"Belə gənclərin qədrini bilmək lazımdır..."
30 İyul 2013 02:00
Kinooperator Nadir Mehdiyev Kinooperatorlar Gildiyası, əcnəbi kinooperatorlar, tələbəlik illəri, müharibə və kino haqqında Milli.Az-a danışdı.
- Bu gildiya çoxdan yaranmalıydı. Yaxşı ki, biz dörd nəfərin - Rafiq Quliyev, Kənan Məmmədov, Nizami Abbas və mənim təşəbbüsümüzlə gildiyanı, nəhayət ki, yaratdıq. Rusiyada, məsələn, kinooperatorların gildiyası 90-cı illərin sonlarında yaranıb.
- Operatorluq məktəbimizin yeni nəslinin nümayəndəsi olaraq gildiyadan nə gözləyirsiniz?
- Məqsədimiz öz operatorlarımızın potensialının maksimum dərəcədə istifadəsinə nail olmaqdı. Təəssüf ki, indi xaricdən daha çox operator dəvət edirlər. Heç olmasa, peşəkarları, yüksək ixtisaslı, işinin ustası olan operatorları çağırsalar, biz də onlardan nəsə öyrənərik. Amma dəvət olunanların, demək olar ki, hamısı heç orta səviyyəli operator deyillər. Ona görə də sual yaranır ki, əgər onlar bizdən yaxşı deyillərsə, niyə rejissorlarımız elə bizimlə işləmək istəmirlər? Əcnəbi operatorları yalnız görüntü xatirinə dəvət edirlər. Rejissorlarımız elə zənn edirlər ki, əcnəbi operatorlar onların əvəzinə filmin baxımlılığını qaldıracaqlar. Kinonun inkişafını istəyiriksə, öz operatorlarımızdan istifadə etməliyik. Onsuz da, həm müvafiq ali təhsili, həm də o təhsilə uyğun təcrübəsi olan operatorlarımız azdı. Peşəkar təhsil almış operatorların əksəriyyəti bacarıqlarını göstərməyə meydan tapmadıqlarından telekanallara üz tutublar. Mən özüm də 90-cı illərdə televiziyaya getmişdim. 2000-ci ildən kinostudiyaya qayıtmışam.
- Hələlik son işiniz Elxan Cəfərovun "Dolu" filmində baş tutub. Söz düşmüşkən deyim ki, həmin film sırf rejissor yozumu və operator işi üzərində qurulub. Hətta bu, cəhət və dialoqların, replikaların zəifliyi o dərəcədə qabarıqdır ki, filmin səssiz olmaması təəssüf doğurur.
- Sadəcə, bizim tamaşaçı vizual effektlərin bu tərzdə həll olunduğu belə filmlərə öyrəşməyib. Həm də ssenari üzərində işləmək üçün vaxt çatmadı. Hazırlıq prosesi 10-12 ay olmalıdı. Yoxsa təbii ki, indi belə təəssüratla qarşılaşmazdıq. Üstəlik texniki səviyyəmiz də hələ də aşağıdı, mono üsulu ilə işləyirik.
- Kinooperator və kinorejissor Hüseyn Mehdiyevin ailəsində dünyaya gəldiyiniz üçün peşə seçiminiz, yəqin ki, qeyri-ixtiyari baş verib?
- Bu, doqquzuncu sinifdən sonra baş verdi. O yaşa qədər isə astrofizikaya həvəsim var idi. Doqquzuncu sinifdə olanda Rafiq Quliyevin çəkdiyi bir filmin çəkiliş meydançasına düşdüm. Fotoaparatla o qədər müxtəlif görüntülər çəkdim ki, bir müddətdən sonra fotoaparatdan ayrıla bilməyəcəyimi anladım. Sonra "Ölsəm, bağışla" filmində işlədim. Beləliklə, astrofizika arxa plana keçdi. Yaradıcılıq həvəsi dəqiq elmlərə olan marağa üstün gəldi. Azad yaradıcılıq böyük xoşbəxtlikdi, bu, hər kəsə nəsib olmur.
- Moskvadakı təhsil illəri sizə nə verdi?
- Ooo, Moskvadakı təhsil illəri ayrı aləm idi. Baxışları, zövqləri uyğun insanların, üstəgəl müxtəlif mədəniyyətlərin bir arada olması çox maraqlı idi. Ən əsası isə tələbələrin sənətə, peşəyə yiyələnmələri üçün hər bir şərait yaradılırdı. Üçüncü kursdan müstəqil işlərimiz olurdu. Müzakirələrdə tələbə yoldaşlarımız da iştirak edirdilər. Bu isə prosesə əlavə maraqlılıq verirdi. Ümumiyyətlə, "VGİK"də tədris məkanından daha artıq bir ab-hava var idi. Orada əsas şərt tələbələrin mühazirələrdə davamiyyəti yox, institutun divarları arasından çıxıb operatorluq bacarıqlarını inkişaf etdirmək vərdişinə yiyələnmələri əsas götürülürdü.
Bizə "Mosfilm"də və "Lenfilm"də təcrübə keçmək imkanı yaradılanda mən "Lenfilm"i seçdim, çünki "Mosfilm"lə artıq tanışlığım var idi. Düz üç ay "Lenfilm"də tam sərbəst təcrübə keçdik. Kinostudiyanın hansı qapısını açsaydıq, hamısında bizi gülər üzlə qarşılayırdılar, suallarımıza həvəslə cavab verirdilər. Moskvadakı təhsil illəri mənə çox şey verdi. Təəssüf ki, bizdə belə məktəb hələ yoxdu. Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq fakültəsi heç on il deyil açılıb. Mən özüm də bir neçə il orada dərs dedim, amma gördüm ki, tam mənada operator hazırlamaq üçün heç bir şərait yoxdu, pedaqoji fəaliyyətimə son qoydum. Axı yalnız nəzəriyyə ilə necə gələcək operator hazırlamaq olar? Onların mütləq aldıqları nəzəriyyəni təcrübədə tətbiq etmək imkanı olmalıdı.
- Bəs gənclərin bu sahəyə marağı, həvəsi hansı səviyyədədi?
- Bu sarıdan şikayətlənməyə əsas yoxdu. Həvəsi və bacarığı olan gənclər kifayət qədərdi. İndiyə qədər bura, kinostudiyaya gəlib müəllimliyə qayıtmağımı xahiş edirlər. Belə gənclərin qədrini bilmək lazımdı. Ən azı ona görə ki, yaşı otuzdan aşağı olan operatorumuz yoxdu.
- Perspektivdə hansısa kinolayihəniz var?
- Elxan Cəfərovla daha bir film çəkmək niyyətindəyik. Bildiyiniz kimi, 2015-ci ildə Böyük Vətən Müharibəsindəki qələbənin 70 illiyi qeyd olunacaq. Azərbaycanın bu qələbənin əldə olunmasında müstəsna xidməti olduğu üçün bunu kino dili ilə də bildirməyimiz vacibdi. Qərara alınıb ki, Danial Abdullayev haqqında tammetrajlı bədii film çəkək. Filmin ssenarisini yazmaq "Brest" filminin ssenari qrupunun rəhbəri Konstantin Vorobyova həvalə edilib. Ssenarinin ilkin variantı bizim kinostudiyanın bədii şura üzvlərinin ürəyincə olmadığı üçün yenidən yazılacaq. Bəziləri hesab edir ki, bizim Böyük Vətən Müharibəsi haqqında film çəkməyimiz, ümumiyyətlə, lazımsız işdi, deyirlər ki, "Uzaq sahillərdə" filimimiz var, bəsdi, biz indi Qarabağ Müharibəsi haqqında film çəkməliyik...
- Məncə, Böyük Vətən Müharibəsinin mövzusunu fon kimi istifadə edib Qarabağ Müharibəsindəki mövqeyimizi daha üzvi şəkildə ifadə edə bilərik.
- Əlbəttə. Əvvəla, "Uzaq sahillərdə" filmini Tofiq Tağızadə düz 55 il bundan əvvəl çəkib və bu, kinematoqrafımızda ön cəbhəni əks etdirən az sayda filmlərimizdən biri, bir çox cəhətlərinə görə isə demək olar ki, bu mənada yeganə dolğun filmdi, məncə. İkincisi isə, Qarabağ Müharibəsində bizim haqlı olduğumuzu dünyaya göstərmək üçün də Böyük Vətən Müharibəsi mövzusu, doğrudan da, köməyimizə çata bilər. Çünki elə Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərib şöhrət qazanmış bir çox azərbaycanlıların övladları Qarabağ Müharibəsinin qəhrəmanları olublar. Belə faktları mütləq kinoya gətirməliyik. Mən özüm əsgərliyə könüllü getmişəm, Qarabağ Müharibəsinin də mahiyyəti mənə yad mövzu deyil.
- Bu məqamda mərhum Pyotr Todorovskini xatırladım. Axı o, Rusiya kinematoqrafında müharibə iştirakçısı olan sonuncu şəxs idi. Bizim kinematoqrafda da Qarabağ Müharibəsini gözü ilə görmüş şəxslərin nəsli var. Orada gördükləriniz baxışlarınıza necə təsir etdi?
- Qarabağ Müharibəsini gözü ilə görmüş kinematoqrafçılarımızdan danışanda birinci növbədə Nizami Abbasın adı çəkilməlidi. O, əsl mənada hərbi kinematoqrafçıdı, çünki döyüşlərin bilavasitə iştirakçısı olub. Mən hərbi verilişlərin hazırlanmasına cəlb olunduğum üçün bütün döyüş bölgələrində olmuşam. Orada gördüklərim bütün dünyagörüşümü dəyişdi. Çox simalar görmüşəm. Məsələn, Murovdağda çox çətin şəraitdə, şaxtanın qabağında mövqelərini tərk etməyi ağıllarına belə gətirməyən, əsl mənada cəsur əsgərlər görmüşəm. Bütün bunlar imkan verdi ki, "Dolu" filmində bu mövzunu maksimum dərəcədə realist tərzdə çatdırım.
Samirə Behbudqızı
Milli.Az