Windows 8.1-in ilk versiyası buraxıldı

27 İyun 2013 21:40
Windows 8.1 Windows 8 əməliyyat sistemi üçün yenilənmədir və ƏS-də mövcud olmayan funksiyaları özündə birləşdirir. Belə ki, yeni sistemdə iş masasının panelinə Start düyməsi geri qaytarılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Start düyməsi Windows 7-də və əməliyyat sisteminin daha əvvəl buraxılan versiyalarında olduğu kimi işləmir. Düyməyə basan istifadəçi Start menyusunu görməyəcək. Bunun əvəzinə isə sistemin köklənməsindən asılı olaraq, ya Canlı plitkalı Start ekranı, ya da kompüterdə quraşdırılan bütün proqramların siyahısı açılacaq.

Microsoft axtarış funksiyasını da təkmilləşdirib. İndi funksiyanın köməyi ilə kompüterdə təkcə faylları və proqramları deyil, həm də Bing axtarış sistemi vasitəsilə internetdə məlumat axtarmaq olar. Bundan əlavə, SkyDrive-da və əlavə tərtibatçıların icazə verəcəyi təqdirdə əlavələrdə axtarışın aparılması dəstəklənir.

Windows 8.1-də Canlı plitkalar Windows 8-də olduğu kimi ikiölçülü deyil, dördölçülüdür. İndi onları idarə etmək daha asandır, çünki plitkaları ayrı-ayrı deyil, qrup şəklində bir yerdən digər yerə köçürmək mümkündür. Hazırda bir ekranda eyni vaxtda 4-dək Metro əlavənin açılmasına icazə verilir. Həmçinin əlavələrin pəncərələrinin ölçülərini dəyişmək olar.

Sistemi Microsoft saytından və ya Windows Store mağazasından yükləmək mümkündür.

Milli.Az