeyilməsinin əsas səbəblərindən biri ev şəraitində edilən prosedurlardır. Belə prosedurlar dişləri zədələyir və diş heç gözlənmədiyi halda ya qırılır, ya da çürüyür: "İlk baxışda dişlər sağlam görünür. Ən rahatı əlinizə güzgü alın və günəşli havada alt dişlərinizə baxın. Diş üstündə saysız-hesabsız çatlar görəcəksiniz. Şüşə çatlaması kimi olan çatlar dişlərin zədələndiyinin göstəricisidir. Xaricən sümük parçası kimi görünən dişlər daxilən çox həssasdır. Evdə edilən prosedur dedikdə çox adam düşünər ki, bu sadəcə diş məcunları ilə dişlərin sürtülməsidir. Bəli, əslində ev şəraitində ən doğru diş baxımı belə olmalıdır. Amma bizim insanlar nə edir? Limonla nişasta qarışımı tətbiq edir. Bu qarışımın tərkibinə duz əlavə edir. Bu çox yayılmış bir haldır. Düzdür, limon dişləri ağardır, amma vurduğu zədə nə dərəcədədir, buna baxan yoxdur. Tək duz kifayət edir ki, dişin minasını cızsın və zədələsin. Ən dəhşətlisi isə qab yumaq üçün istifadə olunan məcunlar, hətta kafel silinən tozlarla da dişlərini bəyazlatmağa çalışandır. Dişini saatlarla limona batırıb elə saxlayanlar da az deyil. Təsəvvür edin, süni dişlərin üst təbəqəsini dağıdan tərkibində kislota olan limon təbii dişlərə necə təsir edər? Daim belə vasitələrdən istifadə etmək diş minasını nazildir, diş ətlərinin yuxarı doğru çəkilməsinə və diş həssaslığının yaranmasına səbəb olur".
Dişlərin bəyazladılması üçün satışda diş qələmləri də var. 10 manatdan satışı başlayan bu qələmlər dişlərin 1 ay içində ağardılmasını vəd edir. Qurulanmış dişlərə sürtülən bu qələm bir müddət qaldıqdan sonra yuyulur və gündə iki dəfə istifadə olunmaqla 1 ay ardıcıl tətbiq edilir. İstifadə qaydalarında heç bir əlavə təsiri olmadığı qeyd olunsa da, uşaqlar və hamilə qadınlar üçün qadağandır xəbərdarlığı da var. Bu da onu göstərir ki, belə qələmlər əslində göründüyü kimi məsum deyil. Belə qələmlərin istifadəsinə yol verilməməlidir deyən həmsöhbətimiz əlavə edir ki, gün ərzində 5-6 stəkan çay, yaxud kofe qəbul edən insanlar dişlərini heç cür bəyaz saxlaya bilməzlər: "Biz dişləri bir necə prosedurla ağarda bilirik. Amma etiraf edirəm ki, hətta bizim tətbiq etdiyimiz üsullar belə dişləri zədələyir. Çünki biz də maddələrdən istifadə edirik, dişə təsir göstəririk. Bu bəyazlatmadan sonra da çay və qəhvə içilməsi dişləri yenidən qaralda bilər. Ən yaxşı və ən təbii üsul dişlərin evdə normal, necə deyərlər alman dəqiqliyi ilə təmizlənməsidir. Bəyaz dişlərin qızıl qaydası budur: Gündə 2 dəfə 2 dəqiqədən az olmamaq şərti ilə sərt fırça ilə və noxud böyüklüyündə məcundan istifadə edərək dişlərin fırçalamaq və çay, qəhvə, şirin qazlı içkilərdən uzaq durmaq. 1 ay mütəmadi bu qaydadan istifadə edənlər heç bir əlavə müdaxiləyə ehtiyac qalmadan bəyaz dişlərə sahib ola bilərlər. Diş rəngi bir gündə, ya bir həftədə açılmaz. 1 ton açmaq üçün 3 həftə daim qulluq etmək lazımdır".
Stomatoloq sərt fırçalardan istifadə zamanı da ehtiyatlı olmağı məsləhət görür. Bildirir ki, sərt fırçalar dişlərin ətinin yuxarı çəkilməsinə səbəb olur, yumşaq fırçalar isə dişləri ağartmır və təmizləmir. Seçim və istifadə də diqqət tələb edir. Diş məcunları alarkən belə diqqətli olmaq lazımdır. Ağartmağı vəd edən diş məcunlarında da istifadədən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Ən yaxşısı isə ftorlu və sadə diş məcunlarıdır.
Ekspress.az