Qız evinə verilən "başlıq parası"

3 İyul 2013 18:20
Əvvəllər toy ərəfəsində oğlan evinin qızın valideynlərinə verdiyi "başlıq parası" kimi adət-ənənəyə bu gün də bəzi bölgələrdə rast gəlinir. İctimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan "başlıq parası" kimisinə görə vacib yerinə yetirilməsi adət sayılırkən, kimisinə görə isə quldarlıq dövrünün qalığıdır.

Şəhər sakini Səkinə Quliyeva "başlıq parası"nın lehinədir. O düşünür ki, ananın haqqının ödənilməsi vacibdir. Burda heç bir qız satılmağından söhbət gedə bilməz: "Biz tərəflərdə, Masallıda buna süd pulu deyirlər. Oğlan evi qız evinin təyin etdiyi qədər pulu qızın anasına verir. Qıza verilən halal süd müqabilində qızın halallığını alır. Təəssüf ki, insanlar belə adətlərdən qurtulmaq istəyir, amma hər adətin öz yeri var. İndi süd puluna valideyn qızını satır deyirlərsə, onda valideyn niyə qızına dünya qiymətində cehiz verir? Bu da o deməkdir ki, valideyn qızını verib üstündə də nə yaxşı qızımı aldınız deyir? Absurd fikirdir. Bu, sadəcə süd pulunu vermək istəməyən insanların bəhanələridir. Ona qalsa, bütün adətlərimizə bir qulp qoyub aradan çıxarmaq mümkündür".

Bəzi regionlarda "başlıq pulu" qəbul etmərik deyən toy sahibləri bunu digər bir adətlə əvəzləyirlər. Məsələn, Astarada başlıq pulu əvəzinə qız evi böyük bir siyahı hazırlayıb oğlan evinə təqdim edir. Bu siyahıda isə heç bir detal əskik qalmır. Siyahını almayan oğlan evinə isə qız verilmir.

"Başlıq parası", yaxud süd pulu tək Azərbaycana xas olan bir adət deyil. Qardaş ölkə Türkiyədə də geniş yayılan "başlıq parası" olmadan toy demək olar ki, keçirilmir. Ucuz "başlıq parası" 1000 lirə (təxminən 500 manat), baha "başlıq parası" isə bəyin könlündən keçən qədər olur. Tacikistanda isə "başlıq parası"nı daha ağır bir adət əvəzləyir. Oğlan evi qız anasına onu böyüdüb, tərbiyəli gəlin yola saldığı üçün qızın özü ağırlığında qızıl verməlidir.

Vəkil Anar Qeybullayevin sözlərinə görə, boşanan cütlüklərin əksəriyyətində anlaşılmazlığın əsas səbəbi elə pul məsələləridir: "Ailə bir dövlətdir məsəlini heçə endiriblər. Artıq bu dövlətə rüşvət də daxil olursa, dövlət çökməyə məhkum olur. İki gənc ailə qurursa burda artıq süd pulu, el pulu, oba pulu kimi məsələlər olmamalıdır. Əvvəl boşanan cütlərdə "xasiyyətimiz tutmur" deyilirdisə, indi pul söhbətləri yığışmır. Ümumiyyətlə, düşünürəm ki, adətləri bir kənara qoymaq lazımdır. Şəxsi müşahidəm son zamanlar mənə göstərir ki, qız evi, oğlan evi ayrımı etməyən və əl-ələ verib bir ev yaratmağa çalışan insanlar daha xoşbəxt ailə sahibi olur, nəinki nə yolla olur-olsun qarşı tərəfdən maddi baxımdan daha üstün olaraq toyu yola vermək istəyən ailələr".

Psixoloq Gülnarə Vəliyeva bildirir ki, "başlıq parası"na münasibət birmənalı olmadığına görə, insandan insana bu adətin həyata keçirilmə məqsədi dəyişir. Kimisi "başlıq pulu"nu sadəcə qızı böyütdükləri üçün təşəkkür məqsədi ilə verirsə, kimisi də qızı qul kimi aldığını zənn edir. Süd pulunu, ana haqqını ödəmək isə qeyri-mümkündür: "Problem o vaxt baş qaldırır ki, iki ayrı regionun gənci ailə qurmaq istəyir. Qız evi başlıq istədiyi zaman, oğlan evi "bizim belə bir adətimiz yoxdur" deyir. Hələ qurulmamış ailənin ilk söz-söhbəti də elə burdan başlayır. Əgər "başlıq pulu" deyilən bir anlayış varsa və insanlar tərəfindən həyata keçirilsə bunun konkret miqdarı olmalıdır. Onda bu alver və qızın qul kimi satılması da sayılmaz. Amma əgər "başlıq pulu" qızın yaşına, təhsilinə, diplom sayına və s. bu kimi məsələlərə görə hesablanıb kəllə-çarxa çıxarılırsa demək, burda heç bir haqq ödənişindən söhbət getmir. Rayon var ki, "başlıq pulu" 2000 manatdır. Burda hansı haqdan söhbət gedə bilər? Aran rayonlarında bir başqa formada pul verilir. Burda artıq pul "başlıq pulu" kimi deyil, oğlan evinin qız evinə qız toyu etmək üçün verdiyi pul kimi adlandırılır".

Əslində istər qız olsun, istərsə də oğlan, valideyn üçün hər ikisi dəyərlidir. Onların xoşbəxtliyi üçün isə bəydən pul almaq yerinə əksinə, bəyə kömək etmək lazımdır. Dində belə, iki gəncin evlənməsi üçün onlar qarşısında qoyulan maneələrə səbəb olmaq böyük günahdır.

Ekspress.az