Amerikalı casus Moskvaya gəlir, özü də kimlə...

23 İyun 2013 15:59
Milli.Az İnterfax-a istinadən bildirir ki, Snouden bu gün Honkonqdan Moskvaya uçur.

Bu barədə "Saut Çayna Morninq Post" yazıb. Nəşrin məlumatına görə, Snouden "Şeremetyovo" hava limanına "Aeroflot"un SU123 kommersiya reysi ilə gəlir. Təyyarənin yerli vaxtla 17:15-də aeroportda olacağı bildirilir. "Saut Çayna Morninq Post" həmçinin bildirir ki, çox güman ki, Moskva Snoudenin qalacağı yer olmayacaq.  

Honkonq rəsmiləri FTB-nin sabiq əməkdaşının başqa ölkəyə qanuni əsaslarla getdiyini təsdiqləyiblər. "Bu gün Snouden öz istəyilə Honkonqdan üçüncü ölkəyə, qanuni olaraq gedib", - Honkonq hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Snoudenin yaxınlarından biri isə İnterfax-a bildirib ki, Snouden Moskvadan tranzitlə Kubaya gedəcək. Ancaq həmin şəxs bildirib ki, son qərar yenə də Snoudenindir: "Moskvadan onun dəqiq haraya uçacağı bəlli deyil, bəlkə də, Rusiyada qalmaq istədi".

Bu arada RF prezidentinin sözçüsü Dmitri Peskov Snoudenin hərəkəti ilə bağlı situasiyanı şərh etmək istəməyib: "Onun planları barədə məlumatım yoxdur".

"Şeremetyevo"nun polis əməkdaşları Snoudeni həbs etmək niyyətində deyillər. "Həmin vətəndaşla bağlı bizə heç bir əmr daxil olmayıb. Ancaq Rusiya ərazisində olmaq üçün onun müvafiq vizası olmalıdır", - aeroportun polis şöbəsindən bildiriblər.

İnterfax bildirir ki, Snoudenlə birlikdə Moskvaya Wikileaks-in hüquq məsləhətçiləri də uçurlar. Bu barədə Wikileaks-in Twitter-dəki rəsmi səhifəsində yazılıb.

Milli.Az